SOCAR-ın İtaliya və İsraildəki yatırımlarının yaratdığı böyük fürsətlər və risklər

Foto: HJBC\shutterstock

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2025-ci ildə xaricdəki investisiya təşəbbüsləri dünya mediasının gündəmindədir. Belə ki, SOCAR İtaliyanın “Italiana Petroli” neft emalı zavodunu satın alıb. Reuters-in məlumatına görə, İtaliyanın tanınmış ailələrindən biri – Brachetti Peretti ailəsinə məxsus bir neçə neft emalı müəssisəsindən biri SOCAR tərəfindən 2,5 milyard avroya alınıb.

Sözügedən müəssisə gündə 200 min barel emal gücünə və 4500 yanacaqdoldurma məntəqəsinə sahib olmaqla İtaliyanın ən böyük şəbəkələrindən biri sayılır. Zavod ötən il 500 milyon avro xalis mənfəət əldə edib və 2024-cü ilin dekabr ayının sonunda 408 milyon avro həcmində xalis pul mövqeyinə malik olub.

Bu ilin əvvəlində elan olunan tenderdə üç şirkət-SOCAR, treyder “Gunvor” və BƏƏ-nin “Bin Butti Group” şirkəti Italiana Petroli (IP) zavodunu almaq üçün əsas namizədlər sırasında yer almışdı.

İtaliya hökuməti enerji şirkətləri və neft emalı zavodları da daxil olmaqla kritik aktivlərin satışına xüsusi diqqət yetirir. Əsas şərtlərdən biri isə tədarükün davamlılığı və iş yerlərinin qorunması ilə bağlı zəmanət olub. Çox böyük ehtimal, SOCAR bununla bağlı bütün öhdəlikləri icra etməli olacaq. Əks halda, Avropa ölkəsində ciddi hüquqi problemlərlə üzləşə bilər.

SOCAR 2000-ci illərin ilk onilliyində Türkiyə, İsveçrə və Gürcüstandakı investisiyalarından sonra, 2025-ci ildə fəaliyyət istiqamətlərinin daha da genişləndirdiyi görünür. Şirkət bu il İsrailin “Tamar” layihəsi və Suriyaya qaz tədarükü ilə bağlı işlərə başlayıb.

Belə ki, Azərbaycan neft şirkəti İsrailin ən böyük enerji aktivlərindən biri olan “Union Energy”dən “Tamar” qaz sahəsində təxminən 10 faiz pay alıb.

Habelə, SOCAR, Böyük Britaniyanın enerji nəhəngi “BP” və İsrailin “NewMed Energy” şirkəti ilə birgə lisenziya müqaviləsi çərçivəsində İsrailin dəniz qaz sektoruna daxil olub. Müqavilə SOCAR-a İsrailin Eksklüziv İqtisadi Zonasının I Zonasında kəşfiyyat hüquqlarını verir ki, bu da şirkətin Azərbaycandan kənarda həyata keçirdiyi ilk kəşfiyyat layihəsidir. Burada SOCAR 33,34 faiz paya sahibdir, BP və NewMed Energy şirkətləri isə hər biri 33,33 faiz payla I zonanın operatorları kimi fəaliyyət göstərəcək.

Belə görünür ki, Azərbaycanda neft hasilatının azalması SOCAR-ı xarici ölkələrdə yeni bazarlar axtarmağa sövq edir. Çünki enerji gəlirləri Azərbaycan iqtisadiyyatının əsas lokomotividir.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri və enerji məsələləri üzrə ekspert İlham Şaban bildirir ki, İtaliyadakı neft emalı zavodunun alınması SOCAR üçün faydalı investisiya ola bilər:

“Burada söhbət illik 10 milyon ton emal gücünə malik müəssisədən və yanacaqdoldurma məntəqələrinin şəbəkəsinin alınmasından gedir. Maliyyə baxımından bu, qazanclı investisiyadır, çünki bir emal zavodunun tikintisinə bundan 2-3 dəfə çox kapital tələb olunur. Məsələn, 8 il öncə “Star” Emal Zavodunun tikintisi o zaman üçün 6,5 milyard dollara başa gəlmişdi. Ondan sonra qiymətlər xeyli artıb”.

Bir sıra ekspertlər isə bu layihələrin SOCAR-a böyük borclanma hesabına başa gəldiyi qənaətindədirlər.

SOCAR-ın 2024-cü il maliyyə hesabatına görə, şirkətin qısa və uzunmüddətli borc öhdəlikləri 5,8 milyard manat artıb. Belə ki, qısamüddətli borc öhdəlikləri və uzunmüddətli borcun cari hissəsi 2024-cü ildə 7,1 milyard manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 25,1 faiz artım deməkdir.

