Son atışmalardan sonra ermənilərə ən yaxın kənddən – Quşçu Ayrımdan reportaj

“Əgər bizim yaşamağımızı istəmirlərsə, aparıb töksünlər Kürə”

Fevralın 24-dən başlayaraq cəbhəboyu atşma başlayıb. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 24-dən 25-nə keçən gecə baş verən atışmada 5 nəfər şəhid olub.

Sosial şəbəkələrdə hadisələrlə bağlı müxtəlif informasiyalar yayılır. Bu informasiyalar arasında sərhəd zonasında yaşayan sakinlərin öz evlərini tərk etdiyi, yaşayış evlərinin ciddi zədələr aldığı haqda da məlumatlar var. Meydan TV əməkdaşları deyilənləri araşdırmaq üçün sərhəd bölgəsində olub.

Qazax rayonunun ən gərgin iki kəndindən biri olan Quşçu Ayrım kəndində fevralın 25-də axşam saatlarından iricaplı silahlarla kəndə atmağa başlayan Ermənistan ordusu səhər saatlarında atəşi dayandırıb.

Kənddə elə bir ev yoxdur ki, onun üzərində güllə izi olmasın.

Ermənistan silahlı qüvvələrinin postundan 150 metr aralıda yerləşən Quşçu Ayrım kəndinin sakinləri deyir ki, intensiv atışma olmasa da, qarşı tərəfin arabir atəşkəsi pozması kənddə yerləşən evlərdə dağıntılara səbəb olur.

Quşçu Ayrım eyni zamanda rayonun sonuncu yaşayış massividir. Buradan sonra isə hərbçilər və işğal olunmuş Azərbaycan kəndləri yerləşir.

Sakinlərin sözlərinə görə, kənd hər 3 tərəfdən Ermənistan hərbi birləşmələrinin nəzarəti altındadır. Bu da öz növbəsində kənd sakinlərinin həyatını birbaşa təhlükə altına atır.

“Prezident bizdən işıqpulu istəyir, bizi işıqlı dünyaya çıxartsın, biz də işıqpulu verək!” – deyir kənd sakini

Tamam İsmayılovanın 80 yaşı var. O da yaşayışından gileylidir:

“150 manat pensiya alıram. Mən onunla işıqpulu, qazpulu verim, yoxsa dərman alım? Erməninin ağzında yaşayırıq. Cavanlara pul verib, öz bağımdan odun doğratdırıram. Heç insafdandırmı erməni ilə 100-150 metrlikdə yaşayasan, həm də kommunal xərcləri ödəyəsən? Onlar gəlib burda 1 gün yaşaya bilərlərmi? Əgər bizim burda yaşamağımızı istəmirlərsə, hamımızı doldurub maşına aparıb töksünlər Kürə”.

Nisə Alıyeva da 100 manat təqaüd alır. O da həmin pulla dolana bilmədiyini deyir:

“Mən o pula qazpuluna verim, ya ailəmi saxlayım? Neçə dəfə deyiblər gəlib evimizə baxacaqlar, amma gəlmirlər. Onların Allahı yoxdur?”

Qazax rayon İcra Hakimiyyətindən isə Meydan TV-yə bildiriblər ki, icra başçısı Rəcəb Babaşov da Quşçu-Ayrım kəndində olub və dəymiş ziyanın tezliklə aradan qaldırılacağına söz verib.

Ana səhifəVideoSon atışmalardan sonra ermənilərə ən yaxın kənddən – Quşçu Ayrımdan reportaj