Sosial şəbəkələrin lisenziyalaşdırılması planlaşdırılır

Əli Abbasov: “Hazırda nazirlik “Viber”, “WhatsApp”,“Skype” şirkətləri və sosial şəbəkələrlə danışıqlara başlayıb”

Source:

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet messencerlər (Viber, WhatsApp, Skype və başqaları) və sosial şəbəkələrin fəaliyyətini serifikatlaşdıracaq.

Trend xəbər verir ki, bu barədə jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

O bildirib ki, artıq şirkətlərlə danışıqlar başlayıb və onların əksəriyyəti ölkənin tənzimləyici orqanının bu addımını müsbət qarşılayıb: “Məlumdur ki, bu gün Azərbaycanda sosial şəbəkələr və internet messencerlərdən aktiv şəkildə istifadə olunur. Bundan başqa onlardan bir neçəsi internet şəbəkəsi üzərindən xidmət göstərir. Hesab edirik ki, Azərbaycanda kütləvi, fərdi informasiyaların yığımı və saxlanılması ilə məşğul olan şirkətlər Azərbaycan qanunlarına əsasən fərdi məlumatların saxlanılması üzrə sertifikat almalıdır. Bu sertifikat nazirlik tərəfindən verilir”.

Ə.Abbasov qeyd edib ki, hazırda nazirlik “Viber”, “WhatsApp”,“Skype” şirkətləri və sosial şəbəkələrlə danışıqlara başlayıb: “Bu təcrübə yalnız Azərbaycanda deyil, bir sıra Avropa ölkələrində də tətbiq edilir. Hər ölkə öz qanunlarına uyğun olaraq onların fəaliyyətini sertifikatlaşdırır. Sözsüz, bu bir qədər ağır işdir. Çünki bunu bəzən hansısa məhdudiyyətlərlə qarışıq salırlar. Lakin bizdə heç bir məhdudiyyət yoxdur və olmayacaq. Bu şəbəkələr Azərbaycan, onun əhalisi haqda böyük informasiyaya malikdir. Odur ki, Nazirlik də tənzimləyici orqan kimi Azərbaycan vətəndaşlarının onlayn hüquqlarını qorumalıdır”.

Nazir bildirib ki, “Viber”, “WhatsApp”, “Skype” şirkətləri və sosial şəbəkələrlə aparılan danışıqlar müsbət nəticə verib: “Onlar artıq Azərbaycanın qanunlarını öyrənməyə başlayıb. Düşünürəm ki, onların fəaliyyətini sertifikatlaşdıracağıq”.

Bir müddət əvvəl də nazir bununla bağlı mətbuata açıqlama vermişdi. Həmin vaxt nazirin fikirlərini Meydan TV-yə şərh edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məsələ ilə bağlı şərh verməyə çətinlik çəkdiyini demişdi: “Sosial medianın lisenziyalaşdırılması anlayışı Azərbaycan qanunvericiliyində yoxdur. Əgər beynəlxalq rabitə əlaqəsinin lisenziyalaşdırılmasından söhbət gedirsə, bu, artıq lisenziyalaşdırılıb. “Delta Telekom” şirkəti Azərbaycanda İnternetlə bağlı lisenziya alıb  və İnterneti digər qurumlara təqdim edir. Düşünürəm ki, İnternet üzərindən olan hansısa fəaliyyətin lisenziyalaşdırılması qeyri- dəqiq yanaşmadır. Həm də dünyada sosial medianın lisenziyalaşdırılması anlayışı yoxdur. Bəli, Rusiya, Türkiyə, Belarusiyada İnternetə qarşı qadağalar var, ancaq həmin hökumətlər də tam başqa addımlardan istifadə edir. Xüsusilə, Rusiyada fərdi informasiyaların qorunması, uşaqların qorunması  pərdəsi altında İnternetə qarşı müxtəlif məhdudlaşdırıcı addımlar atılır. Söhbət hansısa zərərli, qanunsuz kontentin qarşısının alınmasından gedirsə,bu cür informasiyaların qarşısının alınması İnternetin məhdudlaşdırılması hesabına, başqalarının hüquqlarının tapdanması hesabına  olmamalıdır. Bu vətəndaşların məlumat almaq azadlığını məhdudlaşdırır”.

“Nəhayət, prezident bütün çıxışlarında birmənalı şəkildə İnternetin ölkəmizdə azad olduğunu bildirib. Neftin ucuzlaşdığı mövcud zamanda Facebook, Twitter, Skype kimi büdcəsi  Azərbaycanın büdcəsindən dəfələrlə çox olan qlobal informasiya resursları ilə, sosial media ilə konfliktə getməkdənsə, onlarla əməkdaşlıq etmək , ölkəmizə dəvət etmək, ofislərinin burada açılmasına kömək etmək daha düzgün olardı”,-deyə ekspert fikrini yekunlaşdırıb.

Ana səhifəXəbərlərSosial şəbəkələrin lisenziyalaşdırılması planlaşdırılır