“Özüm mədə-bağırsaq problemindən, uşaqlarım allergiyadan əziyyət çəkir. Hamısı içində yaşadığımız zəhərə görədir”.
Kəlbəcərdən olan məcburi köçkün 55 yaşlı Kamal Camalov belə deyir. O, 1994-cü ildən Yevlax şəhərində üç övladı və azyaşlı nəvələri ilə birgə yaşayır. Zəhər dediyi isə məskunlaşdıqları ərazinin yaxınlığındakı SSRİ dövründənqalma pestisid anbarı qalıqları və ətrafa yayılmış pestisidlərdir. Yerli sakinlər bunun DDT və maqnezium xlorid növlü pestisidlər olduğunu düşünürlər. K.Camalov deyir, bura köçəndə ətrafdakı zəhərli maddələrin varlığından xəbərsiz olublar. Ta ki, saxladıqları toyuq-cücə, mal-heyvan həmin ərazilərə ayaq açanadək.
“Yağış yağanda, külək əsəndə üfunət iyi yayılır”
“Düzü ətrafda normal ot da bitmir. Elə kol-kos, xarabalıqdır. Heyvanların əsas zəhərlənmə səbəbi yağışdan sonra yaranan gölməçələrdən su içmələridir. Ondan sonra başa düşdük ki, nəsə var. Zamanla yerli əhalidən də eşitdik. Bura Sovet dövründə pestisid anbarı olub”, – K.Camalov əlavə edir.
iFact.ge-nin müxbiri Azərbaycanın müxtəlif nöqtələrində pestisid anbarlarının mövcud olduğu 11 regiona səfər edib. Yerli əhalidən eşidilən hekayələrin demək olar ki, hamısı eynidir:
Torpaq, hava və su insanların səhhətinə mənfi təsir göstərir;
Yerli əhali bunun səbəbindən xəbərsizdir;
Hökumət bu məsələ ilə bağlı heç bir tədbir görmür.
Pestisidlər – virus, böcək, göbələklər, alaq otları, gəmiricilərlə mübarizə üçündür. SSRİ həm də bol məhsul əldə etmək üçün istifadə edib.
SSRİ dağıldıqdan sonra aparılan araşdırmalar onu göstərir ki, toksinlər pestisidlərlə mütəmadi təmasda olan yetkin insanların sağlığına pis təsir edib. Bu insanlar şəhər sakinlərindən iki dəfə çox xəstələnir, 7-10 il az yaşayırlar.
Pestisidlə çirklənmiş ərazi yaxınlığında yaşayan 14 yaşına çatmamış uşaqların sağlığında ciddi problemlər üzə çıxıb. Yüksək pestisidlə çirklənmiş ərazilərdə körpə ölümü, sonsuzluq, xərçəng və doğuş qüsurları yüksəkdir.
Eyni zamanda, bu maddələr allergiya, anemiya, mədə-bağırsaq traktının xəstəlikləri, hepatit, siroz, immun və endokrin sistem xəstəlikləri riskini artırır. Hələ vaxtı keçibsə, risk birə iki
artır
.
Avropa Birliyinin bu sahə üzrə əsas məqsədi 2050-ci ilədək pestisidlərin istifadəsini
dayandırmaqdır
.
Kamal Camalov deyir ki, belə yerdə yaşamaq təhlükəlidir, ancaq başqa çarələri yoxdur:
“Bir baxın, yiyəsizlikdir. Zəhərin hamısı üzdədir. Yağış yağanda, külək əsəndə üfunət iyi yayılır. Nəfəs almaq olmur”.
59 yaşlı Sayat İbrahimova da bacısı və onun 11 yaşlı uşağı ilə bərabər burada yaşayır. Deyir, dəfələrlə hökumətə, aidiyyatı qurumlara müraciət edib. Onları zəhərin, xəstəliyin içindən çıxarmalarını istəyib:
“Gözlərimizin suyu dayanmır. Evin hər yanı allergiya dərmanlarıdır. Belə yerdə kimsə yaşamaz, biz məcburuq”.
