Son bir ildə vəzifə “itirənlər” və “qazananlar”

Vəzifə. Foto: 88studio/shutterstock

Bir ildə nə qədər məmur yola salınıb, işə alınıb?

Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib.

Gəlin görək, bu il kimlərə düşərli oldu, vəzifə aldı, kimlər üçün uğursuz oldu, işini itirdi?

Meydan TV ötən bir ildə vəzifəsindən kənarlaşdırılanlar, yeni vəzifəyə gətirilənlərə nəzər salıb.

Təhsil nazirinin müavini vəzifəsində çalışan Muxtar Məmmədov Azərbaycanın İsraildə fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Naxçıvanda vəzifəsini itirənlər

Vəzifəsini itirənlərdən biri də Səbuhi Şahverdiyevdir. O, Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsindən azad edilib. Yerinə isə Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini vəzifəsində çalışan Sənan Paşayev təyin olunub.

Mirsənani Seyidov isə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bu barədə noyabrın 17-də Prezident İlham Əliyev sərəncam imzalayıb.

İl ərzində Mahirə Adnayeva Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bu barədə avqustun 9-da Prezident İlham Əliyev sərəncam imzalayıb. O, bu vəzifəyə 2021-ci ildə təyin olunmuşdu.

Naxçıvan Muxtar Respublikası
Foto: Meydan TV

Prezident İlham Əliyevin sərəncamı ilə Siyam Çərkəz oğlu Hacıyev Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

İlham Əliyev Elşad Məmmədovla bağlı sərəncam imzalayıb. Elşad Məmmədov Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Yerinə isə Rəcəb Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad rayon icra hakimiyyətinin başçısı təyin edilib.

Bu barədə avqustun 5-də dövlət başçısı İlham Əliyev sərəncam imzalayıb.

2022-ci il dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov vəzifəsindən istefa verib.

Bir gün sonra Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis edilib.

Vasif Talıbov
Foto: Azərtac

Bununla bağlı imzalanan fərmanda mərkəzi və yerli icra hakimiyyəti orqanları, digər dövlət qurumları Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyətlərini səlahiyyətli nümayəndə ilə əlaqələndirilmiş qaydada həyata keçirməsi qeyd olunub.

İlham Əliyev Fuad Nəcəflinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilməsi haqda sərəncam imzalayıb.

İl ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin birinci müavini Azər Zeynalov da istefa verib.

Rüşvət alma, sui-istifadə

Neftçala Bələdiyyəsinin sədri Rövşən Quliyev isə mənimsəmə, rüşvət iddiaları ilə həbs edildi, dolayısı ilə vəzifəsini itirdi.

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Respublika Psixiatriya Xəstəxanasının şöbə müdiri həbs olunub. Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Hüseyn Seyidov Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.

Korrupsiya, Atstock Productions/shutterstock

Binəqədi Rayon Məhkəməsinin qərarıyla Hüseyn Seyidovun barəsində həbs qətimkan tədbiri seçilib.

Şahin Bağırov Dövlət Gömrük Komitəsinin sədri təyin edilib. O, 2022-ci ilin iyulun 18-də Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini təyin edilmişdi.

Mədəniyyət sahəsində baş verənlər

Prezident İlham Əliyev Xalq rəssamı, heykəltaraş Ömər Eldarovla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Ömər Eldarov Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Xalq rəssamı, heykəltaraş Natiq Əliyev Akademiyaya rektor təyin olunub.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev və mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva tutduqları vəzifədən azad ediliblər. Bu, Prezidentin sərəncamı ilə baş verib. Digər bir sərəncamla isə Səadət Yusifova mədəniyyət nazirinin müavini təyin edilib.

Prezidentin növbəti sərəncamı ilə Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikası mədəniyyət naziri vəzifəsinə təyin olunub.

Mədəniyyət Nazirliyi
Foto: Mədəniyyət Nazirliyi

Rüfət Həsənov Mədəniyyət Nazirliyinin Audiovizual və İnteraktiv Media şöbəsinin müdiri vəzifəsindən azad olunub.

