Sovet vaxtı Nazim Hikmətlə görüşən türk jurnalistin xatirələri

“1960-cı ilin avqust ayında doqquz il qonağı olduğu ruslar onu vətəndaşlığa qəbul etmədikləri üçün, ana babası Mustafa Cəlaləddin Paşanın lehistanlı olduğunu nəzərə alaraq, Polşa rəhbərliyi onu öz vətəndaşlığına qəbul etmişdi.”

Source:
Nazım Hikmet
Nazım Hikmet



“1960-cı ilin avqust ayında doqquz il qonağı olduğu ruslar onu vətəndaşlığa qəbul etmədikləri üçün, ana babası Mustafa Cəlaləddin Paşanın lehistanlı olduğunu nəzərə alaraq, Polşa rəhbərliyi onu öz vətəndaşlığına qəbul etmişdi.”

Orxan Qaravəli


TANIDIĞIM NAZİM HİKMƏT

(kitabdan parça)


Burası qəti şəkildə belədir ki,


indiyə qədər türk dilində


bu qədər təsirli bir şey yazılmamışdır.



Mustafa Kamal Atatürk

Uzun boylu, ağ və sarıya çalan gur saçlarıyla qadınlı-kişili hamının ortamında qarlı bir zirvə kimi ucalan yaraşıqlı adamın bir qədər yaxınlığında durub səsləndim:

“Nazim bəy!.. Nazim bəy!..”

Boşluqdan bir səs eşidirmiş kimi durduğu yerdə qəfil döndü və ətrafındakı qələbəliyi yararaq mavi gözləri ilə inamsızcasına baxaraq mənə doğru gəldi.

Özümü tanıtdım:

“Salam, Nazim bəy! Mən Orxan Qaravəli, Türkiyədən qəzetçiyəm.”

Böyük sevinc dalğası üzünə yayıldı, uzun barmaqlı əllərini çiynimə basdı. Bir an bir söz belə söyləmədən mənə sarılıb yanaqlarımdan öpmək istəyirmiş kimi hərəkət etdi. Düşünürəm ki, belə qucaqlamağa hazır olmadığı üçün bir az durdu, amma uzatdığım əlimi dostca tutaraq nəfəs-nəfəsə:

“Mərhəba!.. Minlərcə mərhəba!” dedi. “Xoş gəldiniz. Zatən gələcəyinizi bilirdik. Səbirsizliklə gözləyirdik…”

Ətrafdakılar indi çox əski dostların görüşünü seyr edirdi.

9 avqust 1960-cı il. Moskvanın “Lenin təpəsi” üzərindəki Lomonosov Universitetinin böyük toplantı salonu. Türkiyədən professor Fahir İz (1911-2004) başda olmaqla elm adamlarından ibarət nümayəndə heyətinin də qatıldığı 15-ci Şərqşünaslar Konqresi SSRİ Nazirlər Sovetinin Baş nazirinin müavini Anastas Mikoyan açmışdır.

Ev sahiblərinin “xoş gəldin”indən sonra  fasilə verildi və rusların da bizim kimi çay dediyi çayımızı içirik.

Usta əlindən çıxdığı bəsbəlli olan dördüymə pencəkdə, şıx qəhvərəngi şalvarda olan və bütün diqqətləri özünə çəkən Nazim, qaçacağam kimi əlimi hələ də əlinin içində saxlayıb bir ovuc yurd torpağını tutar kimi:

“Sizlər burada ha?.. Bizim üçün çox xoşdur. Aman, lütfən daim bir yerdə olaq. Sizləri heç yalnız buraxmayacam. Bir proqram tərtib edib sizi Moskvada gəzdirim.”

Sonra birdən durur:

“Bu uşaq həyəcanını xoş qarşılayın. Doqquz ildir ilk dəfə bir yurddaşımla görüşüb söhbət edirəm buralarda.”

