”Son əfv sərəncamının sanksiya layihəsi ilə əlaqəsi yoxdur”

“Çalışmaq lazımdır ki, əvf gözləntilərini əsassız şişirdib məhbus ailələri üşün mənəvi işgəncəyə çevirməsinlər”

Source:
Yadigar Sadıqov
Yadigar Sadıqov
Yadigar Sadıqov
Yadigar Sadıqov



“Çalışmaq lazımdır ki, əvf gözləntilərini əsassız şişirdib məhbus ailələri üşün mənəvi işgəncəyə çevirməsinlər”


Müsavat başqanının həbsdə olan müavini, “vicdan məhbusu” Yadigar Sadıqov Arqument.Az-ın suallarını cavablandırıb.


Meydan TV müsahibəni təqdim edir:




Yadigar bəy, Qaradağ məhkəməsinin Sizin haqqınızda çıxardığı qərarda bildirilirdi ki, “islah olunmayıb, səhərdən axşama kimi kitab oxuyur…”. Bu qərardan sonra  “islah” olundunuz, yoxsa yenə də kitab oxumaqla məşğulsunuz?

– “Köhnə əməl”imdən əl çəkməmişəm.


“Əvvəllər kitab göndərən çox olurdu”


– Kimləri oxuyursunuz?

– Son dövrlərdə Drayzerin “Cenni Herhardt”, Kinqin, Sinklerin, Kavabatanın Azərbaycan dilində çap olunmuş “Seçilmiş əsərləri”ni oxumuşam. Hazırda Corc Amadunun seçilmiş əsərlərini mütaliə edirəm. Cəzaçəkmə müsəssisəsinin kitabxanası ilə qənaətlənmək zorundayam. Əvvəllər kitab göndərən çox olurdu, amma həbs müddəti köhnəldikcə, siyasi məhbuslar artdıqca proses səngiyib. Axır vaxtlarda yalnız İsa bəy bir tarixi monoqrafiya göndərib. Amadunu bitirən kimi onu oxumağa başlayacam.




Həbsxanadan ölkə necə görünür?

– Daha tünd və mürəkkəb görünür. Buradakı gənclərlə ünsiyyət zamanı ölkədə təhsilin nə qədər çökdüyünün, mənəvi dəyərlərin tənəzzülünün şahidi olursan. Bu gənclik bu günlə yaşayır, heç bir hədəfi yoxdur…


“Müsavat son qurultaydan sonra ciddi hücumlara məruz qaldı, yaralar aldı”



–  Hakimiyyətin, müxalifətin, xüsusilə də rəhbərliyində təmsil olduğunuz Müsavat Partiyasının son bir illik siyasətini necə qiymətləndirirsiniz?

– Hakimiyyətin daxili siyasəti dəyişilməz olaraq qalır. Xarici siyasətdə isə müəyyən dəyişikliklər hiss olunmaqdadır Son ilin ilk yarısı aşkar anti-Qərb ritorika, aşırı Rusiyayönlü siyasətlə yadda qaldısa, ikinci yarısında daha ölçülü-biçili  siyasətə qayıdış hiss olundu. Ümumiyyətlə, hakimiyyətin özünəəminliyi neftin qiyməti və valyuta ehtiyatları ilə düz mütənasibdir. Bunu da heç cür dövlətçi davranış hesab etmək olmaz. Dövlətin oturuşmuş xarici siyasəti, olmalıdır, ərköyün övlad kimi cibindəki pulun miqdarına uyğun davranmamalıdır.

Müsavat Partiyasına gəlincə, son qurultaydan sonra təşkilat ciddi hücumlara məruz qaldı, yaralar aldı. Keçən dövr ərzində partiya bu yaraları sağaltmaqla, itkilərin təlafisi ilə məşğul oldu. Düzgün siyasi mövqe sərgiləməyə çalışdı və zənnimcə, buna nail də oldu. Müsavatın avrointeqrasiya, Avropa Oyunları, Parlament seçkiləri, iqtisadi böhranla bağlı mövqeyini kifayət qədər düzgün hesab etdim və dəstəklədim. Son müşahidələrim bunu söyləməyə əsas verir ki, Müsavat Partiyası tarixinin çətin bir dövrünü arxada qoydu, qurultaydan öncəki mövqelərini bərpa edib, növbəti yüksəliş dövrünə daxil olur. Digər müxalif təşkilatların fəaliyyətini isə müəyyən səbəblərdən şərh etmək istəmirəm.


“İslahatlar bir siyasətçinin taleyinə düşə biləcək ən ağır sınaqdır”



– Siz həbsə düşdüyünüzdə “milyardları ilə öyünən” ölkə indi ağır böhran içərisindədir. İndiki böhranla bağlı nə düşünürsünüz?

– İlk devalvasiya zamanı “iqtisadiyyatın şaxələndirilməsi” kimi bər-bəzəkli sözlərlə vəziyyəti ört-basdır etməyə çalışdılarsa, indi heç olmasa böhranın özünü etiraf edirlər.

Ümumən, götürdükdə isə hakimiyyətin addımlarında sistem, qarşılıqlı əlaqə görmürəm. Kosmetik dəişikliklər, impulsiv addımlarla vəziyyəti düzəltmək mümkün olmayacaq. Cəmiyyət islahatlar gözləyir, islahatlar umur, lakin unutmaq lazım deyil ki, islahatlar bir siyasətçinin taleyinə düşə biləcək ən ağır sınaqdır. İslahatçılıq istək, cəsarət və bir neçə gedişdən sonra yarana biləcək müxtəlif vəziyyətləri görməyi bacaran şahmatçı zəkası tələb edir. Hazırki iqtidarda mən bunların heç birini görmürəm. Hətta indiki kosmetik dəyişikliklər zamanı geriçəkilmələr, verilən qərarların ləğvini görürüksə, daha nədən danışmaq olar?


