Rövşən Hacıbəyli
Sosial dövlətə “şəxsiyyətin dövləti” də deyilir; kitablarda…
20 illik prezidentliyi dönəmində İlham Əliyev “sosial dövlət” terminindən ardıcıl, həm də gen-bol istifadə edib. Azərbaycanın sosial dövlət olduğunu deyib, aparılan siyasətin əhalinin sosial vəziyyətinin yaxşılaşmasına yönəldiyini vurğulayıb. Bəzən ingiliscə çıxışlarında da bu məsələni önə çəkib. Ola bilsin, xaricdə bu çıxışa baxanlar, onu dinləyənlər deyilənlərə inansın, ancaq ölkə vətəndaşlarını, “sosial dövlət”də yaşayanları buna inandırmaq çətindir.
Sosial dövlət — vətəndaşların rifahını başlıca vəzifə qəbul edən dövlət anlayışı olub, onların iqtisadi və sosial əmin-amanlıqlarının qorunması və irəli çəkilməsində dövlətin əsas rol oynamasını təklif edir. Bu sistem sosial ədalət təmin olunmuş, maddi sərvətlər, nemətlər, istehsal resursları qanun daxilində hamıya əlçatan olan və hər bir vətəndaşın layiqli həyat şəraiti əldə etməsinə təminat verən hüquqi, demokratik, müasir ictimai-siyasi quruluşdur.
Bir sözlə, sosial dövlət şəxsiyyəti və onun mənafelərini, rifahını üstün tutan, hüquq və azadlıqlarını qoruyan idarəetmə forması – “şəxsiyyətin dövlətidir”.
Çox təəssüf, sosial dövləti şərtləndirən amillərin heç birini Azərbaycanda görmürük. Baxmayaraq ki, Prezident İlham Əliyev 2020-ci il martın 10-da altıncı çağırış Milli Məclisin (özünüburaxanların yenidən deputat olduğu parlament – R.H.) ilk iclasındakı çıxışında “Azərbaycan sosial dövlətdir və bizim atdığımız bütün addımlar bunu təsdiqləyir” deyib:
“Təkcə keçən il mənim təşəbbüsümlə reallaşan sosialyönümlü paket 4,2 milyon insanı əhatə edir. Minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması, əlbəttə ki, böyük iqtisadi mənbə tələb edir və bunu da biz yaradırıq. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə olur. Ona görə qanunvericilikdə bütün bu məsələlər, əlbəttə ki, diqqət mərkəzində olmalıdır”.
Birinci şərt dövlətin vətəndaşların rifahını başlıca vəzifə olaraq qəbul etməsi, onların iqtisadi və sosial əmin-amanlığını, hüquq və azadlıqlarını qorumasıdır. Azərbaycan dövləti bunu edibmi? Etməyib. Azərbaycanda nə qədər iş adamının öz imkanları, zəhməti bahasına qurduğu biznesi əlindən alınıb, etiraz edən gözünü açıb özünü keçmiş MTN-in zirzəmisində görüb. Əmlakı, var-yatırı əlindən alınandan sonra ən yaxşı halda azadlığa çıxıb, ölkədən gedib. Dirəniş göstərənlər saxta ittihamlarla həbsə atılıb. Təkcə neçə illər məhkəməsi gedən MTN-çilər – “MTN işi” bunun sübutudur. İndi Azərbaycanda hüquq və azadlıqlardan danışsaq, oxucular yazını ciddi qəbul etməz…
Ölkədə sosial ədalət varmı? “Sosial ədalət sərvət bölgüsü, şəxsi fəaliyyət imkanları və sosial imtiyazlarla ölçülən şəxs və cəmiyyət arasındakı ədalətli münasibətlər anlayışıdır.
