Soçi görüşü və Rusiya-Azərbaycan münasibətlərinin gələcəyi

Azərbaycan siyasi dairələrində bu görüşdə Azərbaycanın Avrasiya İqtisadi Birliyinə və hətta KTMT-yə qoşulması perspektivlərinin də müzakirə olunduğunu düşünürlər

Source:


Azərbaycan siyasi dairələrində bu görüşdə Azərbaycanın Avrasiya İqtisadi Birliyinə və hətta KTMT-yə (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) qoşulması perspektivlərinin də müzakirə olunduğunu düşünürlər

Xəzər dənizinin hüquqi statusu haqda Konvensiyanın qəbul olunmasıyla başa çatan Aktau beşinci Xəzər sammiti və Almaniya kansleri Angela Merkelin Bakı da daxil olmaqla Qafqaz səfəri mövzuları gündəmdən düşməmiş Azərbaycan və Rusiya prezidentlərinin 1 sentyabr Soçi görüşü diqqət mərkəzinə gəldi. Görüşdə Vladimir Putin iki ölkə arasındakı münasibətlərin strateji xarakterini vurğuladı və səfər üçün Əliyevə təşəkkür etdi. Öz növbəsində, İlham Əliyev Vladimir Putini onun üçün əlverişli vaxtda Azərbaycana dəvət etdi və Rusiya telekanallarında prezidentlərin görüşünə dair isti süjetlər yayımlandı, nəticədə dövlət başçılarının görüşün nəticələrindən razı qaldıqları qənaətinə gəlmək olar.

Rusiya ilə Azərbaycan arasında ticarət və investisiya artımını, nəqliyyat infrastrukturunun inkişafını, humanitar sahədə əməkdaşlığı, mədəniyyət və turizm sahəsində əlaqələrin inkişafını nəzərdə tutan “İqtisadi əməkdaşlığın prioritet istiqamətləri” üzrə birgə bəyanat imzalandı. Həmçinin müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək üçün ondan artıq müqavilə imzalanıb. Xüsusilə, “Rosneft” və Azərbaycan Dövlət Neft Şirkəti Xəzər dənizinin Azərbaycan hissəsində, Abşeron yarımadasının şimalında yerləşən dayaz sularda “Qoşadaş” neft və qaz yatağının birgə öyrənilməsi, “GAZ Group” və “Azermaş” şirkəti Azərbaycanda “GAZ” avtomobillərinin yığılması istehsalatının yaradılması barədə  razılığa gəliblər. Bundan əlavə, “Qazprombank” Sumqayıt Kimya Sənaye Parkının inkişafına təxminən 750 milyon dollar sərmayə qoymağı planlaşdırır. Ən perspektivli layihələrindən biri, Baltik ölkələri ilə Hindistan arasında İran vasitəsilə nəqliyyat əlaqələrini təmin edəcək Şimal-Cənub nəqliyyat dəhlizi də diqqət mərkəzində oldu.

Bununla yanaşı, ekspertlər hesab edirlər ki, müşahidəçilərin “qəfil” adlandırdığı, əvvəlcədən elan edilməyən və başlamazdan ancaq səkkiz saat əvvəl xəbər tutulan bu görüşdə bir çox sual kölgədə qaldı. Azərbaycan siyasi dairələrində bu görüşdə Azərbaycanın Avrasiya İqtisadi Birliyinə və hətta KTMT-yə (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) qoşulması perspektivlərinin də müzakirə olunduğunu düşünürlər. Hər bir halda, görüş ərəfəsində bu məsələlər Azərbaycan mətbuatında geniş müzakirə olundu. Bu, bir sıra amillər və ilk növbədə ümumi regional təhlükəsizlik məsələləri kimi, əlbəttə ki, həm də müzakirə olunan Qarabağ münaqişəsi baxımından da mümkün görünmür. Görüşdə bu mövzuların müzakirə olunub-olunmadığı haqda dəqiq məlumat yoxdur. Çox güman ki, olunmayıb.

