Referendumdan sonra şəhər əhalisindən seçkinin necə keçməsi ilə bağlı sorğu etdik. Referendumun şəffaf keçdiyini deyənlər də oldu, saxtakarlıqların olduğunu da. Bəziləri isə ümumiyyətlə seçkidə iştirak etmədiyini bildirib.
-Sosial şəbəkələrdən izlədiyimə görə, tam qanunsuz. Düzdür, özüm iştirak etmədim, iştirak etməyin də bir mənasını görmürəm. Elə öz seçki idarəmizdən götürürəm, müəllimlərdən, bir də dövlət işçilərindən başqa heç kim getməyib. Qalanı da onların insafına baxır. Hərəsi 5-6 dənə səs atıb. Atmayanların, yəqin ki, elə mənim də yerimə “yox” olmasa da, “hə” yazıb, atıblar.
– Seçkilər çox yaxşı keçdi. Yaxşı idi, normal idi.
-Səsverməyə qatılmadım, ancaq sivil Azərbaycan Respublikasında hər şeyin tər-təmiz və aydln olduğuna inanıram.
-Demək olar ki, yox, heç maraqlanmamışam. O qədər belə seçkilər olub ki… Heç bir sözüm yoxdur, sadəcə.
-Normal bir vətəndaş kimi getdim, səsimi verdim. Heç bir zorakılıq görmədik.
– Vallah, mən heç getməmişdim. Kimdən də soruşuram deyir getməyib. Ancaq deyirlər, 71% yığıblar. Hardan yığıblar? Kimdən soruşuram, getməyib. Bilmirəm bunlar hardan yığıblar.
– Mən vitse-prezidentə “hə” dedim. Istəyərdim ki, vitse-Prezident qadın olsun.
– Çox gözəl münasibət bəsləyirəm. Yəni, seçkilər çox gözəl keçdi. Xalqımıza səslənirəm ki, seçiminizi çox gözəl etdiniz. Yenidən İlham Əliyev seçiləcək. Təşəkkür edirəm.
-Orada olan əlavələrlə, düzəlişlərlə tamamilə razıyam. Bəzi qaranlıq məsələlərə aydınlıq gətirildi. Yəni, artıq sual yaranmırdı ki, bu iş belə olmasa, necə ola bilər. Çox yaxşıdır və yalnız bizim həyatımızın yaxşı olmasına yönəldilibdir.
– Zaman göstərəcək nəticə nə olacaq, bu referendumun nəticəsi.
-Getdim də, müşayiət etdim də. Yüksək səviyyədə, rahatlıqla hamı gəlib-gedirdi.
– Yox deməyə əsasım olmadı. Çünki maddələr demək olar ki, konstitusiyanın özünə uyğun idi.
– Seçkilərə mən getmirəm, seçkilərə inanmıram. Biz elə bir ölkədə yaşayırıq ki, adam danışmağa qorxur. Çünki uşaqlarımız, ailəmiz var. Bir də gördün “narkomansan” deyəcəklər.
-Seçki yoxdur, bir kəlmə. Yuxarıda özləri təşkil edir, özləri də yazır. Çox mənasız şeydir.