SOCAR-ın Britaniyadakı keçmiş direktoru: Mənə qarşı saxta cinayət işi açılıb

Rüfət Əfəndiyev SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanovdan şikayətçidir

Source:

Rüfət Əfəndiyev SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanovdan şikayətçidir

2016-cı ilədək SOCAR-ın Böyük Britaniyada rəsmi nümayəndəliyinin direktoru olmuş Rüfət Əfəndiyev prezidentə müraciət edib. Məlumatı onun vəkili Cavad Cavadov yayıb.

O, müraciətdə bütün hüquqi müdafiə vasitələrinin tükəndiyini, varolan bütün əmlaklarının əlindən alındığını deyir:

“SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanovun qızı Səidə ilə 18 il evli olmuşam. Birgə nikah dövründə Bakıda və xaricdə xeyli əmlak almışıq. 2016-cı ildə boşanmağa qərar verdik. Qanunvericiliyə görə, birgə nikah dövründə əldə edilmiş əmlaklar bərabər bölünməli idi. Lakin müəyyən təzyiq nəticəsində Bakıdakı bütün daşınmaz əmlaklardan Səidə Əfəndiyevanın xeyrinə imtina etdim. İndi də xaricdəki mülklərimi əlimdən almaq istəyirlər”.

“Qızımı döyməyimlə bağlı saxta ekspertiza rəyi alıblar”

Rüfət Əfəndiyev rəsmi qeydiyyatda olduğu ünvanın Bakının Sabunçu rayonunda olduğunu, lakin nikahın pozulmasına və əmlak bölgüsünə dair iddianın Səbail rayonunda qaldırıldığını deyir:

“Həmin iddiada birgə nikah dövründə xaricdə alınmış əmlakların guya Səidə Əfəndiyevanın qohumları tərəfindən hədiyyə olunduğu söylənir. Bundan əlavə, 17 yaşlı qızım Nərmin Əfəndinin tərəfimdən döyülməsinə dair şikayət veriblər. Bununla bağlı naməlum ekspertiza rəyi alıblar. Bu iş mənə qarşı təzyiq kimi istifadə olunur”.

“Əmlak xatirinə ata-qız münasibətlərinə müdaxilə yolverilməzdir”

Rüfət Əfəndiyev hazırda Londonda yaşayır. Məhkəmə ilə bağlı ondan Bakıya gəlməsi tələb olunur. Bakıda onu nəyin gözlədiyini bilmir. Deyir, əmlak xatirinə ata-qız münasibətlərinə müdaxilə yolverilməzdir:

“18 illik evlilik həyatımın bu qaydada yayılmasını qətiyyən istəmirəm, lakin mənə qarşı faktiki qeyri-hüquqi müstəvidə təzyiqlər var. Prezidentdən xahiş edirəm, SOCAR-ın vitse-prezidenti cənab Rəhman Qurbanovun bu məsələlərə müdaxiləsinin qarşısının alınmasına göstəriş versin”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün SOCAR-la əlaqə saxlayıb. Rəhman Qurbanovun köməkçisi bu barədə məlumatsız olduqlarını bildirib:

“Rəhman müəllim hazırda prezidentlə görüşdədir. Rüfət müəllim nə yazıb, hara müraciət edib bilmirəm. İnanın belə şeylərlə maraqlanmağa Rəhman Qurbanovun vaxtı yoxdur. Onun işdən başı açılmır”.

Ana səhifəXəbərlərSOCAR-ın Britaniyadakı keçmiş direktoru: Mənə qarşı saxta cinayət işi açılıb