Təəccüblü deyil ki, azərbaycanlı ekspertlərin, siyasətçilərin və jurnalistlərin əksəriyyəti Bakının KTMT-yə qoşulmasına qarşı çıxıblar. Azərbaycanla illərdir münaqişə içərisində olan Ermənistanın bu təşkilatın üzvü olduğunu nəzərə aldıqda, bu necə mümkün ola bilər? Ekspertlərin əksəriyyəti razılaşır ki, KTMT haqqında söhbətlər, ən azından indiki mərhələdə, Yerevana təzyiq vasitələrindən biridir. Xüsusilə də Ermənistanın yeni rəhbərliyində KTMT olmadan da yaşaya biləcəklərini deyən səslər ucaldığı bir vaxtda. Qeyd etmək lazımdır ki, Rusiya həmişə Azərbaycanla ikitərəfli münasibətləri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsindən uzaq tutmağa çalışıb. Bakı isə tam tərsinə, digər ölkələrlə münasibətini gözdən keçirərkən xarici siyasətini münaqişə prizmasından qurur. Ehtimal etmək olar ki, Bakıda narazılıqla qarşılanan “Ümumrusiya azərbaycanlıları konqresi”nin Rusiyada bağlanması məsələsi görüşdə diqqətdən kənar qalmayıb.

Aydındır ki, Moskva Cənubi Qafqazda vəziyyətin pisə doğru dəyişəcəyini hesab edir. Və yalnız Qarabağ münaqişəsinə görə də yox. Görünən odur ki, Ermənistanın yeni hökuməti xarici siyasət prinsipləri ilə bağlı tam qərar verməyib. Bu, Moskvanın bəyəndiyi bir şey deyil. Burada, Yerevana işarə olaraq Kremlin bölgədə sabitliyin və mövcud silah balansının dəstəklənməsi üçün yeni yollar axtarmağa başlaya biləcəyini deyən səslər eşidilir. İnsan dilinə tərcümə etdikdə, Rusiya mətbuatının yazdığı kimi, əgər Kreml hesab etsə ki, “Amerikanın qulaqları görsənən erməni maydanı” Rusiya maraqlarına ziddir, bu, Rusiya-Azərbaycan münasibətlərində yeni bir strategiya yaranmasının mümkün olması mənasına gəlir. Jurnalistlərlə görüşdə Rusiya ilə 5 milyard dollarlıq ikitərəfli hərbi-texniki saziş boş yerə qeyd olunmadı. Bundan əlavə, Soçidən iki gün sonra Qırğızıstanın Çolpon-Ata şəhərində Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının görüşündə İlham Əliyev Qarabağ məsələsində türkdilli ölkələrin dəstəyinə ümid etdiyini bildirib. Doğrudur, türkdilli dövlətlərin başçılarının zirvəsi hər hansı müqavilələrin bağlandığı, böyük layihələrin planlaşdırıldığı və ya üçüncü ölkələrə qarşı hərbi blokların yaradıldığı görüş deyil. Üstəlik, sammit iştirakçılarından Türkiyə – NATO, Qazaxıstan və Qırğızıstan – KTMT-yə daxildir.

Ancaq şübhə yoxdur ki, Yerevan bu xəbərləri diqqətdən kənarda qoymayacaq, xüsusilə də sammit keçirilən gün Konya şəhərindəki hava limanında “TurAz Şahini – 2018” birgə hərbi təlimlərini də nəzərə aldıqda. Yeri gəlmişkən, Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının növbəti zirvə görüşü 2019-cu ildə Bakıda keçiriləcək.

