Qanuna dəyişiklik edildi
Sosial iş yerlərinin təşkili zamanı şəhid ailəsi üzvlərinə də üstünlük veriləcək.
Milli Məclisin fevralın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılan “Məşğulluq haqqında” qanunda bununla bağlı dəyişiklik nəzərdə tutulub.
Qanunun hazırda qüvvədə olan variantında sosial iş yerlərinin təşkili zamanı əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, gənclərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir.
Dəyişikliyə əsasən, sosial iş yerlərində şəhidlərin ailə üzvlərinin əməkhaqqının bir hissəsi dövlət tərəfindən ödəniləcək.
“Məşğulluq haqqında” qanuna əsasən, sosial iş yerlərində 2 ildən az olmayan müddətə bağlanan əmək müqaviləsi ilə işə götürülmüş işçilərin əməkhaqqının bir hissəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 3 aydan az və 12 aydan çox olmayan müddətdə maliyyələşdirilir.
Qanuna edilən digər dəyişikliyə əsasən, özünüməşğulluğa kömək göstərilməsi zamanı da şəhid ailələrinə üstünlük veriləcək.
Qanunun hazırda qüvvədə olan variantına görə, işsiz şəxslərin özünüməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir.
Təklif edilən dəyişikliklə bu sıraya “şəhid ailəsinin üzvlərinə” sözləri də əlavə edilir.
Layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.