Sonuncu vaqonun sirri

Qadın kişi ilə bir qatarda niyə sıxılmalıdır…

Source:

Qədim sivilizasiyaların dünya mədəniyyətindəki rolu böyükdür. Biz mədəniyyətimiz qarışıq həmin qədim sivilizasiyaların qalıqları, tör-töküntüləriyik. Bu gün mədəniyyətimiz, davranışımız qədim insanlarınkından çox seçilsə də, hamımızın kökü gedib mağaraya çıxır. Hamının ibtidai icma quruluşunda “torpaq olmuş” “dədə-babası” var. Amma bu gün müasir insan mağarada yaşamır. Çünki nail olduğu elmlə özünə şərait yaradıb və mağara adamını geridə qoyaraq çox irəli gedib. Müasir insan biliklidir, tədbirlidir, müasirdir.

Amma bizdə bu gün də elə adamlara rast gəlmək olur ki, onlar mağara adamından, mağaradan və ibtidai icma quruluşundakı yaşam tərzindən heç uzaqlaşmayıblar. Elə mağara adamı kimi də qalıblar. Iyrimi birinci əsr bu adamlara deyir ki, əzizlərim, dünya dəyişib. Düşüncə tərziniz, metodlarınız köhnədir, onları dəyişin, müasirləşdirin. Həmin adamların cavabları isə bu olur ki, yox e, biz mağara qaydaları ilə yaşamaq istəyirik.

Bu adamlar davranış tərzləri ilə bir-birilərinə çox oxşayırlar. Oxumaqla araları yoxdur. Onlar ətraf mühiti çirkləndirir, özlərini ictimai yerlərdə vəhşi kimi aparır, əks cinslə pis rəftar edirlər. Bir sözlə, mağara adamlarına xas instinktlərlə yaşayırlar. Bəzi oğlanlar görmüşəm, şəhərdə qızın dalınca ulayır. Beləsinin beynində işıq yoxdur. Cəhalət zülmətinin toruna ilişib, qalıblar. Dərd orasındadır ki, bu tordan çıxmaq da istəmirlər. Onların yeri rahatdır. Bir zaman düşdükləri torun hörümçəklərinə çevriliblər və başqalarını da bu torda görmək istəyirlər.

Neçə gündür sosial şəbəkələrdə #‎SonVaqonaMinmeAyKişi adlı həştəq yayılmaqdadır. Elanı isə belədir: “Qardaşlardan bir xahişimiz var.Gəlin, metroda sonuncu vaqona minməyək. Bu sonuncu, beşinci vaqonu xanımlarımız üçün saxlayaq.Bununla biz qadınlarımızı rahatsızlıqdan və sıxıntıdan qurtarmış, özümüzü isə günahdan və xəcalətdən qurtarmış olacağıq. PAYLAŞAQ hamı bilsin!”

Biz heç vaxt məsələni kökündən həll etməyi sevən adamlar olmamışıq. Bu günün işini sabaha, sabahkını o birisi günə ötürə-ötürə gəlib bu günə çıxmışıq. Daha doğrusu, günə yox, qaranlığa.

İndi bu çağırışın da məğzi ciddi məsələyə səthi yanaşmadan, onu mental və ya dini fonda həll etmək istəyindən başqa bir şey deyildir. Bu gün həll olunası işi sabaha qoymaqdır.

Bu təklif ciddi suallar yaradır:

1.Bir vaqonun içindəki boş yerlərlə gündə metroya minən qadınların sayı hesablanıb müqayisə edilibmi?

2. Biz kişilər bu addımı atmaqla özümüzü hansı günahdan və xəcalətdən qurtarmış olacağıq? Bu yeni günahyuma metodudurmu? Ümumiyyətlə, söhbət hansı günahdan və xəcalətdən gedir?

3. Xanımlarımız bəylərimizlə eyni qatarda olanda nədən sıxılırlar və bunun gerçək səbəbi nədir?


Bəli, biz heç vaxt məsələni kökündən həll etməyi sevən, alternativ yollar axtaran adamlar olmamışıq və deyəsən, olmaq da istəmirik. Odur ki, səthi həll üçün səs-küy qoparmağın da hardasa kol dibində gizlənmiş bir bəraəti var. Qadınlara ictimai nəqliyyatda əl-qol atan, əxlaqsız hərərkətlər edənlər ölkədəki təhsil problemini həll etməyə, gənclərimizin bir-birilərini cins olaraq daha yaxşı başa düşmələri üçün yollar axtarmaqdansa, çıxış yolunu sonuncu qatara minməməkdə görürlər.

Şəxsən mən bilsəm ki, sadalanan problemlər sonuncu qatara minməməklə öz həllini tapar, ümumiyyətlə, heç bir qatara minmərəm. “Əhmədli”də tunelə atlanıb “İçərişəhər”ədək tunelin içi ilə qaçaram.

Bir də o sonuncu qatara minmək istəməyən azərbaycanlı kişilərin 1%-i qadınlarımızı xoşbəxt etməyə çalışsaydı, qadınlarımız sevincdən qatarın üstü ilə uçardılar.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəSonuncu vaqonun sirri