”Hakimiyyət həm daxildə, həm də xaricdə çox böyük problemlərlə üzləşər”
Baş nazirin müavini və hakim Yeni Azərbaycan Partiyasının sədrinin müavini Əli Əhmədov sosial şəbəkələrdə “özünü qanunla müdafiə etməyin mümkün olmamasından” şikayətlənib.
“Turan” agentliyinin məlumatına görə, partiyada keçirilən iclasda Ə.Əhmədov deyib ki, istənilən adamı istənilən formada təhqir etmək, mənəvi terrora məruz qoymaq çox asandır, lakin bundan özünümüdafiə mexanizmi yoxdur.
Sosial şəbəkələrin texniki və hüquqi tənzimləmə yollarını tapmalıyıq
“Bu problem cəmiyyətdə bir gərginlik yaradır. Bu problem tək Azərbaycanda deyil, digər dövlətlərdə də mövcuddur. Ancaq Azərbaycanda bu hal eybəcər formadadır”, – Ə.Əhmədov bildirib.
O qeyd edib ki, Azərbaycanda da bu problemin qarşısını almaq üçün hüquqi normalar var, ancaq bunun tətbiq edilməsi mexanizmi mövcud deyil.
“Bəzi ölkələr bu problemin qarşısını almaq üçün İnternetin məhdudlaşdırılmasına da gedirlər. Mən İnternetin məhdudlaşdırılmasının tamamilə əleyhinəyəm, ancaq biz müzakirələr aparıb texniki və hüquqi tənzimləmə yollarını tapmalıyıq ki, bu eybəcərliklərin qarşısı alınsın”, -Ə.Əhmədov bildirib.
Agentlik hesab edir ki, hakim Yeni Azərbaycan Partiyası İnternetə nəzarətin sərtləşdirilməsi ilə bağlı yeni kampaniyaya başlayır.
Buna misal olaraq, YAP təmsilçisi, parlamentin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin “xaricdən gələn təhlükəsizlik hədələri və təhqirlər”lə əlaqədar sosial şəbəkələrin bağlanmasına çağırışı da qeyd olunub. O, “milli sosial şəbəkələr”in yaradılmasını təklif edib.
Hakim partiyada müzakirələr
Rusiya Dövlət Duması
nda müstəqil internetin yaradılması ilə bağlı qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi ilə eyni vaxta təsadüf edib. Qanun layihəsinin mahiyyəti Rusiyanı ümumdünya şəbəkəsindən ayrılacağı təqdirdə internetin Rusiya seqmentinin işinin davam etdirilməsini nəzərdə tutur.
Türkmənistan
isə 2018-ci ilin dekabrında milli sosial şəbəkənin yaradılmasını elan edib. “Bi-Bi” adlanan şəbəkədə insanlar bir-biri ilə məlumat mübadiləsi apara bilərlər, qruplar yarada, foto və video paşlaşımlar edə bilərlər.
Bununla belə bu ölkədə “Facebook”, “Twitter”, “İnstagram” kimi sosial şəbəkələr qadağandır.
Sosial şəbəkəni yalnız kimsə söyüş söyür, deyə qəbul etmək xətadır
Azərbaycanda hakim partiyanın nümayəndələrinin sosial şəbəkələrə nəzarətin vacibliyi ilə bağlı dediklərinə Meydan TV-də münasibət bildirən hüquqşünas Ələsgər Məmmədli bu tipli çağırışların ilk dəfə olmadığını söyləyərək xatırladıb ki, 2010-cu ildə milli.az sosial şəbəkəsi yaradıldı.
“Ancaq bu layihə alınmadı. Ona görə ki, Azərbaycanda beynəlxalq sosial şəbəkə istifadə edilir, insanlar bundan yalnız siyasi düşüncələrini, gündəlik fikirlərini yox, həm də kommersiya platforması kimi, məhsullarının satışı, reklamı üçün istifadə edirlər. Sosial şəbəkəni yalnız kimisə tənqid edirlər, yaxud kimsə söyüş söyür deyə qəbul etmək xətadır. Sosial şəbəkə böyük bir platformadır, bunun üzərində biznes də, sosial infrastrukdur da, dövlət strukturlarının xidmət sferası da oturub. Bu mənada “sosial şəbəkəni bağlayıb hər şeyin qarşısını alacağıq” deyə düşünmək mümkün deyil”.
Amma hüquqşünas sosial şəbəkələrə çıxışı məhdudlaşdırmağın mümkünlüyünü istisna etməyib:
“Meydan TV və ya AzadliqRadiosuna girişi məhdudlaşıdırıblar. Facebook.com, youtube.com və digərləri də bloklamaq mümkündür. Amma bu addım onların istifadəsini dayandırmaz. Çünki insanlar VPN üzərindən giriş edib istifadə edərlər”.
