Müqavilənin dəyəri təxminən 1,25 milyard dollardır
SOCAR hasilatın genişləndirilməsi strategiyasına uyğun olaraq xarici ölkələrdə strateji aktivlərdə pay almağa davam etdiyini açıqlayıb. Belə ki, Dövlət Neft Şirkəti bu il yanvarın 31-də İsrailin Aralıq dənizi hövzəsindəki ən böyük və strateji əhəmiyyətli qaz yataqlarından biri olan “Tamar” yatağında 10% effektiv mülkiyyətin alınması üçün Union Energy şirkəti ilə müqavilə imzaladığını elan etmişdi.
İnterfaks xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İsrailin ən böyük qaz yataqlarından biri olan Tamarın 10%-lik səhmlərinin alınması ilə bağlı müqaviləni rəsmən iyunun 27-də bağlayıb.
“SOCAR-a Tamar-da 10% pay verəcək sövdələşmənin dəyəri təxminən 1,25 milyard dollardır”, – deyə məlumatda bildirilir.
SOCAR israilli milyarder Aaron G. Frenkelin nəzarətində olan iki şirkətdə – Union Energy və Tamar Petroleumda pay alıb.
Bununla da SOCAR “Union Energy”dəki 48,3% holdinq vasitəsilə “Tamar”ın 7%-nə, Tel-Əvivdə siyahıya alınmış “Tamar Petroleum”da isə 17,9%-lik pay sayəsində 3%-ə sahib olacaq.
Hayfa şəhərindən 90 km məsafədə yerləşən “Tamar”, Aralıq dənizindəki ən böyük qaz yataqlarından biridir. O, 2009-cu ilin yanvarında kəşf edilib və İsrailin əsas qaz mənbələrindən biri hesab olunur. NSAI tərəfindən müstəqil ehtiyatların qiymətləndirilməsinə əsasən, yatağın təxmin edilən təbii qaz ehtiyatları təxminən 389 milyard kubmetr təşkil edir.
SOCAR-ın məlumatına görə, “Tamar” yatağı 2013-cü ildə altı sualtı hasilat quyusundan qaz hasil etməyə başlayıb. Yatağın işlənməsi üzrə hazırkı müqavilə 2038-ci ilə qədər qüvvədədir və 2047-ci ilə qədər uzadıla bilər. İllik qaz hasilatı 10 milyard kubmetrdir. Növbəti üç il ərzində layihənin genişləndirilməsi və yeni quyuların qazılması planları illik hasilatı ildə təxminən 15 milyard kubmetrə çatdırmalıdır. Bərpa edilə bilən qaz ehtiyatları 286 milyard kubmetrdir.
2024-cü ilin mart ayına olan açıq mənbə məlumatlarına görə, layihənin səhmdarları bunlardır: Chevron Corp. (ABŞ) – 25%, Isramco (İsrail) – 28.75%, Mubadala Energy (BƏƏ) – 11%, Union Energy – 11%, Tamar Petroleum (İsrail) – 16.75% və Evraels (16.75%) (İsrail) – 3,5%.