SOCAR İsrailə birbaşa neft satışı həyata keçirildiyini inkar edən məlumat yayıb.
Məlumatda şirkətin İstanbuldakı mərkəzi binasının qarşısındakı aksiyalar təxribat adlandırılıb:
“Bu təxribatlar getdikcə şiddətlənir və əməkdaşlarımızın həyatı üçün təhlükə yaradır. Hazırda SOCAR tərəfindən İsrailə xam neftin satışının həyata keçirilməsi ilə bağlı ittihamlar həqiqəti əks etdirmir və qəsdən ictimai rəyi çaşdırmaq məqsədi daşıyır”.
Məlumatda qeyd edilib ki, bazarda fəaliyyət göstərən ticarət şirkətləri ilə davam edən mümkün satış əlaqələri çərçivəsində, ticarət şirkətlərinin SOCAR-dan tədarük etdiyi xam neftin hansı ölkələrə daşındığına və hansı məqsədlə istifadə edildiyinə nəzarət və müdaxilə etmələri mümkün deyil.
SOCAR 18.3 milyard USD məbləğindəki sərmayə ilə Türkiyənin ən böyük xarici investorudur, şirkətin əməkdaşlarının sayı 5600 nəfər təşkil edir.
Azərbaycan şirkətinə Türkiyə üzərindən İsrailə neft satdığı üçün etiraz edilib
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Türkiyənin İstanbul şəhərində yerləşən ofisi önündə etiraz aksiyası olub.
Türkiyənin yerli mediası yazır ki, aksiyaçılar SOCAR binasına qırmızı boya atıb.
Etiraza səbəb isə SOCAR-ın Türkiyə üzərindən İsrailə neft tədarük etməsidir.
SOCAR-ın binası qarşısında aksiya keçirən “Min Gənc Fələstin Uğrunda” qrupu “biz bu torpaqların işğalını və soyqırımını qidalandıranların yaxasından yapışmışıq” deyiblər.
Etirazçılar SOCAR-ın İsraillə iqtisadi əlaqələrini “qanlı ticarət!” adlandırıb.
“Min Gənc Fələstin Uğrunda” qrupunun sosial media hesabından edilən açıqlamada deyilir:
“Qatil İsrail 9 aydır Fələstində soyqırım törətdiyi halda, Azərbaycan və Türkiyə milyonlarla barel nefti əl-ələ bu soyqırıma aparır”.
Hadisə ilə bağlı SOCAR hər hansı açıqlama verməyib.
Lakin Türkiyə polisinin aksiyasının 13 iştirakçısını saxladığı bildirilir.
Onlar əmlaka ziyan vurduqları və mülkiyyət toxunulmazlığını pozduqları üçün məhkəmə qarşısına çıxarılacaqlar.