Son iki gündə 2 nəfər minaya düşüb

Mənbə: MN

Bu gün, noyabrın 17-də Ermənistanla sərhəd bölgədə yerləşən Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində piyada əleyhinə mina partlayıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına görə, hadisə nəticəsində ANAMA-nın əməkdaşı 37 yaşlı İmamverdiyev Samir Mübariz oğlu xəsarət alıb.

Rayon mərkəzi xəstəxanasına təxliyə olunan yaralının sağ ayağı topuq nahiyəsindən amputasiya edilib. Hazırda vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

Bir gün öncə, noyabrın 16-da Ağdərənin Sırxavənd kəndi ərazisində Bərdə rayon sakini 35 yaşlı Əliyev Natiq Namiq oğlu minaya düşüb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

“Onun üzərində sol aşağı ətrafın baldırın yuxarı 1/3-dən amputasiya əməliyyatı icra olunub. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır”, – məlumatda deyilir.

Hər iki faktla bağlı araşdırma başlanıldığı bildirilir.

Ermənistan xeyli müddət minalanmış ərazilərin xəritələrini təqdim etməmişdi, lakin sonradan Azərbaycanda saxlanılan bəzi hərbçilərin qaytarılması müqabilində bu xəritələrin bir hissəsini vermişdi.

Azərbaycan rəsmiləri isə həmin xəritələrin əksəriyyətinin qeyri-dəqiq olduğunu bildirmiş, Ermənistan isə əlində olan bütün xəritələri təqdim etdiyini bəyan etmişdi.

Azərbaycanın rəsmi qurumlarının məlumatına görə, İkinci Qarabağ müharibəsindən sonra 70 nəfər minaya düşərək həlak olub, 300 nəfər isə müxtəlif xəsarətlər alıb.

Azərbaycanla Ermənistan arasında münaqişə 1988-ci ildən başlayıb. Daha sonra uzunmüddətli atəşkəs olub. 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayıb və Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirərək əraziyə nəzarəti tam bərpa edib.

2025-ci ilin avqustunda Vaşinqtnoda Ermənistan və Azərbaycanın dövlət başçılarının görüşü ilə sülh müqaviləsi paraflanıb. 

Ana səhifəXəbərlərSon iki gündə 2 nəfər minaya düşüb