Son üç ayda yol qəzalarında 162 nəfər ölüb

15,1 mln. manat məbləğində cərimələr yazılıb

Source:


15,1 mln. manat məbləğində cərimələr yazılıb

2017-ci ilin yanvar-mart aylarında Azərbaycanda 407 avtomobil qəzası olub. Bu, 2016-cı illə müqayisədə 2,9 faiz azdır. Hadisələrdən zərərçəkən şəxslərin sayı da 3,9 faiz azalıb; 573 nəfər olub.

Məlumatı Dövlət Statistika Komitəsi yayıb. Bildirilir ki,  qəzalarda 162 nəfər ölüb, 411 nəfər xəsarət alıb. “Hadisələrin 46,7 faizi gündüz, 33,9 faizi gecə, 19,4 faizi isə toran vaxtı olub. 24,3 faiz qəza həftənin şənbə və bazar günlərinə düşüb”.

Məlumatda deyilir ki, yol-nəqliyyat hadisələrinin 89,9 faizi yaşayış məntəqələrində baş verib. Bu hadisələr nəticəsində ölənlərin sayı 2016-cı ilin müvafiq dövrünə nisbətən 24,0 faiz artıb; 119 nəfər olub. Xəsarət alanların sayı isə 7,2 faiz azalıb; 386 nəfərdir:

“Bütün yol-nəqliyyat hadisələrinin 47,9 faizi nəqliyyat vasitələrinin və piyadaların, 33,7 faizi bir neçə nəqliyyat vasitəsinin, 18,4 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. 2016-cı ilin yanvar-mart aylarına nisbətən hadisələrin sayı müvafiq olaraq 14,0 faiz artıb”.

Yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin 72,8 faizi, xəsarət alanların isə 71,8 faizi kişilər olub:

“Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 7 hadisə baş verib. Nəticədə 4 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb. Belə hadisələrin 85,7 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib”.

2017-ci ilin yanvar-mart aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə eyni səviyyədə qalaraq  747,8 min olub. Xətaların 50,8 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 11,4 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 11,3 faizi dayanma və ya durma qaydalarının pozulması, 9,5 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 3,7 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb”.

Qaydaların pozulmasına görə 15,1 mln. manat məbləğində cərimələr tətbiq edilib.

Ana səhifəXəbərlərSon üç ayda yol qəzalarında 162 nəfər ölüb