"SalaamSinema" kinohəvəskarlar cəmiyyəti öz şərtlərini açıqlayıb. Şərtlər yerinə yetirildikdən sonra onlar Bakının mərkəzində, Nəsimi rayonunda "28 Mall" Ticarət Mərkəzi ərazisində, Süleyman Rüstəm və Süleyman Rəhimov küçələrinin kəsişdiyi yerdə yerləşən qədim binanı tərk edəcəklər.
Cəmiyyətin lideri
İlkin Hüseynov
“Turan” agentliyi ilə söhbətində deyib:
"Binaya dövlət tərəfindən qorunan rəsmi tarixi və ya memarlıq abidəsi statusunun verilməsini gözləyirik. Binanı onun formal sahibi Valeh Qasımovdan almayınca, oradan çıxmayacağıq. Görünür, onun arxasında evin gerçək sahibi dayanır. O, şəhərin mərkəzində gəlir gətirən başqa bina inşa etmək üçün buranı dağıtmaq istəyir.
V.Qasımov söküntü işlərinə başlayıb. Ona görə də binanın yerində qalacağı barədə onun sözlərinə inanmırıq. Binanın saxlanmasının vacibliyi barədə birinci vitse-prezident M.Əliyevanın KİV-də dərc edilmiş sözlərini obyektin dövlət mühafizəsinə götürülməsi haqda rəsmi dövlət sənədi təsdiqləmir. Binanın fərdi şəxs tərəfindən qanunsuz özəlləşdirilməsinin tanınmasını tələb edirik, çünki bu ev həmişə ictimai mülkiyyət olub.
“
Turan
” Rabitə, İnformasiya Texnologiyaları Nazirliyinin iki keçmiş məmurunun rəylərini soruşub. Onlar adlarının açıqlanmaması şərtilə bizim sualları cavablandırıblar.
Birinci keçmiş məmur xatırladıb ki, özbaşına və dövlətin razılığı olmadan ölkədə heç bir bina özəlləşdirilə bilməz, bu prosedur iki dövlət qurumunun iştirakı ilə baş verir. Hər iki mənbə işarə edib ki, Bakının mərkəzindəki belə böyük binanı hakimiyyətlə möhkəm əlaqələri olan çox məhdud dairədən şəxslər özəlləşdirə bilər. Adı binanın formal sahibi kimi keçən və ictimaiyyətə məlum olmayan biznesmen əslində saxta fiqurdur, ekspert hesab edir.
Tarixi qədim üçmərtəbəli bina azərbaycanlı molokanlara məxsus olub. Sovet dönəmində orada Bakı Radio Qovşağı yerləşib. Bina Rabitə Nazirliyinin balansında olub. Keçmiş rabitə naziri Əli Abbasovun dövründə bina hələ də Rabitə Nazirliyinə məxsus olub və Ə.Abbasovun dövründə özəlləşdirilib. Bu nazirliyin daşınmaz mülkiyyətinin böyük əksəriyyətinin (ölkə boyunca poçt binaları daxil olmaqla) miqyaslı özəlləşdirilməsini Əli Abbasovun sələfi, nazir Nadir Əhmədov həyata keçirib. Ə.Abbasov 2015-ci ildə iri biznesmenlərdən və məmurlardan pul tələb edən Milli Təhlükəsizlik Nazirliyinin zabitləri və bir qrup rabitəçinin ifşa edilməsi və mühakimə olunması nəticəsində vəzifədən çıxarılıb.
İkinci keçmiş məmur tarixi və ya memarlıq dəyərinin olması nəticəsində dövlət tərəfindən qorunan obyekt statusu olan istənilən binanın özəlləşdirilməsinin mümkünlüyünü istisna edib. Molokanların keçmiş ibadət evinin dövlət mühafizəzi yoxdur və adı açıqlanmayan güclü şəxs tərəfindən rahatlıqla özəlləşdirilib. Ekspertlər binanın gerçək sahibinin Valeh Qasımov olduğunu düşünmürlər.
"SalaamSinema" binaya dövlət tərəfindən qorunan obyekt statusunun verilməsini tələb edir. Lakin Azərbaycan reallığında belə sənədin olması onun saxlanmasına zəmanət vermir.
Bunu “Turan”-a bu sahə üzrə ixtisaslaşmış hüquq müdafiəçisi Aytəkin İmranova
bildirib
.
"Azərbaycanda ayrı-ayrı abidələr istisna olmaqla tarixi-mədəni irs qorunmur. Heç bunu da deyə bilmərəm. Çünki ən məşhur abidələr zaman-zaman arzuolunmaz əməliyyatlara məruz qalıblar. Məsələn, bir müddət Qız Qalası ilə belə oldu, İçərişəhər ərazisində illərdir ki, təmir-bərpa işləri aparılır. Qoruq zonası statusuna əməl olunmur. Bələdiyyələr və digər strukturlar qoruq ərazilərini zəbt edirlər, bərpa adı altında abidələr cari təmir işlərinə məruz qalır, abidələrin tarixi görünüşü məhv edilir, çünki onlara müasir üzlüklər çəkilir. Ən dəhşətlisi isə odur ki, hansısa infrastruktur və kommunikasiya yaradılması adı altında onlarla abidə məhv edilib. Məsələn, "Qış bulvarı" bəhanəsilə Füzuli Ş.Bədəlbəyli, M.Əliyev küçələrində dövlət reyestrinə daxil olan onlarla tarixi abidə söküldü", – A.İmranova bildirib.
Sovetski adlanan tarixi məhəllədə yüzdən çox abidənin məhv edilməsini hansı sağlam düşüncə, məntiq ilə izah etmək olar? Qanunvericilik aktlarının olmasına, həmçinin Azərbaycanın bu sahədə beynəlxalq sənədlərə qoşulmasına baxmayaraq, indiki durum göstərir ki, bu sahədə vəziyyət acınacaqlıdır. Sovet dövründə yaradılmış ixtisaslaşdırılmış maddi-texniki baza, təcrübəli kadrlar, texnologiya, norma və standartlar məhv edilib, onların yerinə yeni heç bir şey yaradılmayıb.
Əlavə edək ki, 2017-ci ilin iyulunda Bakıda rayon icra hakimiyyəti tərəfindən qədim Hacı Cavad şiə məscidi dağıdılmışdı. Məscidin divarında binanın dövlət tərəfindən qorunmasına dair lövhə asılmışdı. Prezident məscidin dağıdılmasına görə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevi işdən çıxarmışdı. Daha dəqiq desək, sökülmüş məscid onun son "nailiyyəti" idi. Buna qədər digər qitmətli binaları və ağacları məhv etmişdi. Mehdiyevi işdən çıxardılar, ancaq tarixi abidəni qaytarmaq mümkün olmadı.
Dövlətin ölkədəki tarixi binalara- xüsusi statusu olan və ya olmayan- münasibətinə yenidən baxılmalıdır, həmin obyektlərin qanunsuz dağıdılmasına görə cəza sərtləşdirilməlidir. Vətəndaş cəmiyyəti Azərbaycanın memarlıq tarixinin kütləvi məhvinə aktiv reaksiya verir. "İçərişəhər" qoruğundakı tikinti işləri və molokanların keçmiş ibadət evi ilə bağlı xəbərlərdən sonra bu, özünü göstərdi. Sosial şəbəkələrdə ictmaiyyətin narazılığına hakimiyyət tərəfindən baxılır, o, vətəndaşlara sakitləşdirici bəyanatlar verir. Lakin təkcə söz azdır..
"SalaamSinema" cəmiyyəti əməkdaşlıq təklifilə molokanlara videomüraciət
yayıb.