Məlahət İbrahimqızı: ”Avropa Birliyi müstəqil təşkilat deyil”
“Son vaxtlar Avropanın bir sıra strukturları Azərbaycana qarşı qərəzli hücuma keçiblər. Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr olunan tədbirdə də bunu qeyd etdi. Avropa Parlamentinin son hesabatında Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı fəsillərdə ölkəmizə qarşı qərəzli məsələlər öz əksini tapıb”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib. O, Milli Məclisin sədrindən Avronest Parlament Assambeyasının nümayəndə heyəti adından Avropa Parlamentinə müraciət hazırlanmasını xahiş edib:
“Azərbaycanın işğal olunmuş torpaqları, 1 milyondan çox qaçqın və məcburi köçkünü, eləcə də, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan qeyd şərtsiz çıxarılması ilə bağlı qətnamələr var. Belə olan halda, nə baş verdi? Ayın 15-də qəbul olunan sənədlər bir daha göstərdi ki, Avropa Birliyi müstəqil təşkilat deyil və Azərbaycana qarşı olan qüvvələr orada öz mövqeyini gizlədə bilmirlər. Bu ölkəmizə qərəzli mövqenin nümayişdir”.
Vaxtilə azərbaycanlı əsirlərin daxili orqanlarının ticarəti ilə məşğul olan təşkilat Azərbaycana təzyiq edilməsini tələb edir
Deputat Azay Quliyev isə deyib ki, bəzi beynəlxalq QHT-lər Azərbaycana təzyiq göstərməyə, Azərbaycan-Avropa İttifaqı münasibətlərinə xələl gətirməyə çalışır. O həmin təşkilatları vaxtilə azərbaycanlı əsirlərin daxili orqanlarının alveri ilə məşğul olmaqda ittiham edib. Deputat vurğulayıb ki, hər dəfə Azərbaycanla Avropa İttifaqı arasında mühüm məsələlər müzakirə olunan zaman bu cür şəbəkə fəallıq göstərir.
“Həmin qeyri-hökumət təşkilatlarının siyahısına baxsaq, görərik ki, bu təşkilatlar qərəzlidir və onlar bəlli qüvvələr tərəfindən yönləndirilirlər. Bunlar Avropa İttifaqı ilə Azərbaycan arasında strateji əməkdaşlıq haqqında sazişin imzalanmasını istəməyənlərdir. Bu təşkilatlar arasında PİN adlı biri var. Bu təşkilat Dağlıq Qarabağ müharibəsinin qızğın vaxtında azərbaycanlı əsirlərin daxili orqanlarının ticarəti ilə məşğul idi. İndi bu təşkilat Azərbaycana təzyiq edilməsini tələb edir”, – A.Quliyev deyib.
Deputat qeyd edib ki, bu təşkilatların sırasında Sorosun da dəstəklədikləri var.
“O Soros ki, biz onu 7-8 il öncə qeyri-konstruktiv fəaliyyətinə görə Azərbaycandan çıxarmışıq. İki ay öncə Avstriya eyni addımı atdı. Həmin addımı bir neçə il öncə Macarıstan da atıb. Ancaq onlara heç bir təzyiq edilmədi. Amma Azərbaycan bu addımı atanda, Azərbaycan-Avropa İttifaqına münasibətlərinə xələl gətirmək istəyən həmin qüvvələr bizə irad bildirirdilər”.
A.Quliyev hesab edir ki, belə bir həssas məqamda Azərbaycan qarşı aparılan bu kampaniya davam etdirilir.
“Ancaq, bütün bunlara baxmayaraq, Azərbaycan- Avropa İttifaqı arasında münasibətlər inkişaf edəcək və biz qarşımızda duran hədəflərə çatacağıq”.
Noyabrın 15-də Avropa parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul edilib. Qətnamədə erməni lobbisinin təkidi ilə Dağlıq Qarabağın öz müqəddaəratını təyin etməsi məsələsi öz əksini tapıb.
Bu, mədəniyyətin faciəsidir
Plenar iclasda çıxış edən, deputat Zeynəb Xanlarova Xalq artisti Rasim Balayevin müdafiəsinə qalxıb.
O, bu məsələ ilə bağlı susa bilmədiyini bildirib.
“Mədəniyyətimizə, incəsənətimizə böyük töhfələr verən Rasim Balayev Babəki, Nəsimini yaradan sənətkardır. Amma həkim aktyora dərman yazıb, onu almağa pulu yoxdur. Bu, mədəniyyətin faciəsidir”.
Zeynəb Xanlarova Səhiyyə Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə çağırış edərək, bu məsələdə biganə qalmamağa xahiş edib:
“Bunlar niyə bu məsələyə baxmırlar?! Artıq canda can qalmayıb. Niyə buna əncam qılmırlar?! Mən millətin adından xahiş edirəm ki, onunla məşğul olsunlar. Rasim Balayevin aldığı pul nədir ki, dərmanlara versin? Mən xahiş edirəm bizim hamımız bu böyük sənətkara kömək olaq”.
Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, bu məsələ diqqətdə saxlanılacaq.