Uzunmüddətli borclar isə ötən il 16,5 milyard manat təşkil edib, bu da 2023-cü illə müqayisədə 36 faiz çoxdur. 2025-ci ildə SOCAR-ın daha nəhəng layihələrə yatırım qoyması bu borcun daha da artmasına səbəb olacaq. Nəticədə neft şirkətinin mənfəətinə nisbətən həyata keçirdiyi yatırımlar daha böyük həcmlidir. Bəzi ekspertlər bildirir ki, gələcəkdə bu borclar dövlət vəsaiti hesabına ödənilə bilər, çünki neft şirkətlərinin xarici kreditlərində əsas zəmanətçi Azərbaycan dövlətidir – yəni Maliyyə Nazirliyi.

Ekspert İlham Şaban isə bu fikirlərlə razılaşmır. Onun qənaətinə görə, kapitalizmdə qərarlar çevik verilməlidir və SOCAR da bazara uyğun şəkildə hərəkət edir:

İlham Şaban. Mənbə: "Turan"
İlham Şaban. Mənbə: “Turan”

“Kapitalizmdə heç kim gözləmir ki, əlində kapital olsun, onun 10 faizini yatırıma qoyub, qalan hissəsini də yaman gün üçün saxlayasan. O oyunçular udur ki, zamanında fürsətdən istifadə edir, başqasının bazarda təklif etdiyi aktivləri götürüb illik 5–10 faizlik marja ilə işləyir”.

İ.Şabanın sözlərinə görə, SOCAR 2008-ci ildən bəri xaricdə icra etdiyi layihələri borclanaraq həyata keçirir və bu baxımdan bazarda kredit götürərək iş görən əsas oyunçulardan biridir. İndiyədək heç bir maliyyə qurumunun hesabatında SOCAR-ın problemli borclarına dair məlumat yoxdur.

“2008-ci ildə SOCAR-ın vəziyyəti həm kadr, həm nüfuz baxımından, həm də böyük kapitalla işləmək bacarığı baxımından indiki səviyyədən qat-qat aşağı idi. Biz 2 milyard 50 milyon dollara Türkiyədə “PETKİM” zavodunu aldıq. O zaman SOCAR bu vəsaiti necə əldə etdi? Səhv etmirəmsə, 2013-cü, ya da 2015-ci ilə qədər banklardan götürdüyü qısa müddətli kreditləri ödədi. SOCAR sadəcə ilkin tranşı öz kapitalı ilə təmin etmişdi. “PETKİM” indiyədək mənfəətlə işləyən bir yatırımdır. 20 il öncə Qazaxıstan da Ruminiyadan neftayırma zavodu almışdı. Amma onlar onu aşağı marja ilə belə mənfəətli işlətmək bacarığına malik olmadılar. Oyunçudan oyunçuya fərq var”,- ekspert deyir.

İlham Şaban deyir ki, SOCAR-ın xarici investisiyalarında həmişə gəlirlilik təmin olunub:

“İstər Gürcüstanda, istər Avropada qoyulan yatırımlarda gəlirlilik təmin oluna bilib. 2013-cü ildə İsveçrədə “ExxonMobil”in 170 yanacaqdoldurma məntəqəsini aldıq. Azərbaycan heç vaxt enerji layihələrinə siyasi gözlə baxmayıb. Ona görə də başqa neft-qaz ölkələrindən fərqli olaraq sonradan itiriləcək və ya biznesdən kənarlaşdırılacaq layihələrlə qarşılaşmamışıq”.

“SOCAR-ın xaricdəki gəlirləri Azərbaycandakı gəlirlərindən çoxdur. Azərbaycanda hasilat aşağı düşür və bu baxımdan şirkətin aktivlərini daxili bazarda artırmaq imkanları məhdudlaşırsa, onun xarici bazarlara yönəlməsi doğru siyasətdir. Doğrudur, deyə bilmərik ki, SOCAR çox yüksək səviyyədə işləyir. Bu sözü demək üçün şirkət dövlət dəstəyindən ayrı olaraq rəqabətli bazarlarda özünü göstərməlidir. Amma real olaraq, post-sovet məkanındakı dövlət şirkətləri arasında SOCAR öndə olan şirkətlərdən biridir”, – ekspert əlavə edir.

Ana səhifəİqtisadiyyatSOCAR-ın İtaliya və İsraildəki yatırımlarının yaratdığı böyük fürsətlər və risklər