16 mərtəbəli binada 810 ailənin yerləşdirilməsi nəzərdə tutulub.
İyulun 15-də “Des Consulting” şirkəti mətbuat konfransı keçirərək “Sovetski” sakinlərinin problemini sadə yolla – mənzil-tikinti kooperativi yaratmaqla həll etmək istədiyini bildirib.
“Sosial layihə” kimi təqdim edilən ideaydan şirkət yaxşı gəlir gözləyir.
“Des Consulting” şirkətinin prezidenti Asif Hacıismayılov bildirib ki, Bakının Gəncə prospektində 16 mərtəbəli bina tikintisi layihəsi hazırlanıb. On bloklu binada 810 ailə yerləşdirmək planlaşdırılır. “Hesablamalara görə, təmirsiz mənzilin 1 kv metri 380 manata təklif edilir. Sakinlər yaşadıqlarından iki dəfə çox mənzil sahəsi ala bilər” – deyə o qeyd edib.
İdeyaya əsasən, kooperativ üzvləri 100 faiz pay iştirakı ödəyəcək. Pay fondunun 80%-i formalaşandan sonra seçilən tikinti şirkəti (“Həyat İnşaat”) tikintiyə başlayacaq. Bina 18 aya istismara veriləcək.
Mətbuat konfransında aydın olub ki, şirkət bina tikintisi üçün torpaq almaq niyyətində deyil. Hesab edilir ki, Bakı ŞİH prezident İlham Əliyevin dəstəyi ilə uzunmüddətli istifadə üçün torpaq sahəsi ayıracaq. Bunun üçün dövlət başçısına müraciət edilməlidir. Tədbirdə oxunan müraciət mətnində prezidentdən xahiş edilir ki, layihəyə lobbiçilik etsin.
Məlum olub ki, binanın birinci mərtəbəsi “Des Consulting” şirkətinə çatacaq.