“…şişirdib məhbus ailələri üçün mənəvi işgəncəyə çevirməsinlər”




Bir neçə ay sonra həbsinizin 3 ili tamam olur. Əvvəllər siyasi məhbuslar belə uzun müddətə həbsdə qalmazdı. Sizi azad etməməkdə niyə israr edirlər?

– Son əfv sərəncamında heç bir siyasi məhbusun adının olmaması konqresmen Kris Smitin sanksiyalar layihəsi ilə əlaqələndirilir. Əminəm ki, bu tamamilə yanlış fərziyyədir. Səbəb bilavasitə daxildəki iqtisadi böhranla bağlıdır. Hakimiyyət ikinci devalvasiyadan bir həftə sonra siyasi məhbsuları azad etməyin yanlış təsəvvür yaradacağından qorxdu. Mən buradan, “içəri”dən tam əminliklə söyləyirəm: Yeni il öncəsi siyasi məhbusların azad edilməsi ilə bağlı hər hansı bir proses getmirdi ki, Smitin layihəsi ortaya çıxdıqda dayandırıldı… Yəni bu barədə səsləndirilən fikirlər tamamilə yanlışdır.

Söz düşmüşkən, mətbuatı, jurnalistləri, dostlarımızı bu məsələdə daha diqqətli olmağa çağırıram. Şübhəsiz ki, siyasi məhbus məsələsini diqqətdə saxladıqlarına görə onlara təşəkkür düşür. Bununla belə, çalışmaq lazımdır ki, əvf gözləntilərini əsassız şişirdib məhbus ailələri üşün mənəvi işgəncəyə çevirməsinlər. Düz, bir ildir ki, məhbus ailələri “qızıl əfv” gözləntisi ilə ümidlənir və sonda pərişanlıq yaşayırlar.

“Bunu deyən hüquq müdafiəçilərinin və deputatların sözünün “vilayəti yoxdur””

Həbsxanada müəyyən bir zümrə var ki, onların sözü, şahidliyi etibarsız sayılır. Dustaq təbirincə desək, “onların sözünə vilayət yoxdur”. Jurnalist dostlarımız da unutmasınlar ki, bəzi hüquq müdafiəçilərinin, “Tofiq Yaqublu həbsdə qayıtmayacaq”, “Tofiq Yaqublu Yeni ili evində qarşılayacaq” deyən deputatların sözünə “vilayət yoxdur”.


“Hər ay 3-4-nü yazıram, sadəcə, başqa dustaqlar üçün”

Məni “azad etməməkdə israr edirlər” deyibən personamı mühümləşdirmək xoş görünsə də, düşünmürəm ki, bu, belədir. Sadəcə, son illərdə hakimiyyət siyasi məhbus məsələsində daha sərt davranır. Yəni ya əfv ərizəsi yazmalısan, ya da cəzanı sonadək çəkməlisən. Mənim əfv ərizəsi yazmamağıma gəlincə, əslində, məndən çox yazan, bəlkə də, yoxdur. Hər ay 3-4-nü yazıram, sadəcə, başqa dustaqlar üçün. O, dustaqlar ki, ayrı-ayrı cinayətlər üzrə məhkum olunublar və yazı-pozu bilmirlər. Özümün isə əfv ərizəsi yazmaq fikrim yoxdur. Bunu əvvəl də bəyan eləmişəm. Çünki etmədiyim cinayətə görə əfv diləmək həm özümə, həm də günahsızlığımda israr edən dostlara və təşkilatlara qarşı xəyanət olardı.


“İki devalvasiya onların yaşamını mümkünsüz edib”



– Devalvasiyadan sonra regionlarda baş verən lokal etiraz aksiyaları ilə bağlı məlumatınız varmı? Bu prosesləri necə izah edərdiniz…

– Aksiyalarda qeyri-adi bir şey yoxdur, tamamilə gözləniləndir. Əgər insanlar əvvəllər çətinliklə də olsa, dolana bilirdilərsə, iki devalvasiya onların yaşamını mümkünsüz edib. İnsanlar tam ümidsizləşiblər. Lənkəran da bu sıradan istisna deyil. Üstəlik son illər Rusiyada çalışanların ailələrinə göndərdikləri maddi yardım minimuma enib. Digər tərəfdən, manatın İran rialına nisbətən 2.5 dəfəyə qədər ucuzlaşması qonşu ölkədən gətirilən ərzaq məhsullarını xeyli bahalaşdırıb. Vəziyyəti qəlizləşdirən daha bir amil isə rayon rəhbərliyinin odioz şəxsiyyətidir. İcra Hakimiyyətinin etirazlar haqqında dediyi “içki və siqaret düşkünləri” ifadəsi sübut edir ki, adamlar nə vəzifəsinin məsuliyyətini, nə də dönəmin həssaslığını dərk edir.

Yeri gəlmişkən, aksiyalar zamanı həbs olunan İman bəy nə içki içir, nə də siqaret çəkir. Fürsətdən istifadə edərək İman bəyə salam göndərir, ailəsinə isə “keçmiş olsun” deyirəm.

Ana səhifəXəbərlər”Son əfv sərəncamının sanksiya layihəsi ilə əlaqəsi yoxdur”