SOCAR-ın şöbə rəisi: 52 qızıl külçə üçün 2 milyon 19 min pul vermişdim…

SOCAR-ın idarə rəisinin sözlərinə görə, Müşfiq Muxtarov ona qazanc adıyla bir neçə dəfəyə ümumilikdə 200 min manata qədər pul verib.

Foto: Meydan TV


Məhkəmə bu qalmaqala görə həbs olunan iş adamına bəraət verərək azadlığa buraxdı

Həbsdə olan iş adamı Müşfiq Muxtarovla SOCAR-ın birgə müəssisəsi “AzGerneft”in təchizat şöbəsinin rəisi Loğman Hacıyev arasında 2 milyon 19 min manatlıq qalmaqalla bağlı məhkəmə araşdırmaları başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyilə çıxarılan hökmə əsasən, Müşfiq Muxtarova bəraət verilib. Prokurorun 11 il həbs cəzası tələb etdiyi iş adamı məhkəmə zalından azadlığa buraxılıb.

Müşfiq Muxtarov xaricdən qızıl külçə gətirib, qazanc əldə etmək adıyla Loğman Hacıyevi aldadıb, onun 2 milyon 19 min manat pulunu ələ keçirməkdə ittiham olunurdu. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və başqa maddələrilə ittiham irəli sürülüb.

Zərərçəkmiş qismində tanınan Loğman Hacıyev deyib ki, Müşfiq Muxtarovu dostu vasitəsilə tanıyıb, onun “AzGold” MMC-nin rəhbəri olduğunu, qızıl məmulatlarının hazırlanması və satışıyla məşğul olduğunu bilib. Xaricdən qızıl külçələrin gətirildiyini eşidəndə özü də bu sahəyə vəsait yatırıb, gəlir əldə etmək qərarına gəlib. Onun sözlərinə görə, bu məqsədlə 811 min, 741 min və 468 min olmaqla, üç dəfəyə Müşfiq Muxtarova ümumilikdə 2 milyon 19 min manat pul verilib. Loğman Hacıyev iddia edir ki, birinci dəfə verdiyi pul özünün, ikinci dəfə verilən pul qardaşının, sonuncu isə tanışları Müzəffər Həsənovun olub: “Ümumilikdə 2 milyon 19 min pul vermişəm. Bu pula 52 qızıl külçə gətirilməliydi. Demişdi ki, külçənin biri təxminən 40 min manatadır”.

1.png
Loğman Hacıyev

SOCAR-ın idarə rəisinin sözlərinə görə, Müşfiq Muxtarov ona qazanc adıyla bir neçə dəfəyə ümumilikdə 200 min manata qədər pul verib. Amma əsas borcu qaytarmayıb.

Təqsirləndirilən iş adamı isə məhkəmədə bildirib ki, Loğman Hacıyev yalan danışır. Müşfiq Muxtarovun sözlərinə görə, SOCAR-ın idarə rəisi onun qızıl sahəsilə yanaşı, Ucarda istixanası və ticarət mərkəzi olduğunu biləndə özü birgə biznesə pul yatırmağı təklif edib: “Dedi ki, 5 milyona qədər yatırım eləmək imkanı var. Amma heç kimin, hətta qardaşlarının da bu şəriklikdən xəbərinin olmasını istəmirdi. Pulları da təklikdə, özü verib. Mən də heç kimə heç nə deməmişəm. 300 min, 500 min və 800 min olmaqla, üç dəfəyə 1 milyon 600 min pul verdi…”

Müşfiq Muxtarov deyir ki, Loğman Hacıyevdən alınan vəsaitin bir hissəsi istixananın qurulmasına, bir hissəsi də Ucardakı ticarət mərkəzində satış üçün elektrik avadanlıqları, paltar və s. alınmasına xərclənib: “Ona hər dəfə qazanc kimi, 15-20 min manat verirdim. Ümumilikdə 200 min qazanc götürüb. Devalvasiyadan sonra ticarət zəiflədi. Qazanc olmadığını görəndə pulunu geri istədi. 2018-ci ilin axırına qədər 1 milyon 600 minini tam qaytardım. İki dəfə Zaur vasitəsilə 500 min göndərmişəm…”

İş adamı əlavə edib ki, SOCAR-ın idarə rəisi devalvasiya nəticəsində manatın dəyərdən düşdüyünü əsas gətirərək, ondan pulu dolların əvvəlki kursuna uyğun tələb etməyə başlayıb. O isə bununla razılaşmayıb: “Bundan sonra məni şantaj eləməyə başladı. Haqqımda əsassız şikayətlər etdi. SOCAR-da işlədiyinə görə öz adının çox hallanmasını istəmirdi deyə, qardaşını bu işə qoşdu, guya o da bu işə pul qoyub”.

Ana səhifəSosialSOCAR-ın şöbə rəisi: 52 qızıl külçə üçün 2 milyon 19 min pul vermişdim…