Mədəniyyət Nazirliyindən bildirilib ki, Rüfət Həsənov öz ərizəsi ilə vəzifəsindən imtina edib.

Bu ilin aprelində İnam Kərimov Prezident İlham Əliyevin sərəncamı ilə Kənd Təsərrüfatı naziri vəzifəsindən azad edilib. İnam Kərimov Ali Məhkəmənin Sədri təyin edilib. Məcnun Məmmədov isə Azərbaycanın Kənd Təsərrüfatı naziri təyin edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının noyabrın 18-də imzaladığı sərəncamı ilə Mədət Quliyev Müdafiə Sənayesi naziri vəzifəsindən azad edilib. O, 2019-cu il iyunun 20-də bu vəzifəyə təyin olunmuşdu. Elə həmin gün Mədət Quliyev Prezidentin başqa bir sərəncamı ilə Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini təyin edilib.

Müdafiə Sənayesi nazirinin müavini olmuş 37 yaşlı Vüqar Mustafayev isə Prezidentin sərəncamı ilə nazir vəzifəsinə təyin edildi.

Arzu Rəhimov. Foto: arxiv

İl ərzində Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Mürsəl İbrahimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin olunub.

5 vitse-prezident isə işdən çıxarıldı

İyulun 28-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyində yeni təyinatlar olub.

Belə ki, Prezident İlham Əliyevin sərəncamları ilə SOCAR-ın 5 vitse-prezidenti – Yaşar Lətifov, Süleyman Qasımov, Daşqın İskəndərov, Bədəl Bədəlov və Xalik Məmmədov vəzifəsindən azad edilib.

Başqa bir sərəncamla isə daha 7 nəfər vitse-prezident təyin edilib. Onlar Arzu Cavadova, İsmayıl Zərgərli, Ziba Mustafayeva, Babək Hüseynov, Əfqan İsayev, Anar Məmmədov və Fuad Musayevdir.

SOCAR
Foto: SOCAR

Ceyhun Həsənov ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib.

Bu barədə iyulun 10-da Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Mirsaleh Seyidov ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi təyin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. 

Foto: Elşad Hacıyevin şəxsi arxivindən götürülüb

“Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) prezidenti Cahangir Əsgərov vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Onun yerinə isə QSC-nin birinci vitse-prezidenti Samir Musa oğlu Rzayev gəlib.

Təhsil sahəsində

Elm və təhsil naziri Emin Əmirullayevə yeni müavin təyin edildi. Prezident İlham Əliyevin sərəncamına əsasən, bu vəzifəyə nazirliyin aparat rəhbəri Həsən Həsənli gətirildi.

Azərbaycan Dövlət Aqrar Universitetinə rektor təyin edilib. Prezident İlham Əliyevin sərəmcamı ilə bu vəzifəyə Zəfər Qurbanov keçib.

İlham Əliyevin sərəncamı ilə daha iki universitetin rektoru dəyişib.

Təhsil Nazirliyi
Foto: Elm və Təhsil Nazirliyi

Prezidentin sentyabrın 13-də imzaladığı sərəncamlarla Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov və Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov vəzifəsini itirib.

Bundan sonra onları Yaqub Piriyevlə Rüfət Əzizov əvəz edəcək.

Gedən və gələn icra başçıları

Əhəd Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
İyulun 17-də Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Ziyəddin Əliyev Quba rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, altı il idi bu vəzifəni icra edirdi.

Başqa bir sərəncamla İlqar Mahmudov Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Əhəd Abıyev
Əhəd Abıyev. Foto: “dashkesen-ih.gov.az”

İlqar Mahmudovun yeni təyinata qədər Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri işlədiyi bildirilir.

Alı Qocayev Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Ölkə başçısının digər sərəncamıyla Firdovsi Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Ana səhifəSiyasətSon bir ildə vəzifə “itirənlər” və “qazananlar”