O hesab edir ki, bu tip çağırışlar zamanın tələbinə uyğun deyil.
Türkmənistanın nümunəsinə gəlincə, o, “bu ölkə kimin üçünsə meyar ola bilməz”, deyib.
“Azərbaycanda 1992-ci ildən internet var, illərdir ki, kapital qoyulub. Rusiyaya gəlincə, bu ölkə parallel şəbəkələr yaradıb, məsələn, odnoklassik.ru. Bu, rusdilli təbəqə üçündür, amma beynəlxalq çıxışı bağlamaq üçün yox, daha çox informasiya təhlükəsizliyi üçündür. Eyni sistem bizim banklarda da istifadə olunur. Əslində, bu addımı atan ölkə dünyanın ümumi gedişatından kənarda qalacaq, cəmiyyət isə inkişaf edəcək. Əgər sosial şəbəkə olmayacaqsa, internet olmayacaq, internetin olmaması isə bank, dövlət xidmətini, elektron hökuməti necə düşünmək olar?”
Bu çağırışlar İlham Əliyevin son ritorikasına uyğun deyil
Müsavat Partiyasının başqanı Arif Hacılı çağırışların İlham Əliyevin son ritorikasına uyğun olmadığını və əslində, ziddiyyət təşkil etdiyini hesab edir.
“İlham Əliyev cəmiyyətlə ünsiyyətdə dünyanın dəyişdiyini, dəyişən dünyanın tələblərinə uyğun idarəçilik sisteminin tətbiq olunmasından danışır. İctimai rəyi öyrənmək üçün mərkəz yaradır”.
Başqanın sözlərinə görə, ictimai rəyin öyrənilməsi üçün ən ciddi məkan sosial şəbəkədir.
“Əgər “Facebook” bağlanarsa, hakimiyyət həm daxildə, həm də xaricdə çox böyük problemlərlə üzləşər. Hakimiyyətdə olanlar bunu yaxşı bilirlər, ona görə internet məkanın qapadılacağını gözləmirəm. Ancaq milli sosial şəbəkə sistemi qurmaq istəyirlərsə, buda bir ideyadır, qura bilərlər, problem yoxdur”.
Həqiqətlə mübarizədə qalıb gəlmək olmur
Tarixçi-alim Altay Göyüşov məsələ ilə bağlı “Facebook” səhifəsində yazıb ki, bir xeyli adamı postlarına, şərhlərinə görə tutdular, statusa, hətta “like”-a görə işdən çıxartdılar:
“Facebook ailələri dağıdır” tipli arqumentlərlə anti-təbliğat apardılar. Profilləri, səhifələri oğurladılar, internetin sürətini azaltdılar, xaricdən texnologiyalar alıb tənqidi statusların yayılmasına maneə törətdilər, trol orduları yaradıb tənqidçilərin statuslarına qarışqa kimi hücumlar etdilər. Nəhayət, öz statuslarının altındakı yüzlərlə tənqidləri sildilər. Amma yenə də “Facebook”a uduzdular. Və indi bağlamaq istəyirlər. Niyə? Çünki həqiqətlə mübarizədə qalıb gəlmək olmur. Ona görə istəyirlər ki, heç kim heç yerdə həqiqəti deməsin, yazmasın, oxumasın, eşitməsin. Az.Tv-dəki kimi ancaq gop olsun”.
İctimai fikri yoxlama cəhdləri edilir
Filosof Musfiq Şükürov da sosial şəbəkələrdə bu məsələyə toxunaraq, yazıb ki, rəsmilərin sosial şəbəkələrin bağlanması ilə bağlı ictimai fikri yoxlama cəhdləri edilir.
“Görünür, elə-belə deyil. Təbii ki, söhbət “Facebook”dan gedir. Azərbaycanda “Twitter” populyar deyil. Əgər qəfildən “Facebook” bağlanarsa, yaranacaq ictimai stressin miqyasını təsəvvür etməkdə çətinlik cəkirəm. Əhalinin siyasiləşmiş kəsimi 15-20 faiz ancaq olar, bəlkə daha az. Qalan 80 faiz burda ər (və ya qız ) axtarır, biznes qurur, yaradıcılığını paylaşır, ölkənin gündəmi ilə tanış olur və ən nəhayət, sosial ehtiyaclarını ödəyir. Bayırda 21-ci əsrdir və insanlar indi virtualda realdan daha çox vaxt kecirirlər. “Facebook”un bağlanması insanların oksigeninin bağlanması effektini verə bilər. Durduqları yerdə 80 faizi də siyasiləşdirmək kimin işinə yarayacaq?”