SOCAR Rusiya və İrandan 3 mlrd kubmetr qaz alacaq

Natiq Cəfərli: “Azərbaycanın səmt qazına ehtiyacı yoxdursa, söhbət başqa anlaşmalardan gedir”

Source:
Rövnəq Abdullayev
Rövnəq Abdullayev
Rövnəq Abdullayev
Rövnəq Abdullayev


Natiq Cəfərli: “Azərbaycanın səmt qazına ehtiyacı yoxdursa, söhbət başqa anlaşmalardan gedir”

“SOCAR-a qaz hasilatı zamanı laylara vurmaq üçün qaz lazımdır. Laylara nə qədər çox qaz vursaq, neft hasılatını bir o qədər stabil saxlamaq olar. Bundan başqa, qaz anbarlarımızın imkanları böyükdür və biz ora əlavə həcmdə qaz vurmağı planlaşdırırıq. Bizim anbarlarımız 5 milyard kubmetr həcmində qazı saxlamaq iqtidarındadır”. “APA-Economics” xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

R.Abdullayev SOCAR-ın  3 milyard kubmetr qaz almaq niyyətində olduğunu və bununla bağlı “Qazprom” şirkətinə təkliflər verildiyini  bildirib.

O, SOCAR-ın Rusiyadan başqa İran tərəfi ilə də müzakirələr apardığını  deyib: ”Söhbət svop əməliyyatından gedir. Yay aylarında İranda böyük həcmdə qazdan istifadə olunmur. İstehlakın pik həddi qışdadır. Biz SOCAR-ın qaz anbarlarına İran qazının vurulması ilə bağlı danışıqlar aparırıq. Qış aylarında isə biz onların şimal regionlarını qazla təmin edəcəyik”, – deyə  SOCAR prezidenti R. Abdullayev qeyd edib.

ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli  R.Abdullayevin fikirlərini Meydan TV-yə şərh edib. SOCAR prezidentinin çıxışında maraqlı detallar olduğunu deyən iqtisadçı da neftin çıxarılması üçün quyulara qaz vurulmasının vacib olduğunu qeyd edib. O, həmçinin, məsələ ilə bağlı razılaşmadığı məqamların olduğunu da deyib: ”Azərbaycandakı neft yataqlarının hamısında səmt qazı var. Neftlə birlikdə çıxan səmt qazı yenidən quyulara vurulur və neftin sürətlə, daha çox çıxmasına səbəb olur. Hətta, “bp”-də bu səmt qazı o qədər artıqdır ki, 1994-cü ildə imzalanan müqaviləyə əsasən, şirkət ildə təqribən 2 milyard kubmetr qazı Azərbaycana pulsuz verir. Bu mənada Azərbaycanın səmt qazına ehtiyacı yoxdursa, söhbət başqa anlaşmalardan gedir”.

İqtisadçı Azərbaycan rəsmilərinin qaz ehtiyatlarının çox olmasına dair verdiyi bəyanatları da diqqətə çatdırdı: “Rəsmilər Azərbaycanın qaz oyunçularından birinə çevriləcəyi ilə öyünürdü. Bəyanatlardan görünən budur ki, Azərbaycanın qazla bağlı götürdüyü öhdəliklərin yerinə yetirilməsində gələcəkdə problemlər ola bilər. Çünki qaz müqavilələri bir neçə il öncəyə imzalanır və bunlar yerinə yetirilmədikdə ölkə maliyyə sanksiyalarıyla üzləşə bilər”.

Natiq Cəfərli

N. Cəfərli ehtimal edir ki, Azərbaycan yaxın gələcəkdə öhdəliklərini yerinə yetirə bilməyəcək: “Çünki Gürcüstan çoxlu qaz almaq istəyirdi, buna görə SOCAR müəyyən güzəştlərə getməli oldu, hətta qiymətləri də endirdi. Görünür, qaz ehtiyatları kifayət etməyəcək, çünki Azərbaycanın Türkiyə qarşısında da öhdəlikləri var və bu ölkəyə təqribən 6 milyard kubmetr qaz verilməlidir. Avropayla bağlanan müqavilələrə görə, 2019-cu ildən sonra 10 milyard kubmetr qaz verilməlidir. Bu baxımdan müqavilələrin yerinə yetirilməsində problemlərin olması ehtimalı var”.

 Ekspert qeyd etdi ki, Rusiya qaz bazarlarında ciddi itkiylə qarşılaşdığından “Qazprom” post-sovet ölkələrinə üz tutub: ”Avropa ölkələri hər il az qaz almağa başlayır, hətta Türkiyə də şimal ölkəsindən qaz idxalını azaltdı. Ona görə “Qazprom” postsovet ölkələrində müştərilərini genişləndirməyi düşünür. Azərbaycan da bu ənənəvi bazarlardan biridir”.

N.Cəfərli güman edir ki, SOCAR müəyyən danışıqlar, yaxud təzyiqlər nəticəsində 3 milyard kubmetr qazı almağa məcbur olub. O, qeyd etdi ki, ilkin danışıqlarda söhbət 1,5 milyard kubmetr qazdan gedib, bu rəqəmin sonradan artırılması danışıqlardakı qaranlıq məqamlardan xəbər verir.

Ana səhifəXəbərlərSOCAR Rusiya və İrandan 3 mlrd kubmetr qaz alacaq