Xaləddin İsgəndərov hər gün təpələrin söküləməsinə tamaşa edir
…Bakı-Sumqayıt yolu. Səhər saat 08:30. Artıq bir neçə gündür “10 AA 812” dövlət nömrə nişanlı, «Hyundai Equus» markalı maşının ətrafında əllərini sinəsinə çarpazlayan bir nəfər ekskvatorla dağılan təpəyə baxır. Ətrafında dayanan cangüdənləri isə ona yaxınlaşmağa, şəklini çəkməyə imkan vermir.
Bu təpə həmin ərazidə 2013-cü ildə yaradılıb. Dağılan isə Bakıdan Sumqayıt istiqamətə gedərkən yolun sağında olan 4 təpədən ikincisidir. Bu təpələr həm də elə bu yoldan istifadə edənlərin gözü qarşısında son 3 ildə dövlət büdcəsindən milyonlar “yeyərək” böyüyürdü. Azərbaycan mətbuatı son iki ildə bu təpələri az qala Səməd Vurğunun Göyəzən dağına verdiyi qiymətdən artıq tərif yağdırırdı. Günün əksər hissəsində tıxac olan yolun daralması hesabına ucaldılan bu təpələrin üzərinə yaşıl ot örtüyünün salınması bir tərəfdən yolun kənarını bəzəyirdisə də, çoxu ona xərclənən büdcə vəsaitlərinə görə heyfsilənirdi. Təpənin aşağı hissəsində düzülən ağaclar belə kəsildi.
Əllərini sinəsinə carpazlayıb dağıdılan təpələrə, sökülən ağaclara baxan Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun nə düşündüyü bilinməsə də, bura xərclənən milyonlara acımamaq olmur. Çünki ölkə başçısının 26 aprel 2012-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı təyin edilən Xaləddin İsgəndərov abadlıq işlərinə bu yoldan başlamışdı. İcra başçısı təyin edildikdən sonra dövlət büdcəsindən ayrılan vəsait bir tərəfdən Azadlıq prospekti boyunca binaların penoplast örtüklərlə üzlənməsinə xərclənirdisə, digər tərəfdən də Bakı-Sumqayıt yolunun kənarında kosmetik işlərə sərf edilirdi. Hətta 22 aprel 2013-cü ildə prezidentin sərəncamı ilə Bakı şəhərinin Binəqədi Rayon İcra Hakimiyyətinə Xocasən və Biləcəri qəsəbələri ərazisində 23 min nəfər əhalinin istifadə etdiyi ümumi uzunluğu 5,7 kilometr olan qəsəbədaxili avtomobil yollarının yenidən qurulması üçün 2 milyon manat vəsait ayrılmışdı. Həmin vaxtdan iki il kecib. Hər iki yolun nəinki açılışı olub, hətta təkrar təmiri aparılıb. Ancaq hələ də Biləcəri qəsəbəsində icra hakimiyyətinin yaxınlığındakı küçə boyunca kanalizasiya quyuları salınan asfaltdan 20 santimetr yuxarıdır. Bu isə Biləcəri sakinlərindən bu yolda maşın sürmək üçün ən azından “Formula 1” yarışlarının iştirakçısı qədər bacarıq tələb edir.
İndi isə gələk sökülən təpələrə. Maraqlıdır, yolun genişləndirilməsi nəzərdə tutulurdusa, bu günə qədər Binəqədi rayonunun bütün qəsəbədaxili yollarını bərbad vəziyyətdə saxlanılıb, nə üçün büdcə vəsaiti bu yolkənarı kosmetik işlərə xərclənirdi?
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətindən bildirdilər ki, əgər o yaşıllıq dağıdılır və söküntü aparılırsa, demək yaxşı məqsəd üçündür: “Bildiyimizə görə, yol genişləndirilir”. Ərazidən götürülən otların və ağacların gələcək taleyinə gəldikdə isə mətbuat xidməti bundan xəbərsizdir. Bu təpələrin tikintisinə çəkilən xərclərlə bağlı da Binəqədi Rayon İcra Hakimiyyətindən dəqiq məlumat verilmədi.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən isə bildirdilər ki, qurum tərəfindən yolun yalnız bir hissəsində genişləndirmə işləri aparılır. Bu işlər əsasən yolun kənarında olan təpələrin sökülməsi ilə bağlıdır və müvafiq işarələr qoyulub.
Yolun kənarındakı digər ərazidə calışan fəhlələr isə deyirlər ki, həmin söküntü isləri metro çıxışının tikintisi ilə bağlıdır. Belə ki, söküntü aparılan ərazidə Bakı Metropoliteninin yeni tikilən “Avtovağzal” stansiyasının keçidi olacaq. Bu isə insanların metronun “Avtovağzal” stansiyasına daha təhlükəsiz keçidini təmin edəcək.
İstənilən normal dövlətdə şəhərsalma planı olur. Bu planda nainki 2 il sonra, hətta 50 il sonra nə iş görüləcəyi bilinir. Belə olan halda məmurlar da büdcə vəsaitlərini istədikləri kimi xərcləyə bilmirlər. Amma təkcə son 1 ildə Binəqədi rayonu ərazisində büdcə vəsaiti hesabına görülən bütün işlərin üstündən xətt çəkilib. Azadlıq prospekti boyunca penoplast üzlüklərlə uzlənən bütün binaların fasadı 16 nəfərin faciəli ölümündən sonra sökülüb. Bu dəfə də binaların üzlüklərinin söküntüsü və yenisi ilə əvəzlənməsi büdcə vasaiti hesabına aparılıb. İndi də Bakı-Sumqayıt yolundakı büdcə vasaitləri zibil yeşiyinə atılır. Halbuki bu gün ölkəmizdə 1 manata ehtiyacı olan minlərlə insan var. Rəsmi məlumatlara görə, hər il təkcə leykoz xəstəliyindən 10 nəfərədək uşaq dünyasını dəyişir. Bu gün də 350 nəfər uşağın başı üstünü ölüm kabusu kəsdirib. Normal müalicə ala bilməsələr, onları da itirə bilərik. Ekspertləırin hesablamalarına görə isə ölkəmizdə leykozdan əziyyət çəkən bütün uşaqların dövlət hesabına birillik tam müalicəsi üçün cəmi 1,8 milyon manat kifayətdir. Demək, hələ də dərman pulu tapmayaraq çarəsizlikdən əllərini göyə açıb övladına şəfa arzulayan vətəndaşlar var. Bu hissi yaşamaq isə əllərini sinəsində çarpazlayıb göyə sovurduğu milyonlara baxmaqdan çox fərqlidir…