Qatarın siqnalı eşidilən kimi Tamella xanım qıvraq ayağa qalxıb özünü divara sıxır. Oğluna da çığırır ki, geri çəkilsin, qatar gəlir.
Qatar evlərin yarım metrliyindən keçir. Keşlə qəsəbəsində yerləşən 10-a yaxın evin sakinləri hər gecə qatar səsinə oyanır. Hər gün 6 dəfə, üç xəttlə qatar buradan benzin daşıyır.
Sakinlər nə vaxtsa rahatlıqlarına qovuşacaqlarına inanmırlar çünki hər il hökumət işçiləri gəlib söz verirlər ki, bu il köçürüləcəksiniz. Amma bir neçə ildir onlar durduqları yerdə sayırlar.
“Neft bizdə, qaz bizdə, işıq bizdə, hər şey bizdə. Xarici ölkələr bizdən neft, qaz alır, bunların pulları hara gedir ? Bizim kimi vətəndaşlara ayrılmalıdır bu pullar”- Tamella Qurbanova deyir.
Bu evlərin tavanlarından SOCAR-ın 395 milyon dollara tikdirdiyi yeni binası görünür. SOCAR-ın prezidenti Rövnəq Abdullayev də bu rayondan (Nizami rayonu) Milli Məclisdə deputat kimi təmsil olunur.
Sakin Rüfət Muradov deyir ki: “Qatar partlasa, getdik… sığortamız yox, bir sənədimiz yox. Yandıq getdik, kimdir bizi axtarıb tapan. Gecə 15 dəfə ayılırsan yuxudan, elə bil vaqonda gedirsən”.
Mədinə qatar xəttlərinə görə həyətdə oynamağa yerlərinin olmadığını deyir. “Burada gizlənqaç oynayanda həmişə qatar vurur adamı,ona görə də biz içəri giririk. O biri tərəfə keçib oynayırıq, qatar gələndə içəri keçib evdə otururuq”.
Tamella Qurbanova evlərinin yaxınlığındakı yüksək gərginlikli elektrik xəttlərinin onların sağlamlığına ziyan etdiyi fikrindədir. “Biz burada iki ildir yaşayırıq. Bu iki ildə baş ağrısı, ürək ağrısı, əsəb pozğunluğu yaşayırıq. Həkimə müraciət edəndə deyir ki, harada yaşayırsınız? Deyirik, dəmiryol tərəfdə, Nizami rayonunda yaşayırıq. Deyir, elektrik xəttinin altında yaşayırsınız deyə bu ağrılarınız var. Buradan uzaqlaşıb, başqa ərazilərə gedəndə o ağrılar olmur”.
Qadın paltar asmaq üçün 3 qatar xəttini keçməlidir. Hər keçəndə də sağına, soluna diqqətlə baxmalıdır. Ərazidəki göyərçinlər kimidir insanlar, ürkək yaşayırlar:
“Qatar mənim üçün təhlükə, ölüm deməkdi. Burada uşaq böyütmək çətindir. Hər an təhlükə ilə üzbəüzük. Ölə də bilərik. Qabaqda gedən qatar bizim üçün lap təhlükəlidir. Neçə dəfə üz-üzə gəlmişəm, geri qayıtmışam. Qatar bizim üçün ölüm deməkdi”.