Gülərək yanımıza gələn bir nəfər gənclə məni tanış edir:

“Budur, mənim qürbətdəki ən yaxın dostum və qoruyucu mələyim. Çağdaş türk ədəbiyyatı üzrə dosent Əkbər Babayev. Azərilərin və hamımızın qüruru.”

Nazim “Durun sizə yemək üçün nəsə gətirim, çayınızı da təzələyim” deyərək yanımızdan ayrılmaq istəyəndə Babayev: “Ona belə istəklə yanaşdığınız üçün sağ olun” deyir.

“Başqa necə yaxınlaşa bilərdim ki?”

“Elə deməyin. Çıxışı ayaq üstə alqışlananda yerlərindən belə, qalxmayan türk elm adamlarını, uzatdığı əli havada buraxanları, gördükdə arxalarını çevirənləri də tanıdıq buralarda. Bu üzdən gəlmək istəmədi bu toplantıya, yenidən incidilmək, aşağılanmaq qorxusuyla. İnanın zorla gətirdim bu toplantıya. Amma kin saxlamaz o. Göstərdiyiniz yaxınlıqla əski qanqaralıqları unutduğu və dünyaya ilk gəlmiş kimi olduğu üzündən oxunur.”

Orhan Karaveli
Orhan Karaveli

Nazim əlində çaylar gələrkən məsləkdaşım Ömər Sami Coşar da (1919-1984) bizə qoşulur və bəzilərini narahat edəcək “Moskva dördlüyü” belə yaranır.

“Vətən xaini” (!) Nazim, yanına yaxınlaşmaq mümkün olmayan bir adam, türk heyətində bəzi ünlü adamların bizi uzaqdan pis-pis süzdüklərini heyrət və üzüntü içində izləyirəm. Bunlar konqres gününün sonunda  Ukrayna otelinin  dəhlizlərində toplaşıb vaxt öldürərkən bizim Nazim və Babayevlə birlikdə hər axşamı bir yerdə keçirməmizdən elə narahat olmuşdular ki, “işi” Moskvadakı səfirliyimizə qədər aparmışdılar. Bir “vətən xaini” ilə gec saatlara qədər əcəba nə edirdik? Yoxsa onun araçılığıyla “Yavuz”un planlarınımı satırdıq ruslara?..

Yurd və yurddaş istəyinin betondan tökülmüş möhtəşəm abidəsi kimiydi Nazim. “Məndə məmləkət istəyi bir zamanlar cənnət halına gəlmişdi. Heç nə edə bilmirdim…” deyir və İstanbulu yadına saldığı üçün hər fürsətdə Praqaya gedərdi. Dünyada olub-bitənlərlə, əlbəttə, ilgilənirdi, amma əsil işi “şairlik, yazarlıq və barış həvariliyi idi. Müxtəlif ölkələrdə sülhlə bağlı toplantılarda təbii olaraq “Türkiyə diləkçəsi” gözüylə görülüb-göstərilənlərdən məmnunluq duyur və ölkəsini ən yaxşı şəkildə təmsil etməyə çalışırdı.

“Bizim kimi kəndli bir millətdir” dediyi ruslardan on ildə on min məktub almışdı. Bunları anladarkən bir də gələcəkdən xəbər verənlik də etmişdi: “Görəcəksiniz, çox uzaq olmayan bir gələcəkdə Rusiyadan Türkiyəyə hər il milyonlarca turist gedəcək və dənizimizin, günəşimizin, yeməklərimizin ləzzətini duyacaqlar. Çünki bizləri və ölkəmizi sevməyən, maraq göstərməyən bir tək Sovet vətəndaşı ilə rastlaşmadım.”

“Birdən rastlaşsan”

“Beləsini dindirmərəm!..”

1960-cı ilin avqust ayında doqquz il qonağı olduğu ruslar onu vətəndaşlığa qəbul etmədikləri üçün, ana babası Mustafa Cəlaləddin Paşanın lehistanlı olduğunu nəzərə alaraq  Polşa rəhbərliyi onu öz vətəndaşlığına qəbul etmişdi.