Dəqiq məlumat yoxdur, amma çox güman ki, toplantıda Azərbaycanın ən yaxın müttəfiqi – dövlətlərarası ticarətdə “qeyri-dollar əməliyyatları”ndan istifadə etməyi təklif edən – Türkiyənin təşəbbüsü də müzakirə olunub. Ankara bu ilin əvvəlindən etibarən dəyərinin 40% -dən çoxunu itirən milli valyuta məzənnəsinin azalmasını ABŞ-ın Türkiyədən polad idxalı vergilərini 25%-dən 50%-ə, alüminiuma olan vergiləri isə 10%-dən 20%-ə qədər artırmasıyla əlaqələndirir. Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan daha əvvəl bildirib ki, Türkiyə ilə Rusiya arasında qarşılıqlı ticari əlaqələr üçün milli valyutaları istifadə etmək barədə danışıqlar aparılır və bununla o, ticarətdə dolların monopoliyasına son qoymaq niyyətindədir.

Rusiya və Azərbaycan rəhbərlərinin növbədənkənar görüşünü təhlil etdikdə bu nəticəyə gəlmək olar ki, Moskva Qafqazda təhlükəsizlik və sabitlik problemlərinə daha çox diqqət göstərməyə başlayıb və yaxın vaxtlarda onun səyləri Yaxın Şərq münaqişələrinin Cənubi Qafqaza yayılmasının qarşısının alınmasına yönəldiləcək. Bunun üçün də, aydın məsələdir ki, kəskin siyasətin həyata keçirilməsi planlaşdırılır.

 Bu baxımdan, Moskvanın müxtəlif sahələrdə Bakı ilə münasibətləri möhkəmləndirmək və siyasi əlaqələri fəallaşdırmaq istəyi məntiqli görünür. Xüsusilə də nəzərə alsaq ki, Yaxın Şərqdə fəaliyyət göstərən İŞİD, bütövlükdə olmasa da, ən azından qismən Suriyadan Cənubi Qafqaza və müsəlman Azərbaycana “axın” edə bilər. Bu, Rusiyanın milli təhlükəsizliyinə təhlükə törədəcək, “Şimal-Cənub” nəqliyyat dəhlizi və Xəzər karbohidrogenlərinin inkişafı və nəqli kimi layihələrin həyata keçirilməsini sual altında qoyacaq. Əlbəttə ki, xəritədə sonsuz sayda boru xətti marşrutlarını düşünmək və çəkmək mümkündür, amma dəmir qayda ləğv edilməyəcək – heç kim silahlı münaqişənin cücərdiyi və ya artıq olduğu regiona sərmayə qoymayacaq.

Başlıca problem Kremlin əsas strateji müttəfiqi olan Ermənistan və Azərbaycan arasındakı münasibətlərin necə həll olunmasıdır, çünki birincinin təhlükəsizliyi daha çox Rusiyadan asılıdır. Azərbaycanla münaqişə ilə yanaşı, Ermənistanın Qərb ölkələri ilə münasibətlərində problemləri olan və Rusiyayla əməkdaşlıq etməyə çalışan qonşu Türkiyə ilə də konflikt içərisindədir. Bəlkə də vaxtından əvvəl bəzi ekspertlər bu məsələlərin Azərbaycanı Qafqazda Rusiyanın əsas tərəfdaşı mövqeyinə sala biləcəyinə inanırlar. Ancaq Rusiya diplomatiyası bütün bölgənin geosiyasi mənzərəsini dəyişdirməyə nail ola biləcəkmi – bu sual cavabsız qalır. Hər halda bu istiqamətdə cəhdlərin olacağını gözləməyə dəyər. İlham Əliyevin dəvəti ilə Rusiya prezidentinin sentyabrın axırlarında Azərbaycana planlaşdırılan səfəri də bundan xəbər verir. Bundan başqa, 27–28 sentyabr tarixlərində Vladimir Putin MDB ölkələri liderlərinin görüşündə iştirak etmək üçün Düşənbəyə səfər edəcək. Oktyabr ayında isə Özbəkistana səfər planlaşdırılıb. Görünən budur ki, bütün bu səfərlər ancaq Cənub qonaqpərvərliyindən həzz almaq üçün planlaşdırılmır.

Ana səhifəMənim FikrimcəSoçi görüşü və Rusiya-Azərbaycan münasibətlərinin gələcəyi