Bundan başqa bir jurnalist itkin düşüb, 15-ə yaxın media işçisi isə saxlanılıb
Son iki ildə Sudanda nizami ordu ilə Çevik Dəstək Qüvvələrinin yarımhərbi birləşmələri arasında gedən müharibədə azı 7 jurnalist həlak olub, biri itkin düşüb, 15-ə yaxın media işçisi saxlanılıb, onlardan ikisi hələ də dəmir barmaqlıqlar arxasındadır.
Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) bu halları sənədləşdirib və beynəlxalq ictimaiyyəti jurnalistləri qorumaq üçün hər iki tərəfə təcili təzyiq göstərməyə çağırıb.
“Hər iki tərəf media peşəkarlarına qarşı sui-istifadələrdə eyni dərəcədə günahkardır. Sülh bərpa olunana qədər beynəlxalq ictimaiyyət həm müharibə edən tərəflərə, həm də onların müttəfiqlərinə jurnalistlərin ölkə daxilində müstəqil və təhlükəsiz işləyə bilmələri üçün təzyiq göstərməlidir”, – qurum bildirir.
RSF-nin məlumatına görə, 2023-cü ilin iyulundan 2024-cü ilin noyabrına qədər ən azı yeddi jurnalist – Sudan Milli Yayım Korporasiyasının (SNBC) əməkdaşları İssam Həsən Morcan və Sami Əbd əl-Hafidh, “Sudan Bukra” müstəqil televiziya kanalından Halima İdris Salim, “Blue Nile Channel” televiziyasından Əhməd Yusif Ərəbi, Xaled Balel, Sudan Media və Mədəniyyət üzrə Ali Şurasının media direktoru, araşdırmaçı jurnalist Muaviya Abdel Razek, Sudanın “Al-Jarida”, “Ahir Lahza” və “Al-Akhbar” onlayn qəzetlərinin müəllifi və operator Hatem Mamoun öldürülüb.
Qətllərdən beşi paytaxt Xartum yaxınlığında, altıncısı Şimali Darfur əyalətindəki El Faşer şəhərində, yeddincisi isə Qırmızı dəniz əyalətindəki Gebeit düşərgəsində baş verib.
Qətllərdən dördü Çevik Dəstək Qüvvələrinə, digər üçü isə naməlum silahlı qruplara aid olduğu bildirilib.
Sudanın “SUNA” xəbər agentliyinin jurnalisti Abdel Rəhman Varab hələ də itkindir. Onun 2023-cü ilin iyununda Çevik Dəstək Qüvvələrinin döyüşçüləri tərəfindən Xartumdakı evindən qaçırıldığı bildirilir.
2023-cü il aprelin 15-dən ümumilikdə 17 media işçisi Çevik Dəstək Qüvvələri və ya nizami ordu tərəfindən həbs edilib, yaxud da özbaşına saxlanılıb. Onların arasında müstəqil jurnalistlər və Sudanın ictimai şəbəkəsi “SNBC”, Qətərin “Əl-Cəzirə” kanalı, Misirin “Əl-Ghad” televiziya kanalı və “Livan” xəbər saytının əməkdaşları da var.
Məcburi köçkünlərin məruz qaldığı zorakılıqlar haqqında məqalənin ardınca nizami ordu əsgərləri tərəfindən həbs edilən “Əl-Cərida” qəzetinin müxbiri Əli Tarek Araşın həbsi təxminən on aya yaxın davam edib. Müstəqil jurnalist Ələddin Əbu Hərbə Çevik Dəstək Qüvvələrinə yaxın olduğu güman edilən silahlı qrup tərəfindən girov götürülüb, sonra qohumları tərəfindən verilən pul qarşılığında səkkiz gün sonra sərbəst buraxılıb.
Britaniyanın “İndependent” xəbər saytının ərəb dilli versiyası “Independent Arabia”nın müxbiri Həsən Hamed 2023-cü il oktyabrın 9-dan Qırmızı dənizdə nizami ordunun qalası olan “Port Sudan”dan reportaj hazırlayarkən hökumət qüvvələri tərəfindən həbs edilib. Hazırda naməlum yerdə saxlanılan media müəllifi Mamoun Hassan Hamid 2024-cü ilin yanvarında Çevik Dəstək Qüvvələri tərəfindən həbs edilib.
Jurnalistlər yaralanıb, izlənilib, hədələnib və internet üzərindən təqib edilib. Fotojurnalist Məhəmməd Nur əl-Din, “SNBC” jurnalisti Valid Şəhlabi, köşə yazarı İsmət İbrahim və müstəqil jurnalist Aiça Sammani reportaj hazırlayarkən, ya da hadisələri işıqlandırdıqlarına görə yaralanıblar.
Sudanın “Al-Taghyeer” onlayn mediasının jurnalisti Fəth Al-Rahman Hamouda 2023-cü ilin avqustunda Əl-Obeid şəhərində silahlı qüvvələrin döyüşçüləri tərəfindən silah gücünə saxlanılıb.
“Əl-Vifaq” qəzetinin əməkdaşı olan jurnalist Fatimə Əli Səid Sərhədsiz Reportyorlara cinsi istismara məruz qaldığını deyib.