”Söyüş müxalifəti bir çox halda elə iqtidarın bəzi nümayəndələri tərəfindən idarə edilir”

Ölkədə vəziyyət elədir ki, hakimiyyətin iradəsi, istəyi olsa da, olmasa da, islahatlar qaçılmazdır.

Source: Meydan.TV


Azər Rəşidoğlu: ''Hakimiyyət gözəl anlayır ki, bu cür idarəçilik fiaskoya aparır''


Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu yaxınlarda yerli mediaya müsahibəsində bildirib ki, mühacirlər istədikləri vaxt vətənə dönə bilər. Onlar üçün hər hansı bir təhlükə yoxdur.


Bu bəyanatdan az keçməmiş Azərbaycanda mühacirlərə qarşı kampaniya başladıldı. Almaniyada yaşayan mühacir, bloqer Tural Sadıqlı barәsindә cinayәt işi açıldığını dedi. Avropada yaşayan bir çox siyasi mühacirin Azərbaycanda yaşayan qohumlarına qarşı təzyiqlər artdığı haqda məlumatlar yayıldı. Siyasi mühacirlərin qohumları hədələndi, polisə aparıldı. Video-bloger Qabil Məmmədovun bütünlüklə ailə üzvləri Tovuz rayon polis şöbəsinə aparıldığı deyildi. Q.Məmmədovun sözlərinə görə, bütün ailə üzvlərinə ondan məcburi imtina sənədi yazdırıblar. Digər siyasi mühacirlər Mübariz Kərimovun bacısı oğlu və Səbuhi İsmayılovun anası işdən çıxarılmaqla təhdid olunublar. Siyasi mühacir Əli Məmmədovun da qohumları Yevlax polisinə çağırılıb. Məcid Mehdilinin isə atasına Sabunçu rayonu 13-cü polis bölməsindən telefon edərək deyiblər ki, mayın 10-da Berlində keçirilən mitinqdə Məcidin iştirakına görə ona sonuncu xəbərdarlıq edilir. Bu barədə məlumatı Demokratik Azərbaycanı Seç (DAS) təşkilatı yayıb. Ümumilikdə məlumata görə, son günlər təşkilatın 47 üzvünün qohumlarına təzyiq göstərilib.


Bundan başqa, hakimiyyətə yaxın olan mediada siyasi mühacirlərə qarşı təhqir, böhtan, aşağılayıcı mövzularda materiallar yayımlanır.


Bəs görəsən nə baş verir? Niyə Səməd Seyidov mühacirlər haqqında bəyanat səsləndirdikdən sonra onlara qarşı kampaniya başladılıb? Bu kampaniyanın arxasında kimlər və hansı məqsədlər dayanr?


Siyasi şərhçi Azər Rəşidoğlu mövzu ilə əlaqədar suallarımızı cavablandırıb.


– Azər bəy, deputat Səməd Seyidov mediaya açıqlamasında bildirmişdi ki, mühacirlər vətənə dönə bilərlər. Amma bunun arxasınca biz Azərbaycanda mühacirlərə qarşı kampaniyanın şahidi oluruq. Nə baş verir?

– Səməd Seyidov Azərbaycanın AŞPA-ya nümayəndə heyətinin rəhbəridir və gözəl anlayır ki, islahatlar, yumşalma həyata keçirilməzsə, rəsmi Bakının vəziyyəti yaxşı olmayacaq.

Əslində, ağıllı insanların hər biri dərk edir ki, proseslər bu səpkidə davam edərsə, hakimiyyət və ölkə üçün heç də yaxşı olmayacaq. Səməd Seyidov illərdir dolayısı ilə də olsa, həyəcan təbili çalır və hakimiyyəti inandırmağa çalışır ki, yumşalma siyasəti aparılmalıdır, artıq işlər belə getmir, ciddi islahatlara ehtiyac yaranıb. İslahatlar isə korrupsiyalaşmış, “asıb-kəsmək”dən başqa heç bir şey “qabiliyyət” nümayiş etdirə bilməyən komanda üçün fiasko anlamına gəlir. Bu səbəbdən də Səməd Seyidovun mesajından sonra “köhnələr” öz aqressiyalarını daha ifrat formada büruzə verməyə başladılar.

Bu aqressiya əslində, mühacirlərə qarşı deyil, məhz ölkə rəhbərinə və yumşalma kursuna qarşı aparılan açıq təbliğat idi.

Baş verənləri obyektiv dəyərləndirsək, görünən odur ki, prezident korrupsiyaya uğramış komandasının hikkəsindən asılı vəziyyətə düşüb.



Sizcə, mühacirlərə qarşı aparılan kampaniyanın arxasında hansı məqsədlər dayanır? Və bunu edən kimlərdir?

– Əvvəlcə, bu sualdan başlayaq ki, mühacirlər özləri kimdir? Ukraynanın yeni prezidentinin təbiri ilə desək, bu insanlar Azərbaycan hakimiyyətinin kobud səhvlərinin nəticəsidir. İllər ərzində yol verilən səhvlər bu ekstravaqant simaları meydana çıxardı.

