Sosial Pedaqoji Kollecin müəllimləri narazıdır

“Əgər kollec Nazirlər Kabinetinin, Təhsil Nazirliyinin istəyi ilə birləşdirilirsə, biz niyə öz istəyimizlə işdən çıxmalıyıq?”

Source:
Bakı Sosial Pedaqoji Kolleci
Bakı Sosial Pedaqoji Kolleci
Bakı Sosial Pedaqoji Kolleci
Bakı Sosial Pedaqoji Kolleci



“Əgər kollec Nazirlər Kabinetinin, Təhsil Nazirliyinin istəyi ilə birləşdirilirsə, biz niyə öz istəyimizlə işdən çıxmalıyıq?”

Nazirlər Kabinetinin orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması məqsədilə verdiyi yeni qərarı narazılığa səbəb olub. Qərara əsasən, bu müəssisələrdə təkrarlanmanın aradan qaldırılması, idarəetmənin, maliyyələşdirmənin, kadr hazırlığının səmərəsinin və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə, Bakı Kompüter Kolleci Bakı İdarəetmə və Texnologiya Kollecinə, Şuşa Musiqi Kolleci Şuşa Humanitar Kollecinə birləşdirilib.

Bölgələrdə də bir sıra kolleclər birləşdirilib. Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib ki, bu qərar müəllimlərin fəaliyyətinə mənfi təsir göstərməyəcək: “Birləşdirilən kolleclərdə müəllimlərin ixtisarı gözlənilmir”.

Biz öz əlimizlə yazdığımız ərizələrlə işsiz qalmaq istəmirik

Ancaq Bakı Sosial Pedaqoji Kollecinin müəllimləri bu qərardan narazıdılar. Meydan TV-yə bu barədə məlumatı kollecin adlarının açıqlanmasını istəməyən müəllimələri verib. Deyirlər, Nazirlər Kabinetinin qərarı onların bu günə qədər dərs dedikləri kollecdə düzgün tətbiq edilmir. Məktəb rəhbərliyi onlardan öz xoşları ilə işdən ayrılmaqları barədə ərizə yazmaqlarını istəyir. Müəllimlərsə bununla razı deyil. Onlar işlərini öz əlləri ilə yazdıqları ərizələrlə itirmək istəmirlər:

“Nazirlər Kabinetinin əmri ilə Təhsil Nazirliyi iş yerimizi bağlayır? O zaman dövlət müəllimləri işlə təmin etsin. Və yaxud bilək ki, iş yeri bağlandı, qaldıq işsiz. Biz öz əlimizlə yazdığımız ərizələrlə işsiz qalmaq istəmirik”.

Bakı Sosial Pedaqoji Kollecinin kollektivi ixtisarın səbəbini anlaya bilmirlər. Sual edirlər: rəsmi qərar qəbul edib kolleci bağlayırlarsa, daha onlardan tələb edilən ərizə nədir?

“Ayın 5-də rəhbərlik böyük iclas keçirdi. Ancaq həmin iclasda direktor iştirak etmirdi. Bütün müəllimlərə dedilər ki, ayın 5-dən faktiki kollec bağlanıb. Qanun belə tələb edir” – müəllimələr deyir.

Öz istəyi ilə işdən çıxan birini işlə təmin edərlərmi?

Şikayətçilər deyirlər ki, kollecin bağlandığını anlaya bilirlər. Anlamadıqları rəhbərliyin işçilərə işdən azad olunmaq istəyi ilə bağlı ərizə yazdırmaq istəyidir:

“Əgər kollec Nazirlər Kabinetinin, Təhsil Nazirliyinin istəyi ilə birləşdirilirsə, biz niyə öz istəyimizlə işdən çıxmalıyıq? Axı, bu, bizim istəyimiz deyil. Kollec birləşdirilməsəydi, biz hələ uzun illər orada işləyəcəkdik. Ehtiyac var, bağlayırlar. Anlaşılandı. O zaman dövlət bizi ya birləşdirilən kollecdə, ya da başqa müəssisədə işlə təmin etsin. Öz istəyi ilə işdən çıxan birini işlə təmin edərlərmi? Bunlar deyəsən məsuliyyəti boyunlarından atmaq istəyirlər. Hətta bizə deyirlər ki, ərizə yazıb işdən çıxın, kompensasiyanızı alın. Adama deyərlər, ərizəni yazıb, işdən çıxıb, konpensasiyanı da almısan. Daha nə istəyirsən?”

Ərizəni yazsaq ya işsiz qalacağıq, ya da yenidən işə qəbul üçün bizdən pul istəyəcəklər

Müəllimlər bildirirlər ki, rəhbərlik digər kollecdə işlə təmin olub-olmayacaqları ilə bağlı onlara vəd vermir: “Bu, çox gülməlidir. Elə bil uşaq başı aldadırlar. Bu qədər ali savadlı müəllimi nə yerinə qoyublar, bilmirik. Özü də deyirlər ki, bu nazirliyin əmridir. Hamı bir nəfər kimi işdən azad olunmaq istəyi ilə bağlı ərizə yazmalıdır. Həmin əmri bizə göstərən yoxdur. Ərizə yazan deyilik. Bilirik, ərizəni yazsaq ya işsiz qalacağıq, ya da yenidən işə qəbul üçün bizdən pul istəyəcəklər. İnanmırıq, güvənmirik, yazmırıq”.

İşdən azad olunma ilə bağlı ərizədən söhbət gedə bilməz

Məsələyə münasibət öyrənmək üçün Bakı Sosial Pedaqoji Kolleci ilə əlaqə saxladıq. Kollecin kadrlar şöbəsinin əməkdaşı Səbinə Mərdanova Meydan TV-yə bildirdi ki, kollec rəhbərliyi müəllimlərdən ərizə yazmalarını istəyib, ancaq həmin ərizə işdən azad olmayla bağlı deyil: “Onlardan sadəcə məzuniyyətə çıxmaq istəkləri ilə bağlı ərizə yazmaları istənib. İşdən azad olunma ilə bağlı ərizədən söhbət gedə bilməz. Kollec tamamilə bağlananda yəqin ki, nazirlikdən hər hansı qərar gələcək. Həmin qərarda nə bildiriləcəksə, ona uyğun hərəkət edəcəyik”.

Ana səhifəXəbərlərSosial Pedaqoji Kollecin müəllimləri narazıdır