Yevlax şəhərində pestisidlərlə zəhərlənmiş təxminən 3-4 hektarlıq ərazinin yaxınlığında beş məcburi köçkün ailəsi yaşayır. Ətrafda insanlarla bərabər, heyvanlar, quşlar da var. SSRİ dövründə bura Yevlax rayonu keçmiş Kənd Kimya Birliyi kimi tanınıb.
“Zəhərin içində yaşayırıq, xəstə düşmüşük”
Anbarın qalıqlarının düz yaxınlığında həm də “Gilan Holding”in Dəri Emalı
Zavodu
fəaliyyət göstərir. Zavod, OCCRP-nin apardığı araşdırmanın nəticələrinə görə, ölkə prezidenti İlham Əliyevin iki qızı ilə əlaqələri aşkarlanan böyük bir konqlomerat olan “Gilan Holdinq”in bir filialıdır.
Yevlax Rayon İcra Hakimiyyətindən buradakı çirklənmiş torpaqların kimə məxsus olduğunu bilmədiklərini söyləyiblər. Ancaq Yevlax Rayon Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi rəhbərinin müavini Məhəbbət Hümbətov deyib ki, hazırda keçmiş pestisid anbarının yerində məcburi köçkünlər müvəqqəti məskunlaşıblar. Həmin ərazilər isə birbaşa Dövlət Əmlak Komitəsinin balansındadır:
“Yaşamaq üçün normal yer deyil. Çox çirkli, zəhərlidir. Odur ki, Yevlaxda tikinti olan kimi birinci orada yaşayanları köçürmək istəyirik Həmin ərazinin şəkillərini də çəkib baş idarəyə göndərmişik”.
iFact.ge tərəfindən yoxlanılan digər ərazilər:
Ucar rayonu
Ucar rayonu ərazisində də iki yerdə köhnə pestisid anbarı qalıqları var. Həmin yerlərdən biri hazırda “Aqrolizinq” ASC-nin Təchizat Bazası kimi fəaliyyət göstərir. 2004-cü ildə prezident İlham Əliyevin sərəncamı əsasında yaradılan “Aqrolizinq” ASC dövlət büdcəsindən
maliyyələşir
. Kənd təsərrüfatı texnikasının lizinq yolu ilə hüquqi və fiziki şəxslərə icarəyə verilməsini və ya satılmasını gerçəkləşdirir. Eyni zamanda, büdcə vəsaiti hesabına alınan pestisdlərin, aqrokimyəvi maddələrin, genetik modifikasiya olunmamış tinglərin və toxumların, damazlıq heyvanların satışını həyata keçirir. 2005-ci və 2016-cı illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsi layihələrində ASC-yə 360.1 milyon manata yaxın vəsait ayrılıb.
Ucar rayonundakı Aqrolizinq ASC-nin rəis müavini Fariz Nuriyev deyir ki, Aqrolizinqin ərazisi 7 hektardır. Və keçmişdən qalan gübrə qalıqları, zəhərlər hamısı olduğu kimi buradadır. Nuriyevin sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyindən, Qida Təhlükəsizliyi Agentliyindən ərazidə bir neçə dəfə baxış keçiriblər. Lakin hələlik, heç bir tədbir görülməyib:
“Dərmanların daha çox qaldığı ərazi bizim oturduğumuz əraziyə, yəni binaya biraz uzaqdır. Amma həmin yerin yaxınlığında şəxsi evlər tikilib. Həmin ərazidə yaşayan insanlar çox narazıdırlar. Ərazidən kəskin iy gəlir, deyirlər. İnsanlar əsasən, qoxudan, uşaqlarında və yaşlılarda olan ürəkbulanma, başgicəllənmədən şikayət edirlər”.
Aqrolizinqin bu bazasında onlarla işçi çalışır. Baza mühafizəçisi ərazinin keçmişdə nə kimi fəaliyyət göstərdiyini bilmir. Deyir, təxminən altı ay öncə Qida Təhlükəsizliyi Agentliyindən də əraziyə gəlib, bu barədə sual ediblər:
“Nəsə analiz götürəcəklərini deyirdilər. Daha bilmədim, müdiriyyətlə nə danışdılar, nə etdilər”.
Digər köhnə anbar isə Ucarın Müsüslü kəndində, yaşayış evlərindən 50 metr məsafədə yerləşir. Kənd camaatı bu ərazini “zəhərli yer” kimi tanıyır. Ancaq vəziyyətin nə dərəcədə ciddi olduğunu bilmirlər.