Azərbaycanda belə bir ədalətli münasibəti görən olubmu? Rüşvətxor, korrupsioner nazir, icra başçısı, hakim, prokuror, müstəntiq, polis… 3-10 min manatarası pensiya alır, sadə vətəndaşınsa pensiyası son artımla 280 manatdır. Bəs hanı ədalət? Korrupsioner, rüşvətxor məmurla sadə vətəndaşın pensiyası arasındakı fərqdirmi sosial ədalət? İşə götürülərkən adamlar arasında ayrı-seçkilik pik həddədir…
Maddi sərvətlər, nemətlər, istehsal resursları qanun daxilində hamıya əlçatandırmı? İnhisarçılığın qarşısı alınıbmı? Yox, ancaq bal tutanlar barmağını yalayır. Bunun sübutu da yüksək vəzifəli məmurların ara-sıra keçirilən məhkəmə prosesləridir. Dövlətin milyonlarını mənimsəyən bu vəzifəlilərlə bağlı “ədalət prinsipi” işləyir, onlar mənimsədikləri milyonların bir qismini məhkəmə prosesi zamanı qaytarır, əvəzində həbsdən buraxılır (Eldar Mahmudov, Akif Çovdarov, Mövlam Şıxəliyev, “Rabitə işi” və başqaları misalı), kənara çəkilib qalan “xırda-xuruş” milyonlarını xərcləyir… Yəni ölkənin yeraltı, yerüstü sərvətləri kiçik bir qrupun inhisarındadır, qanunla bütün hüquqları bərabər olan vətəndaşlara bu sərvətlərdən pay düşmür. Əlçatanlıq bir yana, o sərvətlərə uzaqdan baxmaq belə yasaqdır.
Hər bir vətəndaşın layiqli həyat şəraiti əldə etməsinə təminat verir sosial dövlət. Azərbaycanda layiqli həyat şəraiti əldə edən ailələrin sayını bilən varmı? Layiqli həyat vətəndaşın qazandığını rahat, qorxusuz xərcləməsidir, işıqpulu, qazpulu dərdi çəkməməsidir, maşınına yanacaq ala bilməsidir, istirahətə, məzuniyyətə vaxt ayırmasıdır, ailəsini mədəni tədbirlərə apara bilməsidir, ailəsini hər bir şəraiti olan rahat mənzildə yaşatmasıdır. Bizdə öz zəhməti ilə az-çox pul qazananlar belə bu pulu açıq, rahat şəkildə xərcləməyə qorxur, qorxur ki, kimlərsə bundan xəbər tutub gecəylə qapısını döyəcək, maşınına, cibinə narkotik atacaq…
Azərbaycanda 100-150 mənzili olan adamlar var, ailəsi ilə bir otağa sığınan adamlarsa daha çoxdur. 44 günlük savaşın qəhrəmanlarının, şəhidlərinin çoxu şəraitsiz mənzildə yaşayanlar, uşaqpulu almayan valideynlərin övladları idi…
Sirk uşaqların getmək istədiyi məkanlardan birincisidir. Valideynlər uşaqlarını ora apara bilirmi? Bakı Sirkində 13 oktyabrdan 26 noyabra qədər davam edəcək yeni mövsüm başlayıb. “Su sirki – Möcüzələr şəhəri” proqramında biletin qiyməti 11-35 manat aralığındadır. Ancaq saytına baxanda görürük ki, qiymətlər əsasən 17-35 manatdır. Təsəvvür edin, 3 uşaqlı bir ailə 17 manatdan biletə 68 manat verməlidir (17 manatlıq biletlər arxa sıralardır, heç manej düz-əməlli görünmür), bileti 35 manatdan (bu yerlər manejə yaxındır) alarsa, o halda 3 uşaq və bir böyük üçün 140 manat verməlidir. Hələ bunun başqa xırda-para xərcləri də var: yolpulu, fasilədə uşaqlar üçün nəsə almaq və s.
Uşaqpulu verilməyən, sosial dövlət anlayışından kilometrlərlə məsafədə olan kasıb Azərbaycan ailəsi üçün bu xərcin nə demək olduğunun izahına ehtiyac yoxdur.
Sosial dövlətin təməli vətəndaş cəmiyyəti institutları sayılır, 2014-2015-ci illərdə o institutlar bizdə bir sinif kimi ləğv edilib; repressiya yoluyla…
Sosial dövlətin əsas prinsiplərindən biri də orta təhsilin pulsuz olmasıdır, bizdəsə pullu təhsilin əsası bağçada qoyulur…