Əslində, bəzi hallarda mühacirlərə qarşı aparılan kampaniyanın arxasında elə onları gündəmə gətirən, “arxa bağça”dan onlara maliyyə və kompromat ötürənlər durur.

Mühacirləri də eyniləşdirmək düzgün olmazdı. Onların arasında Rauf Mirqədirov kimi güclü analitik də var, küçə söyüşləri ilə tanınan, ictimai əxlaqı olmayanlar da. Lakin fokuslar Mirqədirova deyil, hansısa söyüş yağdırana yönəlir. Bu, təsadüfdürmü? Əlbəttə ki, deyil.

Həmin söyüş müxalifəti bir çox halda elə iqtidarın bəzi nümayəndələri tərəfindən idarə edilir. Sabah bəlli olsa ki, xaricdən yayımlanan hansısa radikal müxalifət TV-si hansısa nazirin pullarının hesabına fəaliyyət göstərirmiş, buna qətiyyən təəcüblənmərəm.


– Mühacirlərə qaşı cinayət işi açmaq, onları beynəlxalq axtarışa vermək, onların burda olan ailə üzvlərini, yaxınlarını, qohumlarını incitmək, əllərində olan media vasitəsilə həmin şəxsləri təhqir etmək bunu edənlərə nə verir? Bütün bunlarla həmin mühacirləri susdura biləcəklərmi, yoxsa əksinə?

– Vurğuladım ki, söyüş müxalifəti rolunu oynayan bəzi mühacirlər iqtidarın kobud səhvlərinin nəticəsdir. Onlar səbəb deyil, nəticədir. Demokratik müxalifəti, vətəndaş cəmiyyətini, mətbuatı tamamilə məhv edən iqtidar radikal müxalifət qazanmalı idi. Hakimiyyət dini fəalları da sıradan çıxarıb və eyni zamanda, siyasətlə məşğul olan insanların etiraz haqqını əlindən alıb. Siyasətə söyüşü elə iqtidar gətirib. Müxalifət və ictimai fəalların özlərini və ailələrini təqib və təhqir etdiriləndə düşünmək lazım idi ki, bütün bunlar bumeranq effekti verəcək. Mühacirlərin, daha doğrusu, söyüş müxalifətinin ailəsinin təqibi də düşünülmüş ssenari üzrə həyata keçirilir.

Bu, yalnız qorxu mühiti formalaşdırmaq üçün edilmir. Bütün bunların alt qatında prezident Əliyevin beynəlxalq imicini ləkələmək cəhdləri durur və bunu islahatlara qarşı olan köhnəlmiş komanda edir. Onlar mühacirləri təhqir elətdirəndə anlayırlar ki, söyüşlər ölkə başçısı və onun ailəsinə yönələcək. Əslində, bunu şüurlu şəkildə həyata keçirir və prezidenti şantaj edirlər. Yəni, təqiblər mühacirləri susdurmaq üçün deyil, onları daha da aqressivləşdirmək üçün edilir. Burada məqsəd prezidenti mühacirlərin vasitəsilə şantaj etməkdir və buna yüksək səviyyədə nail olurlar.


– Bu arada prezidentin Brüsseldə qaldığı otelin qarşısında bir qrup mühacirin etdiyi aksiyadan sonra bu kampaniya intensivləşib. Bir qrup düşünür ki, həmin aksiya prezidenti qəzəbləndirib və bu kampaniya birbaşa prezidentin göstərişi ilə edilir. Başqa bir qrup isə düşünür ki, məhz həmin aksiyadan sonra prezidentə qarşı olan hakimiyyətdaxili qrup bundan istifadə edərək, mühacirlərə qarşı kampaniya aparır, çünki bütün bunlar prezidentin adına yazılır. Sizcə, bu versiyaların hansı daha məntiqlidir?

– Bütün bu aqressiyanın və təqib kampaniyasının arxasında islahatlara, yumşalmaya mane olan köhnə qvardiya dayanır. Onlar ölkəni ciddi vətəndaş qarşıdurmasına sürükləməklə özlərini sığortalamaq istəyirlər. Bəzi hallarda, söyüşçüləri elə həmin köhnə komandanın özü idarə edir. Hakimiyyətdaxili savaşın miqyası genişləndikcə, mübarizəni söyüş müstəvisinə çəkənlərin sayı da artır.

Belə bir suala cavab axtarmaq lazım gəlir – münasibətlər niyə "söyüş müstəvisi"nə transfer elədi? Sivil mübarizə üçün heçmi yer qalmadı? Rus dilində belə bir ifadə var – "pабота над ошибками". Buraxılan səhvlərin emosiyasız təhlili, səhvlərin düzəldilməsi istiqamətində iş, özünütənqid. İqtidar bunu edə bilmədi və ölkəni belə acınacaqlı duruma gətirib çıxartdı.


– Bu arada prezidentin ilin əvvəlində atdığı addımlar bir çox insanda islahatlara dair bəzi ümid işığı yandırmışdı. Elə siz də şərhlərinizdə bu barədə bildirirdiniz. Amma onu da vurğulayırdız ki, buna mane olmaq istəyənlər var. Belə çıxır ki, həmin mane olmaq istəyənlər buna nail oldular?