Aqrolizinqin bu bazasında onlarla işçi çalışır. Baza mühafizəçisi ərazinin keçmişdə nə kimi fəaliyyət göstərdiyini bilmir. Deyir, təxminən altı ay öncə Qida Təhlükəsizliyi Agentliyindən də əraziyə gəlib, bu barədə sual ediblər:
“Nəsə analiz götürəcəklərini deyirdilər. Daha bilmədim, müdiriyyətlə nə danışdılar, nə etdilər”.
Digər köhnə anbar isə Ucarın Müsüslü kəndində, yaşayış evlərindən 50 metr məsafədə yerləşir. Kənd camaatı bu ərazini “zəhərli yer” kimi tanıyır. Ancaq vəziyyətin nə dərəcədə ciddi olduğunu bilmirlər.
21 yaşlı kənd sakini Elxan Məmmədovun sözlərinə görə, gün ərzində bu xarabalıqda uşaqlar gizlən-qaç oynayır. Kəndin heyvanları da ərazidən keçib, örüş sahələrinə gedirlər:
“Elə dədə-babadan buranın zəhərli olduğunu eşitmişik. Daha bu əraziləri kimin zəhərlədiyini bilmirik”.
Ucarın Müsüslü kəndinin bələdiyyə sədri Tahir Kərimov da kəndlərində köhnədənqalma pestisid anbarının olduğunu təsdiqləyir. Deyir, ərazi dövlətin mülkiyyəti olaraq qalır:
“Dağılıb, tökülüb, zir-zibil, üfunət içindədir. Ərazidə bitki, ot, heç nə bitmir. Evlərin yaxınlığında, dəmir yolunun kənarındadır. Fövqəladə Hallar Nazirliyindən illər öncə nümayəndələr gəlmişdi. Əraziyə yeni torpaq səpmişdilər. Sadəcə binanın dağıntıları qalıb”.
Beyləqan rayonu, Əhmədli kəndi
Beyləqan rayonunun Əhmədli kəndindəki köhnə pestisid anbarının ərazisi təxminən 14 hektardır. Bu gün elə pestisid anbarı qalıqlarının içində həm əkin işləri aparılır, həm heyvan saxlanır, həm də məskunlaşma var.
“Gözünüzə görünən yerlərin hamısı keçmiş anbarın ərazisidir. Çirklənmiş torpaqlardır. Kiçik bir yerdə əkin-biçin edirik. O torpağı da az qala 5-6 ilə təmizləmişəm, yararsız idi. Torpağı daşıyıb, yerinə heyvan peyini tökmüşəm. Yenə də məhsuldar deyil, ancaq az da olsa, heyvanlar, quşlar üçün arpa, buğda, yonca əkə bilirik”.
32 yaşlı Elməddin Xudiyev belə deyir. O və ailəsi 1994-cü ildən burada yaşayırlar. Füzuli rayonunun Kürdlər kəndindən məcburi köçkündürlər. Deyir, əvvəl burada 25 ailə yaşayıb. Sonradan hərə bir tərəfə köçüb. Hazırda ərazidə 4 ailə, 15 nəfər yaşayır. Onlardan beşi azyaşlıdır.
“25 ildir zəhərin içindəyik. Nə baxan var, nə də getməyə yerimiz. Mal-heyvan saxlayırıq, ətini, südünü, pendirini satıb, dolanırıq” – deyir, Elməddin. Əlavə edir ki, ərazidəki zəhərlərin tərkibi ölməyib. İsti vurduqca, havaya qalxdıqca, xüsusən də yay aylarında vəziyyət daha da pisləşir. Əraziyə yaxınlaşdıqda isə qoxu adamın boğazını yandırır:
“Hamımız allergiyadan, bronxitdən əziyyət çəkirik. Yağış yağanda yaranan gölməçələrdən heyvanlar su içib, qırılır. Məcburiyyətdən qapalı saxlayırıq”.
