İlham Şaban: ”Bunlar normal bir şeydir, nə qədər dövriyyəni genişləndirsələr, SOCAR-ın mənfəəti də çoxalar”
”UniCredit Bank Austria” ”SOCAR Trading” qrupunun tərkibinə daxil olan bir neçə şirkət üçün 250 milyon dollar məbləğində kredit ayırıb.
Bu barədə İtaliya mətbuatı məlumat verir.
Kredit müvafiq şirkətlərin ticarət fəaliyyətinə dəstək vermək məqsədilə ayrılıb.
Bu saziş üzrə hüquqi məsləhətçi qismində Böyük Britaniyanın “Norton Rose Fullbright” firması çıxış edir (“Trend”).
Neft sahəsi üzrə mütəxəssis İlham Şaban Meydan TV-yə bildirib ki, kreditlər inkişaf layihəri üçündür və “SOCAR Trading”ə ayrılıb. “SOCAR Trading”in bir çox layihəsi var və hazırda ən maraqlı layihəsi sıxılmış qazla bağlıdır. “SOCAR Trading” bu sahədə biznesini genişləndirir və 2-3 ay əvvəl şirkətin rəsmisi Arzu Əzimov xarici mətbuata demişdi ki, onlar bazarın bütün seqmentlərində öz yerlərini görmək istəyirlər. Bunun da perspektivli hissəsi maye qaz bazarıdır. Hazırda Maltada törəmə şirkətlərini yaradıb, tankerlər sifariş verib, Afrikadan maye qazı götürüb, Avropa bazarında satmaqla bağlı müzakirələr aparır. Bunlar normal bir şeydir, nə qədər dövriyyəni genişləndirsələr, SOCAR-ın mənfəəti də çoxalar”.