Bu il Azərbaycanın orta məktəblərini 200 minə yaxın şagird bitirir
“Son zəng” günü Bakının bütün orta məktəbləri polis nəzarətində olacaq.
Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, polis general-mayoru Səhlab Bağırov məlumat verib.
S. Bağırov bildirib ki, son zənglə əlaqədar iyunun 14-də BŞBPİ-in polis qarnizonu gücləndirilmiş iş rejimində çalışacaq.
Paytaxtda fəaliyyət göstərən bütün məktəblər polisin nəzarətinə götürüləcək, orta məktəblərin yerləşdiyi ərazilərdə polis naryadlarının sayı artırılacaq və “Son zəng”lə bağlı tədbirlərin məktəblərin ərazisindən kənarda keçirilməsinə imkan verilməyəcək.
S. Bağırov “Son zəng” günü paytaxtda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunacağını, ictimai asayişin tam təmin ediləcəyini bəyan edib.
APA-nın əldə etdiyi məlumata görə, sabah məktəbi bitirən məzunlar Dənizkənarı Milli Parka buraxılmayacaq. Belə ki, sabah Bakı şəhərində keçiriləcək “Formula-1” üzrə Avropa Qran Pri yarışlarının test mərhələsi olacaq.
Bu il Azərbaycanın orta məktəblərini 200 minə yaxın şagird bitirir.