Elməddin Xudiyev deyir ki, sonuncu dəfə dövlət orqanından gələnlər danışanda eşidib ki, ərazi 7 metr dərinliyində qazılmalıdır. Qazılan torpaq ərazidən çıxarılmalı, yeri başqa torpaqla doldurulmalıdır:
“14 hektardır, təsəvvür edin də. Hələ əvvəl zəhərlərin hamısı üzdə idi. İydən qırılırdıq. Traktor gətirdib, üstünü örtdürdük. Ancaq yenə də yağış yağanda, külək olanda üstü aşınır, zəhər ətrafa
yayılır
”.
E.Xudiyev deyir ki, əvvəl ərazidə içi dolu çəlləklər də olub. 10 il əvvəl həmin çəlləklər yerə basdırılıb:
“Yaxınlıqda bir ərazini qazdılar, yalan olmasın, 200-dən artıq çəlləyin ağzını açıb, qazılmış yerə boşaltdılar. Aça bilmədiklərini isə diri-diri basdırdılar. Qara, mazut kimi maye idi. Həmin torpaqda indi heç nə bitmir. Yayda həmin ərazi yumşalır, üstü qaynayır”.
Elməddin Xudiyev deyir ki, çox güman basdırılan zəhər içməli su qaynağına çatıb. Kəndin suyu içməli deyil, göz yandırır, dərman dadı verir:
“Bəzi həyətlərdən çıxan su heç istifadəyə də yararlı deyil. Camaat at, eşşək arabaları ilə qonşu kəndlərdən su daşıyır. Ya da 50 litri 1 manatdan alır. Bizə isə hər gələn deyir, “burada yaşamaq təhlükəlidir, köçürülməlisiniz”. Amma bir nəticəsi yoxdur”.
Xudiyev deyir ki, illərdir gəlirlər, sulardan, heyvanların ətindən, südündən, ərazidə becərdikləri bitkilərdən nümunə götürürlər. Gedəndən sonra isə onlardan səs çıxmır:
“Yayda da gəlmişdilər, onlar da digərləri kimi. Görünür, nəticələr təmiz çıxır deyə, bizə nəsə demirlər”.
Beyləqan Rayon İcra Hakimiyyətinin Əhmədli kəndi üzrə icra nümayəndəsi Rafiq Eyvazov deyir ki, buradakı ərazi dövlət mülkiyyətidir. Ərazi kəndin girişindədir və çox üfunətli, çirkli bir yerdir:
“Avqustda ora Qida Təhlükəsizliyi Agentliyindən nümayəndələr gəlmişdilər. Ərazidə heyvan saxlanır, əkin əkilir. Heyvanın südündən, torpaqdan, bitkilərdən, kənddən su nümunələri və s. götürdülər. Sonra onlardan xəbər çıxmadı”.
Rafiq Eyvazov deyir ki, anbar ərazisində çox miqdarda pestisid qalıqları var. Ərazi yüksəkdə, kənd isə çökəkdə yerləşir. Nəticədə, keçmişdə bu ərazidə basdırılan və orada qalan zəhər qalıqları yağış suları ilə kanallara axaraq, kəndin içməli su quyularına dolub:
“Kəndin suyu içməli deyil. Göz yaşardır, tərkibi dərmanlıdır. Orada vaxtilə çox zəhərli, kimyəvi maddələr olub. İndi də o tərəfdən keçəndə adamı iy vurur. Kəndin su problemi 100 faiz həmin zəhər qalıqlarından qaynaqlanır. Ordan süzülən sular gəlib artezian suyuna qarışıb. İnsanlara tapşırmışıq ki, suyu içməsinlər. Çox adam suyu içmir, sadəcə gündəlik işlərində istifadə edirlər. İçməli suyu isə pulla alırlar. Biz bu barədə məsələ qaldırmışıq. Ümid edirəm, yaxın zamanda bu kəndə su çəkilər”.
R.Eyvazov da qeyd edir ki, ötən ilin avqust ayında Qida Təhlükəsizliyi Agentliyindən kəndə gəlib süd, su, torpaq və digər əkinlərdən analiz üçün nümunələr götürülüb: “Lakin bundan sonra onlardan heç bir xəbər eşitməmişik”.