Sovetlər Birliyində bəlkə də xoşbəxtlik  içində yaşadığı söylənməzdi, amma maddi sıxıntısı da yox idi. Türkiyədə yasaq olan əsərləri qırx dilə çevrilmişdi və yaxşı gəliri ilə rahat bir güzəran sürməsi, istədiyi zaman başqa ölkəyə getməsi, istədiyi qədər burada qala bilməsi mümkün idi. Amma yenə də fikri ölkəsində idi və yeni “durum deyə” qəbul etdiyi 27 may 1960-cı il çevrilişi ilə əlaqəli “dəyişiklik” imkan verərsə, “bir dəqiqə belə, durmadan” Türkiyəyə gedəcəkdi.

Yaxşı, bəs qayğıları?

Düzdür, ideoloji görüşlərində hər hansı bir dəyişiklik olmamışdı, amma öz ölkəsində onun sözləri ilə desək, “türk dilinin sıradan bir şairi” olaraq deyil, kimlər üçünsə vətən xaini olaraq görülüb tanıdılmasından çox sarsılır. Bu yanlış, haqsız, insafsız qiymətləndirmənin bir gün mütləq silinib gedəcəyinə, yurtdaşlarının onu həqiqi adıyla sevib oxuyacaqlarına inanırdı. Bu mövzuda elə narahat idi ki, bir gün mənə “Bax, canım” demişdi – “Türkiyəyə dönüşündə məndən və danışdıqlarımızdan heç söhbət açmasan da olar, amma yanlış bir şey yazım demə. Vallah, o biri tərəfdə əllərim yaxanda olar!..”

Bir başqa qayğısı da “Qurtuluş savaşı dastanı” dediyi əsəri ilə bağlıydı. Moskvada belə demişdi mənə: “İstiqlal savaşımızı anlatdığım bu dastan həyatımın əsəridir. Əslində 66 000 misradan ibarət olacaqdı. Həbsxanada olarkən yazmağa başlamış, sonra davamını qələmə almışdım. 66 000 sətirdən 46 000-sı hələ də itmiş sayılır. Bunları hissə-hissə Əli Nicatiyə (Karacan, 1896-1955), Peridə Calala (1915) və bir akrabama vermişdim. Guya qorxudan əllərindəki parçaları yandırmışlar. Surətləri də yoxdur. Heyif oldular, deyilmi? Onları tapmaq bəlkə də heç mümkün olmayacaq…”

Nazimin yuxarıda eynilə verdiyim sözləri ilk dəfə 1978-ci ildə “Cümhuriyyət” qəzetində yayımlananda hörmətli Peridə Calal narahat olmuş və bunları mənim Nazimin adına özümdən uydurduğumu demişdi. “Qurtuluş savaşı dastanı”nın bir bölümünün yox olması doğruydu və bunlar Nazimin ətrafında olan adamlara verdiyi vərəqlər idi ki, 10-15 makina səhifəsindən ibarət olardı.” Demək, Nazim 10-15 makina səhifəsi üçün çevrəsindəki bütün dostlarını ittiham edirdi. Dost başına bir neçə səhifə kimi bir şey!..

Hörmətli Peridə Calal deyib ki, evi nəzarətdə olduğundan əlindəki səhifələri bir xanıma vermiş. O da Nazimin qaçdığını eşidincə qorxub onları yandırmışdı ki, bu ortamda onu günahkar saymaq da düzgün olmazdı…”

Nazim Hikmətin çevrəsindəki dostlarından heç olmasa biri – hörmətli Peridə Calal məni haqsız yerə suçlasa da, yandırma hadisəsini təsdiqləyirdi. Yandırılanın miqdarında fikirlərimiz üst-üstə düşməsə də…

