“Son 6 ildə orta məktəb məzunlarının sayı 35 faiz azalıb”

“Ötən tədris ilində keçirilən buraxılış imtahanlarında həmin ilin 195 870 məzunu iştirak edib”.

Foto: Meydan TV


DİM: "Buraxılış imtahanlarında 2972 nəfər iştirak etməyib"

Son on altı ildə (2014-2020) orta məktəb məzunlarının sayı 35.14% azalıb. Bu, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edənlərin sayında da özünü göstərir.

APA bu məlumatı “Abituriyent” jurnalının 12-ci buraxılışına istinadən yayıb.

Bildirilir ki, 2019-cu illə müqayisədə məzunların sayı 189 nəfər azalıb: "Ancaq 2020-ci ili nəzərə almasaq, son illər sənəd verənlərin tərkibində cari ilin məzunlarının payı azalmayıb, əksinə artıb. Ötən il isə sənəd verənlərin tərkibində həmin ilin məzunlarının payı 2019-cu ilə nisbətən təxminən 7% azalsa da, məzunların mütləq sayı artıb. Ötənilki məzunlar 2020-ci ildə sənəd verənlərin 80.52%-ni (65473 nəfər) təşkil edib, lakin 2019-cu illə müqayisədə ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə verən cari ilin məzunlarının sayı 4217 nəfər artıb. Bunun da əsas səbəbi 2020-ci ildə ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə verən abituriyentlərin içərisində əvvəlki illərin məzunlarının sayının kəskin şəkildə artmasıdır. Nəticədə, ərizə verən abituriyentlərin içərisində həmin il məzunlarının payı 2019-cu illə müqayisədə azalıb".

Qeyd olunub ki, 2010-cu ildə ali təhsil müəssisələrinə sənəd verənlər arasında həmin ilin məzunlarının payı 55.63%, 2011-ci ildə 58.39, 2012-ci ildə 58.84, 2013-cü ildə 60.66, 2014-cü ildə 64.05, 2015-ci ildə 66.04, 2016-cı ildə 68.31, 2017-ci ildə 75.83, 2018-ci ildə 77.86% və 2019-cu ildə 87.54% olub: "2010-cu ildən etibarən sənəd verənlərin arasında əvvəlki illərin məzunlarının payı, əsasən, getdikcə azalıb, cari illərin məzunlarının payı isə artıb".

Səbəbə gəlincə, qeyd olunub ki, hər il ali təhsil müəssisələrinə qəbul üçün ayrılan plan yerlərinin ciddi şəkildə artırılması və nəticədə qəbul olanların sayı artdıqca, növbəti il üçün əvvəlki illərin məzunları arasında qalığın, yəni qəbul olmayanların azalmasıdır: "Ötən tədris ilində keçirilən buraxılış imtahanlarında həmin ilin 195 870 məzunu iştirak edib".

Dövlət İmtahan Mərkəzindən (DİM) isə "report"a bildirilib ki, 2020-ci ildə respublika üzrə 9-cu və 11-ci sinif şagirdlərinin ümumi sayı, müvafiq olaraq, 119 000 və 79 842 nəfər idi.

Buraxılış imtahanlarında bu və ya digər səbəblərdən 2972 nəfər (9-cu və 11-ci siniflər üzrə, müvafiq olaraq, 2173 və 799 nəfər) iştirak etməyib.

DİM-nin məlumatına görə, 9-cu və 11-ci siniflərin şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta oxuyub-yazmaqda çətinlik çəkənlər və ya ümumiyyətlə, oxuyub-yazmağı bacarmayanlar da aşkar olunub: "Belələri 11-ci sinif şagirdləri arasında 2 nəfər, 9-cu sinif şagirdləri arasında isə 34 nəfərdir. Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən faktların, əslində, daha çox olduğunu ehtimal etmək olar".

DİM bu cür halların rayonlar üzrə statistikasını da paylaşıb: "9-cu siniflər üzrə oxumağı və yazmağı bacarmayan şagirdlər Bərdə rayonunda 4 nəfər, Bakı şəhərində 3 nəfər, Goranboy rayonunda 3 nəfər, Gədəbəy, Göygöl, Lənkəran, Lerik, Sabirabad, Şəki və Yardımlı rayonlarının hərəsində 2 nəfər, Ağdaş, Ağsu, Astara, İsmayıllı, Kəlbəcər, Masallı, Oğuz, Qazax, Salyan və Şəmkir rayonlarının hərəsində 1 nəfər. 11-ci siniflər üzrə belə hallara yalnız Gəncə şəhərində və Kəlbəcər rayonunda (hərəsində 1 nəfər) rast gəlinib".

Ana səhifəSosial“Son 6 ildə orta məktəb məzunlarının sayı 35 faiz azalıb”