– Təəssüf ki, yumşalma siyasəti çox ciddi əngəllərlə üzləşdi. Yenə də öz fikrimdə qalıram ki, Prezident Əliyev əvvəlki metodlarla idarəetmənin mümkün olmadığını başa düşür və çıxış yolları axtarır. Bürokratik aparat buna qarşı çıxır. İlham Əliyevin ilk növbədə həmin aparatı dağıtmaqla məşğul olacağı, “bekarçılıq kontoru” olan YAP-ı kənd klubunun dərnəyinə çevirəcəyi ehtimalı çox böyükdür. Bu baxımdan, yalnız bir təhdid qalır və ölkə başçısı Rusiyadan gələn potensial riskləri azaltmağa çalışır. Bunu da bacararsa, tezliklə yeni parlament seçkilərinin keçiriləcəyi ehtimalı yüksəlir.

Bu gün Rusiya müxalifət və iqtidardakı təsir agenturasının vasitəsilə yumşalma siyasətinə mane olmaq istəyir. Qərb illər boyunca müxtəlif fondlar vasitəsilə müxalifətə maliyyə ayırıb. Həmin pullar, Gürcüstandan fərqli olaraq, vətəndaş cəmiyyətinin inkişafına deyil, bir neçə liderin varlanmasına sərf edilib. Buna görə də Qərbin müxalifətə maliyyə yardımı etməsi xeyli zəifləyib.

Müxalifətin Rusiya ilə bağlı layihələrdə iştirakı da Qərbi düşünməyə vadar edib. Ən önəmlisi isə odur ki, Azərbaycanda yeni maliyyə və əmlak bölgüsü olması ehtimalıdır. Azərbaycanda mövcud siyasi qüvvənin iqtidardan salınması 100 milyarda yaxın bir vəsaitin nəzarətdən çıxması deməkdir. Bu pullar istənilən sabotajı törətməyə kifayət edir. Bu pulların müsadirəsi üçün mexanizm yoxdur. Buna yalnız inqilab yolu ilə nail olmaq mümkündür. Qərb isə Azərbaycanda inqilab istəmir. Qərb yumşaq keçid arzulayır və bu baxımdan İlham Əliyev son gedişləri ilə Qərbin rəğbətini qazanmağa müəyyən mənada nail olub. Lakin proses yarımçıq dayansa, həbslərin miqyası genişlənsə, Qərb bu hakimiyyətə qarşı ciddi addımlar atacaq.

Siyasi hadisələri təhlil edərkən bir nüansa da baxmaq lazım gəlir. Ölkədə “Gəzi olayları”na bənzər bir faciə yaşatmaq istəyənlər kimlər idi? İçərişəhərdə, habelə “Salaam Sinema”da baş verənlərdə açıq təxribatların arxasında kimlər dayanırdı? Məncə, bunları da iqtidar komandasının içərisində axtarmaq yaxşı olar. Yaxşı ki, hadisələrə vaxtında müdaxilə edildi və böyük fəlakətlər yaşanmadı.


– Bundan sonra necə olacaq? İslahatlara hələ çoxmu var? Ümumiyyətlə, islahat özünü doğruldacaqmı və mühacirlər istədikləri vaxt vətənə geri dönə biləcəklərmi?

– Ölkədə vəziyyət elədir ki, hakimiyyətin iradəsi, istəyi olsa da, olmasa da, islahatlar qaçılmazdır. Hakimiyyət gözəl anlayır ki, bu cür idarəçilik fiaskoya aparır. Bu baxımdan istər-istəməz islahatların aparılması və sərt idarəçiliyin daha yumşaq idarəçiliklə əvəz olunması qaçılmazdır. Güman edirəm ki, müəyyən islahatlar aparılacaq.

Əlbəttə ki, bu, sistem böhranının aradan qaldırılmasına səbəb olmayacaq. Çünki bunun üçün daha geniş, irimiqyaslı islahatların aparılması lazımdır. Mövcud hakimiyyətin bunu edəcəyinə o qədər də ehtimal etmirəm. Ancaq istənilən halda, islahatlar aparılacaq. Bu cəmiyyəti qane edəcək, ya etməyəcək, əlbəttə ki, başqa mövzunun mübahisəsidir. Lakin mən ehtimal edirəm ki, bu, cəmiyyəti qane etməyəcək.

Bütün hallarda cüzi də olsa islahatların aparılması qaçılmazdır, əks halda, cəmiyyət çox ağır sınaqlarla üz-üzə qalacaq. O zaman hakimiyyət nələrsə etməyə məcbur qalacaq. İmitasiya üçün edilsə belə, istənilən formada islahatların həyata keçirilməsi qaçılmazdır. Yəni bu, hakimiyyətin istəyindən asılı deyil. Hakimiyyət sadəcə buna vadar olacaq.

Ana səhifəXəbərlər”Söyüş müxalifəti bir çox halda elə iqtidarın bəzi nümayəndələri tərəfindən idarə edilir”