Füzuli rayonu, Horadiz şəhəri
Füzulinin Horadiz şəhərində də köhnə anbarın qalıqları təxminən 3 hektarlıq ərazini əhatə edir. Buradakı çirklənmiş ərazi də yaşayış evlərinin düz yaxınlığındadır. Horadiz sakini Orxan Məmmədov deyir ki, bir neçə il bundan öncəyə qədər vəziyyət daha da acınacaqlı olub. Ərazidə, hətta bir neçə kilometrliyində iydən durmalı deyilmiş:
“Elə ki, yay gəlirdi, ətrafı qoxu bürüyürdü. Günəş vurduqca aktivləşən zəhər, ətrafdakı heyvana, toyuq-cücəyə zərər verirdi. Çoxsaylı şikayətlərdən sonra Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) yerli filialı həmin ərazini torpaq örtüyü ilə basdırdı. Daha bilmirəm, bu, problemdən çıxış yoludur, ya yox”.
Orxan Məmmədov deyir ki, ilk il qoxu tamamilə çəkilib. Bu yaydan yenə az da olsa, gəlir:
“Görünür, yağış, külək torpaq örtüyünü nazikləşdirib. Məncə, buna dövlət səviyyəsində bir çarə tapılmalıdır. Belə müvəqqəti həll etməklə olmaz. Ərazidə millət yaşayır, onlar heyvan saxlayır. Bütün canlılara ziyandır”.
Füzuli Rayon İcra Hakimiyyətinin iqtisadiyyat şöbəsindən də Horadiz şəhərində yerləşən anbarın ərazisinin dövlətin mülkiyyətində olduğunu söyləyiblər.
Füzuli Rayon İcra Hakimiyyəti həmin ərazinin nə zaman təmizlənməsi barədə məlumatsızdır. Horadiz şəhər icra nümayəndəsi Əli Abdullayev ifact.ge-yə burada beş ildir ki, çalışdığını bildirib:
“1994-1995-ci illərdə işğaldan azad olunanda oralar təmizlənib. Elə bilirəm, məndən çox-çox əvvəllər olub. Bəlkə də 2000-ci illərdə təmizlənib. Dəqiq bilmirəm. Orada gübrəyə aid heç nə yoxdur. Ancaq köhnə anbardanqalma panel, daş qalıqları var”.
İmişli rayonu
İmişli rayonunda 2 yerdə pestisid anbarı olub. Biri mərkəzi küçələrdən olan Tofiq İsmayılovda, digəri Cəfərli kəndində. Mərkəzi küçədəki anbar bu gün də fəaliyyət göstərir. Baxmayaraq ki, düz 10-15 metrliyində yaşayış evləri var. Həyətində uşaqlar top oynayır. Burada yaşayan insanlar anbarın evlərinin yaxınlığında olmasının fəsadlarından xəbərsizdirlər. Elə hamı bir ağızdan deyir ki, Sovet dövründənqalma zəhər anbarıdır, bu gün də pestisid saxlanır.
Cəfərli kəndi
Digər anbar isə İmişlinin Cəfərli kəndində yerləşir. Kənd sakini Məhəmməd Mirzəliyev deyir ki, o, bu anbarın və içindəki zəhərin qalıqlarının nə qədər təhlükəli olduğundan xəbərdardır. Kənd sakinləri iddia edirlər ki, bu maddələr əsasən, DDT və xloriddir. Məsələylə bağlı M.Mirzəliyev dəfələrlə aidiyyatı qurumlara da müraciət edib, ancaq baxan olmayıb:
“Yazmışam ki, gəlin, təmizləyin. Sovetdənqalma zəhərlərdir, binası aşınıb, dağılıb, içindəkilər ətrafa yayılıb. Buradan heyvan keçir, insanların evlərinin yaxınlığıdır. Ancaq vecinə alan yoxdur”.
Anbarın qalıqlarının yaxınlığında heyvanlar otlayır. Lap dibində isə “Aqrolizinq” ASC-nin növbəti təchizat bazası yerləşir.
İmişli Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mirzə Quliyev deyir ki, kənddəki anbar hazırda istifadəsizdir, binası uçub-tökülüb:
“40-50 ildənqalma binadır, istismar müddətini başa vurub. Digəri isə qismən yaxşı qalıb və gübrə anbarı kimi istifadə edilir”.