Digər romançımızın mənə xitabən yazılıb-yazılmayan  açıqlamasını Oktay Akal dörd gün sonra eyni qəzetdəki köşəsində “Şeir yandırılarmı?”  sorğusuyla cavab verəcəkdi. Akbala görə, Nazimin itkin sətirləri mövzusu olduqca yayılmış bir məsələdir və heç bir böyük sənətçinin əsəri ortadan qaldırılmamalıydı. Bu bir cinayətdir və əsil günahkar da insanları bu işə sövq edən dövranlardır…”

Nazimə görə, 46 000… Hörmətli Peridə Calala görə isə 10-15 makina səhifəsi!.. Hər səhifədə 30-35 sətir hesabıyla  300-500- sətir!.. Azmıdır? Bir də “ətrafındakı bütün dostlar” var. On, on beş onlara əmanət etdisə Nazim, itən səhifələrin sayı minlərə çıxmırmı? Hamısımı yandırıldı bunların? Haradasa saxlana bilər azından bir bölümü? Ədəbiyyat tariximiz baxımından isə həbsxana şəraitində on minlərcə səhifə yaratdığı məlumdur və:


Sarışın bir qurda bənzəyirdi


Və mavi gözləri çaxmaq-çaxmaqdı


Yürüdü uçrumun kənarına qədər


Əyilib durdu


Buraxsalar


İncə, uzun ayaqları üstdə yellənərək


Və qaranlıqda axan bir ulduz kimi axaraq


Kocatəpədən Afyon düzünə adalayacaqdı…

– deyərək, Atatürkü bir neçə səhifədə yüzlərcə şairin minlərcə səhifəsindən daha coşqulu, həqiqi və əbədi bir biçimdə yaradan böyük ustanın itkin səhifələrinin arxasınca bir kimsənin düşməməsi çox qəribədir. İngilislər Şekspirin, almanlar Götenin, avstriyalılar Motsartın haradasa itkin əsərlərinin  ola biləcəyi fərziyyəsi irəli sürülsə, əcəba beləmi davranardılar?

Nazimin, şahidiyəm ki, üçüncü qayğılandığı şey dəfn olunacağı yerlə bağlı idi. Şeirində “Anadoluda bir kənd qəbiristanında dəfn edin məni” deyərək, sağlığında qovuşmadığı vətən torpağına heç olmazsa öləndə qovuşmağı vəsiyyət etmişdi! Daha nə desin? Bir də Moskvada bizlərə söylədiyi “Öldüyümə yanmaram da… Necə olsa gec-tez öləcəyik… Buralarda dəfn edərlər, ona yanaram…” sözləri var.

Yürdsevərliyinə, Türkiyə, türk xalqı və türk dili sevdasına, şairliyinə və şeirinə bir toz belə qondurmarıq, amma iş son arzusunun yerinə yetirilməsinə gəlincə, inanılmaz bir səssizlik… Utancverici qara yumor kimi bəhanələr… Həm də rəsmi (!) ağızlardan: əfəndim, sümüklərinin Türkiyəyə gətirilməsi üçün öncə vətəndaşlığının bərpa edilməsi bunun üçün də şəxsən (ölmüş adamın!) müraciət etməsi lazımmış!..

Milyonluq Moskvanın sabit, fəqət soyuq atmosferində sayqı və ilgiylə əhatə olunmuş bir qaynar ölkə timsalını andırırdı. Torpaqdan qoparılmış və saxsı qablarda əkilmiş kaktus kimi hiss edirdi özünü. Yenidən torpağına dönəcəyi günü, sanıram ki, bezib usanmadan gözləyəcəkdi.

Ayrılarkən gözləri dolmuşdu:

“Məni də alıb aparmayacağına görə, qucaq-qucaq salamlarımı apar barı dosta, hər kəsə. Soruşan olarsa, “Moskvada bir türk şairi Nazim var” deyərsən…”


XAN nəşriyyatı. Mətni Türkiyə türkcəsindən dilimizə Azad Qaradərəli uyğunlaşdırıb. Oxu zalından götürülüb

Ana səhifəXəbərlərSovet vaxtı Nazim Hikmətlə görüşən türk jurnalistin xatirələri