SOCAR-ın Macarıstanda bağladığı müqavilənin sirri – Təhlil

Neft Şirkətinin vəsaiti varsa, onda “Neftçi”yə niyə kömək etmir?

Source:
Rövnəq Abdullayev Macarıstanda müqavilə imzalayarkən
Rövnəq Abdullayev Macarıstanda müqavilə imzalayarkən
Rövnəq Abdullayev Macarıstanda müqavilə imzalayarkən
Rövnəq Abdullayev Macarıstanda müqavilə imzalayarkən


Neft Şirkətinin vəsaiti varsa, onda “Neftçi”yə niyə kömək etmir?

Azərbaycanda yaşanan maliyyə böhranı bütün sahələri iflic edib. Ölkə prezidenti məmurlara müraciət edərək, hər şeyə qənaət edilməsini tələb edib. Ancaq deyəsən, prezidentin tələbi Rövnəq Abdullayevə aid deyil. SOCAR prezidenti bir neçə gün əvvəl Macarıstanda olub. Yox, o, Macarıstanda xarici investorların ölkəyə cəlb edilməsi, Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı danışqlar aparmayıb. Rövnəq Abdullayev Macarıstanın paytaxatı Budapeştdə müqavilə bağlayıb. Bu müqaviləyə görə, Azərbaycanın milyonlarla avro vəsaiti ölkədən çıxarılacaq. Əvvəlcə rəsmi müqavilə barədə:

Fevralın 11-də Budapeştdə SOCAR və Beynəlxalq Cüdo Federasiyası (İJF) arasında tərəfdaşlıq müqaviləsi bağlanıb. İJF-nin rəsmi saytının yaydığı məlumatına görə, müqaviləni SOCAR və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevlə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer imzalayıblar. Anlaşma 4 il müddətinə nəzərdə tutulub.

İmzalanma mərasimindən sonra mətbuata açıqlama verən MariusVizer bildirib ki, bu tərəfdaşlıq cüdonun bütün dünyada təşəkkül tapması üçün mühüm addımdır: “Bizim üçün də belə bir müqaviləni ən məşhur şirkətlərdən biri ilə imzalamağımız çox əlverişli imkandır. SOCAR-la tərəfdaşlıq idman sahəsində bir çox layihələrimizin həyata keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edir”.

Rövnəq Abdullayev də fikirlərini bildirib: “Bu gün idmanın inkişafına verdiyimiz töhfə belə bir mühüm müqavilənin imzalanmasında öz əksini tapmış oldu. SOCAR futbola, şahmata və cüdoya Azərbaycanda və ölkədən kənarda davamlı dəstəyin göstərilməsi ilə seçilir. İJF ilə tərəfdaşlığımızı gələcək nəsillərə yatırdığımız mənalı sərmayə kimi qiymətləndiririk”.

Rövnəq Abdullayev 2015-ci ilin sentyabrında Cüdo Federasiyasının prezidenti seçilib. O, həm də AFFA-nın prezidentidir. Təbii ki, beynəlxalq federasiya ilə bağlanan bu müqavilədə qəpik-quruş nəzərdə tutulmayıb. Müqavilənin maliyyə şərtləri açıqlanmayıb. Amma kluarlarda gəzən söhbərlərə görə, müqavilədə milyonlardan söhbət gedir. Belə böhranlı bir dövrdə bu qədər vəsaitin hansısa beynəlxalq federasiyaya ödənilməsi nəyin əlamətidir? Bəs prezidentin tələbi? Təkcə bir məqamı xatırladaq: Bir neçə gün əvvəl Meydan.TV-də verdiyimiz məlumatda vurğulamışdıq ki, ölkənin ən köklü futbol klubu “Neftçi” Emil Mpenzaya olan 1 milyon dollar borcunu ödəyə bilmədiyi üçün FİFA tərəfindən ağır cəzalanacaq. Xatırladaq ki, “Neftçi”nin əsas sponsoru məhz SOCAR-dı. SOCAR-ın vəsaiti varsa, onda “Neftçi”yə niyə kömək etmir? Bu barədə də Meydan.TV-də gedən başqa bir yazıda ətraflı məlumat vermişdik. Bildirmişdik ki, “Neftçi” hazırda Rövnəq Abdullayevlə rəqabət aparan SOCAR-ın və AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun nəzarətindədir. Elşad Nəsirov isə “Neftçi”dən Rövnəq Abdullayevin adamını – Sadıq Sadıqovu uzaqlaşdıraraq, komandanı uşaqlıq dostu, tanınmış yazıçı Çingiz Abdullayevə tapşırıb.

Rövnəq Abdullayev isə öz qohumunu – Sadıq Sadıqovu yanına, Cüdo Federasiyasına vitse-prezident təyin edib. Bizim o vaxt yazdıqlarımız bu gün təsdiqini tapır. Rövnəq Abdullayev AFFA-nın da prezidentidir. Amma onun bu qurumda demək olar ki, heç bir səlahiyyəti qalmayıb. AFFA tamamilə Elşad Nəsirovun nəzarətinə keçib. Bir müddət əvvəl isə məlumat vermişdik ki, martda AFFA-da növbəti dəfə prezident seçkiləri keçirləcək. Rövnəq Abdullayev bu dəfə namizədliyini verməyəcək, futbol təsərrüfatından gedəcək.

Artıq kartlar tamamilə açılır. Azərbaycanın futbol təsərrüfatı maliyyə burulğanında çabaladığı bir vaxtda SOCAR Beynəlxalq Cüdo Federasiyası ilə çoxmilyonluq müqavilə bağlayır. Məsələ bu qədər aydınlaşıb. Başqa şərhə ehtiyac qalır?

Ana səhifəXəbərlərSOCAR-ın Macarıstanda bağladığı müqavilənin sirri – Təhlil