Prokuror təqsirləndirilən şəxsə iş istəyib
Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Neft Şirkətinin (SOCAR) yüksək vəzifəli şəxslərinin də adı keçən dələduzluqla bağlı cinayət işi üzrə təqsirləndirilən Arzuman Əliyevin məhkəmə prosesi davam etdirilib.
Meydan TV-nin məlumatına görə, hakim Tamella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının tamamlanmasına qərar verilib. Prokuror çıxış edərək təqsirləndirilən şəxsin 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses noyabrın 7-də davam edəcək.
İttiham aktına əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) yaxınlığı ilə tanınan Arzuman Əliyevin Sərraf Məmmədzadə və Aləm Əkbərovla birlikdə həyata keçirdikləri dələduzluq əməlləri nəticəsində bir neçə iş adamına külli miqdarda ziyan dəyib. İstintaq yolu ilə müəyyən olunub ki, Arzuman Əliyev zərərçəkmiş iş adamı Rüfət Vəliyevi Dövlət Neft Şirkətinin Hüquq Departamentində şöbə müdiri təyin etmək adı ilə aldadaraq , ona məxsus külli miqdarda əmlakı ələ keçirib. Cinayət işi ilə bağlı Arzuman Əliyev həbs olunsa da, Sərraf Məmmədzadə və Aləm Əkbərovun barəsində hər hansı tədbir görülməyib.
Dəstə üzvləri “Biləcəri Təmir Quraşdırma” QSC-nin sədri Nazim Tahirovun Rusiya Federasiyasından gətirdiyi dəmir boruları SOCAR-a satsalar da, yalan vədlər verərək onu aldadıblar. Nəticədə zərər çəkmişə çatacaq 970.000 ABŞ dollarını ələ keçirərək sahibkara külli miqdarda ziyan vurublar. Belə ki, Arzuman Əliyev gətirilmiş boruların SOCAR-a satılmasında Nazim Tahirova kömək edəcəyini deyib. Arzuman N.Tahirovu qohumu Sərraf Məmmədzadə ilə tanış edib və bildirib ki, o, ARDNŞ-nin Baş Təchizat İdarəsinin rəisi Mehman Əkbərovla daha yaxındır, onun vasitəsilə gətirilmiş boruları SOCAR-a satmaq olar. Bundan sonra Nazim Tahirov razılaşma əsasında ölkəyə gətirdiyi 965 min ton dəmir borunu Arzuman Əliyevə, o isə öz növbəsində həmin materialı Sərraf Məmmədzadənin köməkliyi ilə Neft-Qaz Tikinti Trestinə çatdırıb. Amma bugünədək həmin şəxslərin boruları SOCAR-a hansı qiymətə satması nə zərərçəkmiş şəxsə, nə də istintaqa məlum deyil. Bununla bağlı istintaq zamanı SOCAR-a dəfələrlə konkret sorğu göndərilsə də, cavablandırılmayıb. Şirkətin Hüquq Departamenti istintaqa göndərdiyi cavabda boruların ARDNŞ-in müxtəlif strukturlarına satıldığı qeyd etsə də, qiymət açıqlamayıb.
Onlar iş adamı Elbrus Məmmədovun isə 341 min 880 dollarını mənimsəyiblər. Şəbəkə üzvləri A.Əkbərov, S.Məmmədzadə özlərini zərərçəkmişlərə Dövlət Neft Şirkətində təsir imkanları olan şəxslər kimi təqdim ediblər.
İş üzrə keçirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxslər deyiblər ki, SOCAR-da elə ab-hava yaradılıb ki, bu şəxslər olmadan heç bir biznesmen Dövlət Neft Şirkəti ilə birbaşa əlaqə yarada bilməzdi və bu, mümkün iş deyildi. Çünki SOCAR-dakı sözügedən şəbəkəyə SOCAR prezidenti Rövnəq Abdullayevin bacanağı olan Baş Təchizat idarəsinin rəisi Mehman Əkbərov himayədarlıq edib. Aləm Əkbərov isə onun qardaşıdır.