“SOCAR işçilərin ailə üzvlərinin də peyvəndlənməsini tələb edir”

“Bu məbləği bir ilə vuranda ortaya külli miqdarda vəsait çıxır”.

Foto: SOCAR


Mirvari Qəhrəmanlı: “Neftçilərin karantində saxlanıldığı otellərə və işçiləri yeməklə təmin edən MMC-yə ayrılan vəsait açıqlanmalıdır”

Dövlət Neft Şirkətində çalışanlar COVİD-19 infeksiyasına qarşı məcburi peyvənd edilirlər. Bununla yanaşı, əməkdaşlara ailə üzvlərinin də peyvəndlənməsi və çalışdıqları qurumlara bunu təsdiqləyən sənədin təqdim olunması tapşırılıb.

Bu barədə Meydan TV-yə SOCAR-da çalışan neftçilərdən birinin oğlu Azər Hüseynov bildirib. Onun sözlərinə görə, atası işdən çıxarılma qorxusu ilə onun və anasının da peyvənd olunmasını istəyib. Anası razılaşıb, Azər isə peyvənd olunmaq istəmir.

«Peyvənd olunanların da infeksiyaya yoluxduğuna dair mətbuatda məlumatlar verilir. Digər tərəfdən, Almaniyadan yeni peyvənd gətiriləcək. İnsanlara seçim haqqı verilməlidir, mən peyvəndin əleyhinə deyiləm, sadəcə, xarici mətbuatı da izləyirəm və seçim etmək niyyətindəyəm”-Azər söyləyib.

Dənizdə çalışan neftçilər isə bildiriblər ki, COVİD-19 infeksiyasına yoluxanlar 6 aydan tez peyvənd edilmirlər. Buna görə də onlar əvvəlki qaydada – oteldə karantində qalmaqla və işə çıxmadan əvvəl test verməklə işlərinə davam edəcəklər. “Gah deyirlər ki, vaksin vurduranlar da işə çıxarkən test verməlidirlər, çünki yoluxma ehtimalı qalır, gah da əksini söyləyirlər. İstənilən halda karantində qalmaqdansa, peyvənd olunmaq yaxşıdır. Amma ailə üzvlərimizin də məcburi peyvənd edilməsi doğru qərar deyil”,-şirkətin adının açıqlanmasını istəməyən əməkdaşı deyib.

Adının açıqlanmasını istəməyən bir qrup neftçi bildirib ki, işə getmək üçün ayrılan gəmilərdə yoluxma təhlükəsi daha çoxdur. Çünki sosial məsafə qorunmur, bəzən oteldə karantində qalmayanlar da onlarla bərabər gedirlər.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Meydan TV-yə deyib ki, SOCAR-da çalışanların ailə üzvlərinin də peyvənd edilməsi ilə bağlı tapşırıq verildiyinə dair onda da məlumat var:

Мирвари Гахраманлы
Mirvari Qəhrəmanlı

“Bu, haqlı olaraq narazılıqla qarşılanıb. Ailə üzvlərinin vaksin edilməsi üçün işçiyə təzyiq etmək yolveriməzdir”.

Qəhrəmanlı dənizdə çalışan işçilərin daşınması ilə bağlı problemin olduğunu da deyib: “Həm 2 dəfə peyvənd olunan, həm də otellərdə karantində qalan neftçilər Neft Daşlarına getmək üçün Dəniz Limanından 3 gəmi ilə getməlidirlər. “Üfüq” və “Turan” gəmiləri təzə olduğu üçün 4-5 saata, “MPK” gəmisi isə 6-8 saata çatır. Limana gedib işçilərin yola düşmələrini görmək lazımdır. O zaman görərsiz gəmiyə minmək üçün necə basabas yaranır”.

Hüquq müdafiəçisi gəmilərdə sosial məsafənin qorunmadığı halda dəniz obyektlərində çalışan neftçilərin normal iş qrafikinə keçirilməməsi səbəblərinin araşdırılmasını da vacib sayır: “Neftçilərin karantində saxlanıldığı otellərə və həmin otellərdə işçiləri yeməklə təmin edən MMC-yə ayrılan vəsait açıqlanmalıdır. Bu otellərin və MMC-nin faktiki sahibi kimdir? 3 saata testin nəticəsi bilindiyi halda işçilər niyə həmin otellərdə bir həftə saxlanılır?”

untitled_design__1_.png
Emailə gələn məktub

Qəhrəmanlının verdiyi məlumata görə, pandemiyanın başlandığı dövrdən indiyədək 400-600 neftçi “Caspian Bisiness Hotel”də, 400 neftçi “Rich Hotel”də, 100 neftçi “Sah Hotel”də, 400 neftçi “Ramada Hotel”də, 100 nəfər “Emiland Hotel”də karantində qalırlar. Neftçilər əvvəllər Atletlər Kəndində karantində saxlanılsalar da, işçilərdən birinin intiharından sonra orada karantinə yerləşdirilmirlər.

Qəhrəmanlı bildirib ki, SOCAR 1600 yaxın işçi üçün hər dəfə bu otellərə və otellərdə işçini yeməklə təmin edən MMC-yə 320 min manat ödəyir. İşçilər 40-42 gün karantində saxlanılır:

“Bu məbləği bir ilə vuranda ortaya külli miqdarda vəsait çıxır”.

SOCAR sözçüsü İbrahim Əhmədov isə yerli mətbuata açıqlamasında deyib ki, peyvəndin hər iki dozası vurulduqdan sonra işçi normal iş qrafikinə keçəcək. Lakin Əhmədov işçilərin ailə üzvlərinin də peyvənd vurdurmalarının tələb edilməsiilə bağlı danışmayıb.

Meydan TV-nin adıçəkilən otellərə ünvanladığı sorğu cavablandırılmayıb. Yalnız “Ramada Hotel” neftçilərin orada karantində qaldığını təsdiqləsə də, say və gündəlik xərclər barədə məlumat verməyib.

Ana səhifəSosial“SOCAR işçilərin ailə üzvlərinin də peyvəndlənməsini tələb edir”