“Sonuncu dəfə “hər şey qaydasındadır” dedi, 2 saat sonra şəhid oldu”

Sonra Cəbrayıl istiqamətində döyüşlərə qatılıb.

Source: Specify Source


Xanımı: “Hara baxırdım, onu görürdüm, dəli olacaqdım”

“Elə şən, elə pozitiv idi ki, heç vaxt ağlıma gəlməzdi şəhid olar. Sentyabrın 27-si müharibə başlayıb, zəng etmişəm, deyirəm, narahatam, müharibə başlayıb. Qayıtdı ki, boş ver, beynini bununla yorma. Elə həmin günü axşamı Cəbrayılın Nüzgar kəndində həlak olub”.

II Qarabağ Müharibəsində həyatını itirən Elvin İsmayılovun xanımı Şəhla Mirzəyeva belə deyir.

Xanımı Elvinlə bağlı xatirələrini bölüşür. Deyir, onunla yaşadığı 9 ay ömrünün ən xoşbəxt zamanları olub:

“Elvin 10 il Qazaxda işləyib, çavuş idi. 2019-cu ildə təyinatı doğulub-böyüdüyü Beyləqana çıxdı. Apreldə Beyləqana gəldi, dekabrın 29-da toyumuz oldu. Xoşbəxt idik. Amma bu, cəmi 9 ay sürdü”.

Şəhla Mirzəyeva Elvini peşəsinə bağlı hərbçi kimi yaddaşına yazıb. Deyir, işini hər şeydən çox sevib. Heç vaxt işdə olan söhbəti evə daşımayıb. Elə müharibə olacağını bildiyini də heç vaxt deməyib:

“Çalışırdı ki, ailəsi rahat olsun. Soruşurdun ki, deyirlər, müharibə olacaq, düzdür? Deyirdi, boş şeydi, fikir eləmə”.

image00047.jpeg
“Elvin 10 il Qazaxda işləyib, çavuş idi”.

Şəhla Mirzəyeva deyir ki, yayda Tovuzda olan döyüşlər Elvini çox sarsıdıb:

“İllərlə qulluq etdiyi ərazilər olub oralar. Polad Həşimovu şəxsən tanıyırdı. O, şəhid olanda günlərlə yemədi, içmədi, gözünə yuxu getmədi. Yadımdadı, yaman sarsılmışdı. Elə çox keçmədi, özü də şəhid oldu”.

Şəhla deyir ki, Elvin barədə videoçarxlar hazırlayıb, “Youtube”-da yerləşdirib. Bu yaxınlarda bir zəng alıb:

“Keçmiş əsgərlərindən biri idi. Videoda Elvinin şəhid olduğunu görüb zəng etmişdi. Ağlayırdı, deyirdi ki, Qazaxda keçib hərbi xidmətini. Bir gün çox pis xəstələnib, hərarəti olub. Elvin onu qucağında çıxarıb hərbi hissədən, taksi ilə xəstəxanaya aparıb. Müalicəsini öz hesabına etdirib. Minnətdarlıq edirdi. İtkim böyükdür”.

Şəhla Mirzəyeva deyir ki, Elvinin hərbçi dostlarından biri bu yaxınlarda onu ziyarətə gəlib:

“Hələ də bu olanlara inana bilmədiyini deyirdi. 1 ildir nişanlı olduğunu söylədi, toyu olacaqmış. Ancaq nişanlısı ilə də razılaşdırıb, toy etmək fikrindən danışınıblar. Deyir: “Rəsmi nigah edib, gələcəyik evimizə. O toyda mənim qardaşım iştirak etməyəcəksə, olmasın, istəmirəm”. Yoldaşlarının hamısının hörmətin qazanmışdı”.

image00051.jpeg
Deyir, onunla yaşadığı 9 ay ömrünün ən xoşbəxt zamanları olub

Şəhla və Elvin Beyləqanın Əlinəzərli kəndində yaşayırmışlar. Elvinin atası ilə eyni həyətdə, ayrıca evləri var imiş:

“İkimiz də səhər bərabər işə gedərdik. Mən Beyləqan məktəblərinin birində ibtidai sinif müəlliməsiyəm. İşdən çıxanda bəzən anamgilə gedərdim, axşam gəlib götürərdi, bəzən də birbaşa evə gələrdim. Ən böyük dərdim işimlə evimin ara məsafəsinin çox olması imiş. Mənim dərdim-sərim yox imiş, bilməmişəm. İşdən gələrdi, yeməyini yeyən kimi ya idmana, ya da bilik yarışlarına baxardı. Ondan sonra evimizdə qala bilmədim, anamgilə köçdüm. Hara baxırdım, onu görürdüm, dəli olacaqdım. İndi işlə başımı qatıram. Amma bəzən jurnal yazanda da Elvin gəlib durur gözümün önündə. Yaxud sinfimdə hərbçi uşaqları çoxdur. Uşaqlarını götürməyə gələndə görürəm. Hər dəfə o formanı görəndə birtəhər oluram. Dözmək çətindir…”.

Şəhla Mirzəyevanın sözlərinə görə, Elvini sonuncu dəfə sentyabrın 27-si tezdən görüb. Səhər evdən çıxanda sağollaşıb, “müharibədir, bilmək olmaz, dönməyə də bilərəm”, – deyib:

“İnana bilmirdim. Mənə son sözü o oldu ki, müharibənin hər üzü var, bilmək olmaz. Dönsəm, sənin üçün hər şey edəcəm. Dönməsəm də, bağışla, səni sevirəm. Elə gülürdü ki, gülüşü hələ də gözümün önündədir”.

image00035.jpeg
“Ondan sonra evimizdə qala bilmədim, anamgilə köçdüm”

Şəhla Mirzəyeva deyir ki, bundan sonrakı zamanlar onun üçün heç də asan keçməyib. Əvvəlcə yaralanması xəbəri gəlib, sonra həlak olduğunu eşidib:

“Sonuncu dəfə atamla danışıb. Deyib: “Hər şey qaydasındadır”. Elə ondan 1-2 saat sonra da həyatını itirib. Əvvəlcə Füzulidə yaralanıb, ancaq çıxmayıb döyüşdən. Deyib: “Əsgərlərimi tək qoya bilmərəm”. Yanında olanlar danışır. Deyirlər ki, ayağından yaralandığı halda yaralıları çıxarırmış. Sonra Cəbrayıl istiqamətində döyüşlərə qatılıb. Elə Nüzgar kəndində də həyatını itirib. Mənə ürəyindən vurulduğunu dedilər”.

Şəhla Mirzəyeva deyir ki, təkcə Elvin yox, 2 min əsgərin hamısı gələcək nəsillər rahat yaşasın deyə canlarından keçiblər. Deyir, bunu unutmaq olmaz, onların adını daim yaşatmaq lazımdır:

“Mən əlimdən gələni edirəm. Əlinəzərli kəndindən 4 şəhid var. Adlarını məktəbin siniflərinə verdirmək üçün əlimdən gələni etdim. Elvinin adı da oxuduğu məktəbdə 8-ci sinfə verildi. Bu, biz ailələrə təsəllidir. Həqiqətən, onlar yoxdular artıq, amma biz bu gün sadəcə diqqətdən təsəlli tapırıq. Çox şey istəmirik ki…”.

Martın 9-da Elvinin 32 yaşı tamam olub. Ailəsi doğum gününü onsuz qeyd edib.

image00044.jpeg
Şəhla Mirzəyeva deyir ki, təkcə Elvin yox, 2 min əsgərin hamısı gələcək nəsillər rahat yaşasın deyə canlarından keçiblər
Ana səhifəBölgə“Sonuncu dəfə “hər şey qaydasındadır” dedi, 2 saat sonra şəhid oldu”