Bütün incidilən adamlar instinktiv olaraq buna əks reaksiya verirlər. Kimi üzülərək, kimi şikayət edərək, kimi qəzəblənərək və sairə hallarla. İstənilən haqlı və haqsız hərəkətin izahı olmalıdır. Yoxdursa həmin incikliyi daşımaq, həzm etmək daha da ağırlaşır.
Anam həyatda olanda belə şeyləri yola vermək nisbətən asan olardı. Hətta qırx yaşım ərəfəsində başımı onun bapbalaca yumru dizlərinin üstünə qoyub sadəcə uşaq kimi ağlayardım. O da bir qayda olaraq saçlarımı sığallaya-sığallaya deyərdi ki: – Sənin o qədər yaxşı dostların var, niyə hər boş şeyə görə canını bu qədər üzürsən? “Hər boş şeyə görə” desə də, bilirdi ki, səbəb boş şey-flan deyl, kifayət qədər doludur. Amma dostlarımı xatırlatmaqla məsələ doğrudan da sadələşərdi. Və mən onun adı kimi tərtəmiz ala gözlərindəki tükənməz sevgini, doğma ifadəni canıma çəkib ayağa qalxardım.
Nigarançılıqdan ürəyi partlasa da, nə isti-isti, nə də sonradan “nə olub?”, “nə olmuşdu?” deyə soruşmazdı. Eləcə gözləyərdi… Günün birində həmin incikliyin travması keçər-keçməz açılıb-tökülərdim qarşısında… Onda da təxminən eyni təsəllini eşidərdim. “Sənin o qədər yaxşı dostların var”… Bircə dəfə deməzdi ki, sənin sənə, sənin axmaq arzularına, barsız-bəhərsiz ideyalarına görə ömrünün bu çağında yanında olan anan var.
Yaranışdan ta sona qədər dəyişməyən ipək qəlbi, cəfakeş canı ilə bir evin deyil, bir kəndin ağbirçəyinə çevrilən adam tez-tez dəyişən özgə qapılarında da eyni missiyanı daşıyırdı. Hara düşürdük, bir neçə günə böyüklü-kiçikli hamı onu sevərdi. Çünki özü sevməyi bacarırdı. Bütün bunlarla bərabər anam biruzə vermədən əvəzsiz dəyərlərini, unudulmaz anlarını, sevdiklərini və onu sevənləri qoyub gəldiyi kənd-kəsək üçün çox darıxardı. Bunu duymaq məndən ötrü dünyanın ən böyük əzabı olsa da, biz daha o kəndə qayıda bilməzdik.
…Bir dəfə işdən gələndə məni görən kimi qapımızın ağzındakı oturacaqdan durmadı. Başqalarının yanında özümü tox tutsam da “evə həmişə məndən bir addım olsa da tez çatıb xörəyi isidərdi axı… ağrayan yerimi var, ay allah?” – deyə haldan-hala düşdüm. Bir az keçmiş gəlib tələsik izahat verdi ki, “bəs ay bala, Qənirənin nəvəsi mənim şalımın altında gizlənmişdi, uşaq pərt olmasın deyə dura bilmədim”.
– Ay Alagöz bacı, özü orda ola-ola Qənirənin nəvəsi sənin şalının içində niyə gizlənir?
