”Əslində, hökumət strukturları havanın necə olmasından asılı olmayaraq iş rejimini qurmalıdır”
“Qışda Azərbaycanın qazla təminatında heç bir problem olmayacaq”. “APA-Economics” xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib.
Azərbaycanda qış rejiminə noyabrın 1-dən keçildiyini xatırladan R. Abdullayev bildirib ki, 15 gün əvvəldən SOCAR idarələrində qışa hazırlıq prosesi müzakirə edilib: “Bir neçə günə qış rejiminə keçməyə hazır olacağıq. Keçən ildən anbarlarda qaz ehtiyatı toplanıb. İntensiv yağışlar zamanı qaza artan tələbat müvəqqəti idi. Havalar qəflətən soyuduğu kimi, istiləşə də bilər. Mən müşahidə etmişəm ki, havalar soyuyan kimi, insanların qaza tələbatı artır və “mavi yanacaq” vasitəsilə evləri qızdırırlar. Amma hava istiləşəndə insanlar mənzilin qızmasına baxmayaraq qaz sobalarını söndürmür, əksinə pəncərəni açırlar”.
SOCAR prezidentinin fikirlərini Meydan TV-yə şərh edən iqtisadçı Natiq Cəfərli Azərbaycan hökumətinin dünyanln inkişaf etmiş məlumat imkanlarından istifadə etmədiyinin anlaşılmaz olduğunu bildirib: “Soyuq havalar qəflətən düşmədi, hazırda smartfon telefonlarda havaların 10 gün əvvəl proqnozlaşdıran proqramlar var. Ən azı 10 gün əvvəl havaların kəskin pisləşəcəyi məlum idi və rəsmi məlumatlar yayıldığıdan hazırlaşmaq olardı. Qış rejiminə keçmək yenilik deyil, bəs insanlar evlərrini nə ilə qızdırmalıdırlıar?! Ona görə bəhanəyə ehtiyac yoxdur. Təbii ki, havalar soyuduqca, qaza tələbat artacaq və SOCAR işini elə artan tələbata cavab verən şəkildə qurmalıydı. Bu məsələlərdə havaların qəflətən soyuması kimi bəhanələrə yer yoxdur. Çünki qışa hazırlaşmaq SOCAR-ın əsas vəzifələrindən biridir. Artıq Rövnəq müəllim dekabr ayında havaların daha soyuq olacağını bilməli və hazırlaşmalıdır”.
İqtisadçı deyib ki, qış rejiminə keçid qaydası, noyabrın 15-dən keçilməsi sovet dövründən qalmadı. Bu qayda sovet dövründə də ciddi problemlər yaradırdı, çünki dünyanın yeddidə birini tutan ölkənin şimalıyla cənubu arasında ciddi fərq var idi. Murmanskıda noyabrın 15-də qış rejiminə keçməklə Türkmənistanda keçmək arasında fərq aşkar şəkildə görünürdü, amma ümumi idarəetmə insanları düşünmədiyindən yaratdığı qaydaların müstəqil Azərbaycanda tətbiqi təəssüfləndiricidir. Əslində, hökumət strukturları havanın necə olmasından asılı olmayaraq iş rejimini qurmalıdır.