Söyüdlü etirazlarında plakatları hazırlayana 3 il həbs cəzası

Söyüdlü kəndi. Foto: Meydan TV

 “Sumkanı göstərdilər ki, bu 10 kilonu götürərsən…”

Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin keçirdiyi etiraz aksiyası zamanı qaldırdıqları plakatları hazırlayan, aksiyadan bir gün sonra narkotik ittihamıyla həbs olunan Coşqun Musayevin məhkəməsi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyilə çıxarılan hökmə əsasən, Coşqun Musayev 3 il azadlıqdan məhrum edilib.

Coşqun Musayev 2023-cü ilin iyununda tutulandan sonra ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, daşıma – külli miqdarda) maddəsilə ittiham irəli sürülüb.

İttihama görə, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşıları əməliyyat məlumatı əsasında onu 22-də səhər saat 10 radələrində metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında – Aşıq Molla Cümə küçəsində şübhəli şəxs qismində saxlayıb. Onu idarəyə gətirib, üstündə axtarış aparılarkən şalvarının cibindən 6,4 qram heroin tapılıb.

Onun haqqında cinayət işi 2023-cü ilin noyabrında bu ittihamla da Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Lakin bugünlərdə məhkəmədə hökm çıxarılanda ittiham dəyişib.

1990-cı il təvəllüdlü Coşqun Musayev məhkəmədə bildirib ki, onun həbsinin səbəbi Söyüdlüdəki etirazlar zamanı qaldırılan plakatları hazırlamasıdır. Buna görə onu narkotiklə şərləyərək cəzalandırıblar.

Necə həbs olunması haqda ifadə verən kənd sakini bildirib ki, iyunun 21-də Gəncədə həyat yoldaşı ilə birlikdə “Dubay bazarı” adlanan yerdən inşaat malları alanda ona zəng gəlib. Zəng edən şəxs harada olduğunu soruşub. Həmçinin bildirib ki, satdığı mobil telefonla bağlı problem yaranıb, bu məsələ ilə əlaqədar bəzi suallara cavab verməlidir:

“Mən telefonların alqı-satqısı, təmiri, banerlərin, plakatların hazırlanması ilə məşğul oluram. Zəng eləyən şəxs dedi ki, polisdir, satdığım telefonla bağlı sualları var. Yoldaşıma dedim ki, zəng eləyən nömrəni “Getcontact” proqramında axtarsın. Baxdı, məlum oldu ki, nömrə telefonlarda “Məhəbbət DTX” kimi qeyd olunub. Yoldaşıma dedim ki, “sən evə get, axşama qədər gəlməsəm, 102-yə xəbər ver”. Yoldaşımdan ayrılan kimi bir nəfər yaxınlaşdı, məni DTX-nın Gəncə şöbəsinə apardılar. Orada Söyüdlüdəki hadisələr haqda sorğu-sual elədilər. Özləri dedilər ki, “plakatları sən düzəltmisən”. Dedimn ki, hə, mən düzəltmişəm. Mən o kəndlə bağlı çox plakatlar düzəltmişəm – şəhidlərin, qəhrəmanların, kəndin tarixi barədə. Bir az saxlayandan sonra dedilər ki, məni Bakıya aparacaqlar, oradan buraxacaqlar. Evə xəbər vermək istədim, qoymadılar”.

Söyüdlü. Foto: Meydan TV

Coşqun Musayevin bildirdiyinə görə, onu Bakıya – Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə gətiriblər. İdarəyə axşan saat 19-20 radələrində çatıblar. Orada ondan plakatları nə vaxt, necə düzəltdiyini soruşublar. Gecə idarədə saxlayandan sonra səhər saat 9 radələrində “Nərimanov” parkına gətiriblər:

“Mənə dedilər ki, bir nəfər adam var, Söyüdlüdəki etirazlarla əlaqəlidir, baxım görüm onu tanıyacağam? Mən parkda skamyada oturdum, baxdım ki, kənardan məni çəkirlər. Heç nə başa düşmədim. İdarəyə gətirəndən sonra mənə büküm verdilər ki, boynuna götürməlisən. Əlbəttə ki, qəbul eləmədim. Heç kim eləməzdi. Dedilər ki, yaxşı. Bir sumka göstərdilər, dedilər ki, onda 10 kilonu götürərsən…”.

Coşqun Musayev deyir ki, onu idarədə döyməyiblər, psixoloji təzyiqlər, təhdidlər altında etiraf ifadəsini imzalamağa məcbur ediblər. Söyüdlü etirazlarına görə bir neçə başqa həmkəndlisinin də narkotik ittihamı ilə həbs edildiyini söyləyən Coşqun Musayev əlavə edib ki, həbsindən sonra 40 gün ailə üzvlərilə danışmasına imkan verilməyib. Onun iki azyaşlı övladı var.

Coşqun Musayevin həyat yoldaşı da məhkəmədə əlavə şahid qismində dindirilib və onun Gəncədə saxlanması haqda dediklərini təsdiqləyib.

Məhkəmədə dindirilən “bandotdel” əməkdaşları isə iddia edib ki, Coşqun Musayevin narkotiklərin qanunsuz dövriyyəsilə məşğul olması barədə onlara əməliyyat məlumatı daxil olmuşdu. Həmin məlumat əsasında da onu Nərimanov rayonu ərazisində – Aşıq Molla Cümə küçəsində saxlayıblar. İdarədə axtarış vaxtı üstündən üç büküm heroin çıxıb. Deyib ki, onu 50 manata tanımadığı şəxsdən alıb.

Coşqun Musayevin işi üzrə məhkəmə prosesi 8 aydan çox davam edib. Eldar İsmayılovun sədrliyilə, Cavid Hüseynov və Səbuhi Hüseynovdan ibarət hakimlər heyəti bugünlərdə onun haqqında hökm çıxarıb. Hökmə əsasən, Cinayət Məcəlləsinin 234.4.3 maddəsilə verilən ittiham dəyişib. Satış məqsədi çıxarılaraq, ittiham Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, daşıma – külli miqdarda) maddəsinə tövsif olunub. Bu maddə ilə də onun 3 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb.

Ana səhifəSiyasətSöyüdlü etirazlarında plakatları hazırlayana 3 il həbs cəzası