– Nə bilim a bala, nənəsi üz vermir bəlkə. Bir də nə fərqi var ki, mən də onun nənəsi…
Bəlkə sən daha çox üz verirdin Alagöz bacı… Nəinki insanlara, hətta heyvanlara, quşlara da… İki qapıdan sonra axırıncı otaqda sənin çarpayınla üzbəüz divardakı qaranquş yuvası hələ durur. Normalda eyvanlarda məskən salan ürkək qaranquşlar o iç otaqda əmin-arxayın sənə sığınmışdılar. Axşamlar hələ isinməmiş havalarda bizim bütün qapı-pəncərəmiz taybatay açıq olardı ki, qəfil soyuğa düşmüş zərif quşcuğazlar isti yerlərinə rahat keçə bilsənlər. Səhər obaşdan başlayardılar zil səslə oxumağa. Yuxum qaçardı. – Moestro, deyərdim, özfəaliyyət orkestrinin iş rejimini dəyişə bilməzsən? – O nə olan şeydi a bala? Biabır eləmə məni qocalan vaxtı, – deyərdi. Uğunub gedərdim…
Səndən sonra o qaranquşlar bir daha geri dönmədilər. Sən də erkən payızda biryolluq getdin, qaranquşlar kimi… Neçənci olduğunu bilmədiyim bir gəliş onların son gəlişi və o səhər alatoranındakı dəli-dolu qəhqəhə də mənim o cür xoşbəxt son gülüşüm oldu. Qayıtmayacaqların yolunu gözləmək çox ağrılıdır, amma getdikcə bu ağrı canında yer eləyib sənə doğmalaşır. Sizi doğma ağrılarla gözləyirəm. Qayıtmayacağınızı bilə-bilə. O çarpayı yerindən tərpənməyib, anam. O yuva sökülməyəcək. Məndən sonraya qədər…
Yaşlı bir adamın anasına bu qədər bağlı olması bəlkə o qədər məntiqli görünməz. Yəni, ölənlə ölünmür, həyat davam edir və sair prinsiplər baxımından. Amma insanlar bəzən dünyaya yalnız sadəcə ana və yaxud övlad olmaq üçün gəlmirlər. Böyük missiyalar sadə adamların üzərinə düşür. Mənim anam sıradan bir ana olmadı, ölkənin ən çətin dövrünün ana obrazlarından biri oldu. Amma bircə dəfə olsun obraza girmədi, hətta bunun nə demək olduğunu bilmədi də…
Ağ çörəyimiz olmadı, qara umac içdik, təzə paltarımız olmadı, köhnələri birləşdirib yenidən geyindik. Bapbalaca yuvamızı bərəkətli, isti qərargaha çevirdi. Onun yanında daim özümüzü ən salamat yerdə bildik. Yes-yekə məmurların sifarişiylə qapımıza rəis də gəldi, prokuror da. Rəsmi dairələrdə heç nədən saatlarla izahat verdim. Əl-ələ verib sınmadıq, əyilmədik, xırdalanmadıq. Əks halda evimiz-eşiyimiz, rahat yaşamaq üçün imkanlarımız olardı. Olmadı və ömrünün sonuna qədər yaşadıqlarımızdan şikayətlənməyən mənim xanım-xatın anam “jek” köşəsində can verdi.Bütün bunları xatırlayacaq o qədər adam var ki… Amma o mələyin təsdiqə və yaxud təqdirə ehtiyacı yoxdu. Nə sağlığında, nə indi…
Mən bunlardan başqa bir dəfə danışmaq niyyətindəydim. Amma bu ünvanda son yazım olduğu üçün “Meydan”dan “Anamın kitabı” ilə ayrılmaq istədim. Əslində bu ünvanda anamla bağlı yazımdan təsirlənən duyğulu birilərinə verdiyim sözü tutmağa çalışdım. Mövzuya təkrar qayıtmaq barədəki sözümü. Yoxsa ki, sadəcə əllərimi yelləyib çıxıb gedərdim. Yenə də eləcə gedirəm. “Meydan”dakı hər kəsə bütün qəlbimlə uğurlar arzulayıb “xoşca qalın, allah sizi pis nəzərlərdən qorusun!” deyərək…
Və sonda:
Son vaxtlar dəbdə olan imtina bəyanatlarının ən təsirlisinə təxminən otuz il əvvəl mənim türkəsaya anam öz sevgi möhürünü vurmuşdu. Məndən imtina edənlərdən imtina etməklə…
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…