Samux rayonu, Kolayır kəndi
Növbəti çirklənmiş ərazi Samux rayonunun Kolayır kəndindədir. Burada da ərazi 3 hektara yaxındır. Sakinlər deyirlər ki, bəli, kəndlərində Sovet dövründə pestisid saxlanan anbar olub. Sonradan, 90-cı illərdə həmin anbarda güclü yanğın, partlayış baş verib. Daha sonra kənd bələdiyyəsi həmin ərazini bir neçə şəxsə satıb. Hazırda ərazidə təxminən 8 ev, 5 saylı körpələr evi və kənd məktəbi tikilib.
Ağstafa şəhəri
Ağstafa şəhəri, yeni yaşayış massivindəki anbarın qalıqları da bu günə qədər qalıb. İçində də pestisidlər. Anbarın 20 metr yaxınlığında isə evlər var. Qəsəbə sakinləri həmin qalıqların nə olduğunu bilmirlər. Ancaq uşaqlarının həmin ərazidə oynadığını söyləyirlər.
“Bütün günü uşaqlar oradakı köhnə vaqonun içində oynayırlar. Düzü, biz orada nəsə ziyanlı bir şey olduğunu bilmirik. Keçmişdə nə olmasından da xəbərimiz yoxdur” – deyir, sakinlərdən Gülçöhrə Əliyeva.
Ağstafa Rayon İcra Hakimiyyətinin sənədlərlə və vətəndaşların şikayətləri ilə bağlı iş şöbəsinin əməkdaşı bildirib ki, şəhərin yeni yaşayış massivində yerləşən köhnə anbarın ərazisi hazırda dövlət mülkiyyətidir və istifadəsizdir.
Şəmkir rayonu, Dəllər Cəyir kəndi
Dəllər Cəyir kəndindəki anbarın yerində bu gün pomidor, kartof, xiyar əkilən parniklər salınıb. Parniklər köhnə anbarın qalıqları və ətrafa səpilmiş pestisidlərin düz yanındadır.
“8 ildir burada parnik yetişdiririk. Yetişdirdiyimiz məhsulu da Bakı, Şəmkir və Rusiya bazarlarına çıxarırıq” – deyir, adının açıqlanmasını istəməyən sahibkar. Əlavə edir ki, əvvəl bu ərazini icarəyə götürübmüş. Dövlətin balansında olan torpaq imiş. Sonradan dövlət ərazini auksionda satışa çıxarıb və elə birinci icarədarın özünə təklif edib:
“Auksiondan aldım bu ərazini. İndi sənədlə-sübutla özümündür və işimə davam edirəm. Əvvəllər bu ərazinin nə kimi istifadə edildiyini bilmirəm. Tək bildiyim keçmişdə nəsə idarə olub. Həmin idarə binasının qalıqlarıdır. Təmizlədib, daşıtdırmağa imkanım çatmaz”.
Yerli İcra Hakimiyyəti də deyir ki, o ərazi dövlətə məxsus deyil, özəlləşdirilib. Odur ki, məsələ ilə bağlı məlumatları yoxdur. Daha öncə təmizlənib-təmizlənmədiyini də bilmirlər.
Xaçmaz rayonu, Çarxı kəndi
Növbəti pestisidlə çirklənmiş ərazi Xaçmazın Çarxı kəndindədir. Kəndin icra nümayəndəsi Yusif Məmmədov deyir ki, bu ərazinin təmizlənib-təmizlənməməsini dəqiq bilmir. Amma bu gün həmin yer şumlanıb və orada taxıl əkilir: “Hər halda, təmizlənməsəydi, əkməzdilər”.
Burada da pestisid anbarı olub. Kəndin icra nümayəndəsi Y.Məmmədov əlavə edir ki, onun ailəsi bu kəndə 1988-ci ildə köçüb:
“O vaxtı həmin anbar qalmışdı, ancaq Sovetin son dönəmləri idi deyə, fəaliyyət göstərmirdi. Ətrafı isə əkin sahəsi olub. Anbar, kəndin başındakı təxminən 160 hektar ərazinin içində olub” – deyən, Y.Məmmədov qeyd edir ki, anbarın binası 50-60 kvadratlıq yer olub. Anbarın ümumi ərazisi isə 2-3 hektardır.
“Qalan yerlər əkin sahələri idi. Müstəqillikdən sonra ölkədəki bütün torpaqlar özəlləşdi. Bu ərazi də özəlləşdirməyə getdi”.
