2015-ci ilin geridə qalan 3 ay ərzində Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 19 nəfər təşkil edib. Xatırladaq ki, bu qeyri-rəsmi siyahıdır və mətbuata, bloggerlərə məlum olan itkilərdir. Həmin siyahını aşağıda sizlərə təqdim edirik:
23 yanvar. Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələrin N saylı hərbi hissəsində avtomat silahla ehtiyatsız davranılması nəticəsində atəş açılıb və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər Babaşov Nizami Şəmil oğlu vəfat edib. Qeyri-döyüş şəraitində baş verən hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır. Qafqazinfo.az saytına daxil olan xəbərə görə vəfat edən hərbçi 26 yaşlı Babaşov Nizami Şəmil oğlu Füzuli rayonu, Araz-Zərgər kənd sakinidir. Adının açıqlanmasını istəməyən başqa bir mənbə Meydan TV-yə yanvarın 23-də dünyasını dəyişmiş əsgər Nizami Şəmil oğlu Babaşovun şəhid olduğu barədə məlumat verib.
26 yanvar. Müdafiə Nazirliyinin məlumatına görə, düşmən hücumlarının qarşısı alınan zaman 3 hərbi qulluqçumuz şəhid olub. Nazirlik şəhidlərin adlarını açıqlamayıb. Lakin Almaniyada yaşayan bloqqer Həbib Müntəzir öz şəxsi Facebook səhifəsində şəhid olan hərbçilərin adlarını da açıqlayıb. Onun yaydığı siyahıya görə, hərbiçilər – Zaqatala rayonundan Elşən Əfəndiyev (20 yaş, Zaqatala), Dəvəçi rayonundan gizir Sənan İsayev (33 yaşlı, Dəvəçi rayonu) və Hacıqabul rayonundan Vüqar Qasımov yanvarın 24-də şəhid olublar.
31 yanvar. Müdafiə Nazirliyinin məlumatına görə, Xocavənd istiqamətində erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Allahverdiyev Eşqin Rəhim oğlu (Şəki rayonundan çağırılıb) dayaq məntəqəsində şəhid olub.
5 fevral. Müdafiə Nazirliyinin məlumatına görə, erməni silahlı bölmələri ilə atışmada xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Ağayev Fərid Rüfət oğlu ağır yaralanıb. Nazirlik bildirir ki, vaxtında və müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
21 fevral. Müdafiə Nazirliyinin məlumatına görə, düşmənin Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin mövqelərinə basqını zamanı əsgər Cavadov Zəlimxan Eybalı oğlu şəhid olub. O, Qobustan rayonundan hərbi xidmətə çağırılıb.
26 fevral. Müdafiə Nazirliyi bildirir ki, cəbhə bölgəsində Azərbaycan Ordusunun əsgəri, Oğuz rayonundan həqiqi hərbi xidmətə çağırılan Qocayev Cavad Cəlil oğlu mina partlaması nəticəsində dünyasını dəyişib.
1 mart. Qazax rayonu “N” saylı hərbi hissədə Paşayev Hüseyn Məhəmməd oğlu xidməti silahı ilə əsgər yoldaşı Hüseynov Razi İlqar oğlunu başından gülləyib. Nəticədə əsgər ölub. (Mənbə: Blogger Həbib Müntəzir Facebook səhifəsində bildirib).
1 mart. Tərtər rayonu “N” saylı hərbi hissədə 19 yaşlı əsgər Mirzəyəv Mehdi Nəbi oğlu erməni snayperindən açılan atəş nəticəsində şəhid olub. Mərhum yaşadığı Ceyranbatan qəsəbəsində torpağa tapşırılıb (Mənbə: Blogger Həbib Müntəzir Facebook səhifəsində bildirib)
2 mart. Müdafiə Nazirliyi bildirir ki, Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə xidmət edən 28.08.1990-cı ildə anadan olmuş, 07.01.2015-ci ildə Qusar rayonundan hərbi xidmətə çağırılmış əsgər Pərvanayev Vicay Gülmət oğlu ilkin araşdırmaya əsasən kəskin ürək və tənəffüs çatışmazlığı səbəbindən vəfat edib.
7 mart. Murovda 24 yaşlı əsgər Bayramov Anar Günəş oğlu əsgər yoldaşı tərəfindən güllələnərək öldürülüb. (Mənbə: Blogger Həbib Müntəzirin Facebook səhifəsi)
11 mart. Düşmənlə döyüşdə Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Atayev Anar Mamed oğlu şəhid olub. (Mənbə: Müdafiə Nazirliyinin saytı)
12 mart. Bakının Qala qəsəbəsi “N” saylı hərbi hissədə baş gizir Osmanov Bəhram sirkə içərək intihar edib. İntiharın səbəbi məlum deyil. (Mənbə: Blogger Həbib Müntəzirin Facebook səhifəsi)
13 mart. Erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar. Nəticədə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Quliyev Orxan Vaqif oğlu düşmən tərəfindən açılan atəşdən şəhid olub. (Mənbə: Müdafiə Nazirliyinin saytı)
19 mart. Cəlilabaddakı hərbi hissələrin birində Tovuz rayonundan hərbi xidmətə çağırılmış, 1995-ci il təvəllüdlü Səmərxan Etibar oğlu Yusifov aldığı güllə yarasından dünyasını dəyişib. (Mənbə: Moderator.az)
26 mart. Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Kazımov Etibar Xudavi oğlu martın 26-da cəbhənin Tər-tər rayonunun Qapanlı kəndi istiqamətində şəhid olub. (Mənbə: Trend.az)
27 mart. Cəbhənin Ağdam istiqamətində şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti, baş leytenant, 1980-ci il təvəllüdlü Əhmədov İqbal Sərraf oğlunun cənazəsi martın 28-də doğulduğu Lənkəran rayonuna gətirilib. (Mənbə: AZƏRTAC)
28 mart. “N” saylı hərbi hissənin əsgəri Nazim İbrahimov tabeliyindəki silahla əsgər yoldaşı Vasif Firudinlini başından güllələyib. Vasif yerindəcə keçinib. (Mənbə: Blogger Həbib Müntəzirin Facebook səhifəsi)