Baş mühasibin sosial yardım və pensiya üçün pul tələb etdiyi bildirilir
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Cəlilabad rayon şöbəsinin baş mühasibi Pərviz İsgəndərov saxlanılıb. Səbəb rayon sakinlərindən ünvanlı dövlət sosial yardım və pensiya təyin olunması müqabilində 3 700 manat məbləğində pul tələb etməsidir.
Azərbaycan Respublikası Baş Prokurorluğu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı birgə məlumatda belə deyilir.
Bildirilir ki, idarəyə DSMF-nin Cəlilabad rayon şöbəsində vətəndaşlardan dövlət sosial yardım və pensiya təyin olunması müqabilində rüşvət tələb edilməsi barədə məlumat daxil olub. Həmin məlumatı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi araşdırıb.
“Mühasibin vətəndaşlardan rüşvət almasına əsaslı şübhələr var. Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Həmin cinayət əməlinin Pərviz İsgəndərov tərəfindən törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən, o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub”.
Məlumatda deyilir ki, hazırda cinayət işi üzrə qeyd edilən qanunsuz halların hərtərəfli araşdırılması tədbirləri davam etdirilir.
Son zamanlar ölkədə rüşvətalma, rüşvətvermə, vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı əməliyyatlar keçirilir. Bir neçə gün öncə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin Operativ Vergi Nəzarəti İdarəsinin əməkdaşları Azər Allahverdiyev və Cahid Tahirov həbs edilmişdi. Səbəb vətəndaşa məxsus çörək sexindən 6000 manat istəmələri idi. Onlar bunun qarşılığında sexdə il ərzində vergi yoxlaması keçirməyəcəklərini vəd etmişdilər.