Yusif Məmmədov deyir ki, bundan sonra hardasa 1992-1993-cü illərdə ərazini kimlərsə alıb, yerində fermalar tikiblər. Uzun müddət heyvan saxlanılıb:
“Təxminən 10 il əvvəl həmin fermaları "Azərenerji"nin keçmiş prezidenti Etibar Pirverdiyev aldı. Bir müddət o da burada heyvan saxladırdı. Qışı heyvanlar Çarxıda olurdu, həmin fermalarda. Yayı isə Qusara tərəf aparırdı. Daha sonra isə ferma Qusara köçürüldü. Son 2-3 ildir ki, daha heyvan da saxlanmır burada. Eləcə boş, fəaliyyətsiz qalıb”.
Hazırda isə ərazidəki ferma fəaliyyət göstərmir. Anbar tamamilə sökülüb. Yerində isə taxıl əkilir.
Bir neçə il öncəsinədək dövlətin pestisidlərlə çirklənmiş ərazilərə monitorinqə göndərdiyi və adının açıqlanmasını istəməyən keçmiş məmur bildirir ki, illər öncə də həmin ərazilərdəki heyvanlardan, bitkilərdən nümunələr götürüb, analizə veriblər. Hamısının tərkibində yüksəkfaizli zəhərli maddə aşkar edilib. Sadəcə bunun nəticələri insanlara açıqlanmayıb. Aidiyyatı qurumlar bunun gizlədilməsini istəyib.
iFact.ge əməkdaşı məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərdiyi sorğuya cavabda, Nazirlik, Azərbaycanın bölgələrində pestisidlərlə çirklənmiş ərazilərin olduğunu təsdiqləyib. Ancaq bu işlə onların yox, Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin məşğul olduğunu söyləyib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov da bildirib ki, pestisid tullantılarının dövriyyəsinə nəzarət onlarda yox, birbaşa Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətindədir:
“Qida Təhlükəsizliyi Agentliyinin yaradılması haqqında prezident fərmanı və əsasnamə var. Həmin əsasnamədə Qida Təhlükəsizliyi Agentliyinə hansı işlərin həvalə olunması göstərilib. Bu qurum yarananda nazirliyin bir xeyli səlahiyyəti (baytarlıq, fitosanitar nəzarət və s.) onlara verildi. Eynilə də pestisidlə çirklənmiş ərazilərin müəyyən edilməsi, oradakı zəhərli maddələrin məhv edilməsi, ölkəyə gətirilən pestisidlər, onların tərkibi və s. həmin qurum nəzarət edir”.
V.Hüseynov onu da əlavə edib ki, Kənd Təsərrüfatı Nazirliyinin balansında təkcə poliqon qalıb. Şamaxı yolu üzərində olan həmin poliqon zərərli maddələrin məhv edilməsi üçündür:
“Yəni Qida Təhlükəsizliyi Agentliyi təhlükəli tullantını, zəhəri və ya zərərli pestisid qalığını müəyyən edir və poliqona gətirir. Həmin tullantılar poligonda zərərsizləşdirilir”.
Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin əməkdaşı Aysel Fərziyeva isə deyib ki, pestisidlərlə bağlı məsələlər onların nəzarətindədir. Ancaq onlar birbaşa qida məhsullarında istifadəsinə nəzarət edirlər:
“Qida məhsullarında pestisid hansı miqdarda istifadə edilməlidir, bu zaman hansı qaydalara əməl edilməlidir və s. Buna nəzarət edirik. Ətraf mühitin çirklənməsi və ya uzun müddət pestisidlə çirklənmiş ərazilərin təmizlənməsi bizim səlahiyyətimizdə deyil”.
“
Həmin ərazilərin yaxınlığında ferma, əkin sahələri, parniklər var. Burada da qida məhsulları əkib-becərilir. Bunların da tərkibinə cavabdeh deyilsiniz?
”, – sualına isə Aysel Fərziyeva “o zaman rəsmi, yazılı sorğu göndərin, mütəxəssislərimiz cavablasınlar”, – deyib.
Agentliyə rəsmi sorğu göndərilib. Agentlik sorğuya aylardır cavab vermir.