Qalib Məmmədov öncə aldadıldığını, sonra işdən çıxarıldığını deyir
Bakı şəhər sakini Qalib Məmmədov “SOCAR AQŞ” MMC-dən şikayətçidir.
Bu barədə Meydan TV-yə danışan şikayətçi deyir ki, 2017-ci ildən həmin şirkətdə çalışıb, hazırda dolanışığı çətinləşib.
Onun sözlərinə görə, 1500 manat əməkhaqqı alıb. Aprelin 26-da şirkət rəhbərliyi tərəfindən iş həcminin azaldılması səbəbi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə ona xəbərdarlıq edilib. Deyir ki, sonradan “əmək şəraitinin şərtlərinin dəyişməsi barədə” bəhanəsi ilə aldadılıb, əməkhaqqı min manata qədər azaldılıb. Şikayətçinin sözlərinə görə, ona sənədi imzaladarkən əməkhaqqının müvəqqəti azaldıldığı deyilib.
Qalib Məmmədov şəhid ailəsinin üzvüdür.
“Xəstə bacım və azyaşlı övladlarım mənim himayəmdədir. Övladımın hər iki gözünü iki dəfə əməliyyat etdirmişəm, hətta dərman almağa imkanım yoxdur. Mənə heç bir yerdən iş təklif olunmayıb”,-Məmmədov qeyd edib.
Q.Məmmədovun sözlərinə görə, şirkətin rəhbərliyi onunla görüşüb, problemini dinləmək istəmir. Bir neçə dəfə cəhd etsə də, hər dəfə bir bəhanə ilə müraciəti geri qaytarılır:
“Məni ixtisara salanda özlərinə də bildirdim ki, Prezidentin göstərişi var, ixtisar zamanı şəhid ailəsinin üzvlərinə güzəşt olunmalıdır. Amma bu nəzərə alınmadı, heç baxılmadı”.
Şikayətçi deyib ki, işdən çıxarılarkən ondan aşağı vəzifədə işləyənlərə 7600 manat ödəniş edilib. Ona isə 5600 manat ödəniş etmək istəyirlər.
Neftçi Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və SOCAR prezidenti Rövşən Nəcəfə müraciət edərək vəziyyətin nəzərə alınmasını, işlə təmin olunmasını istəyib. Deyib ki, evdə işləyən olmadığından dolanışığı getdikcə çətinləşir, heç bir yerdən maddi köməyi yoxdur.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib ki, işçilərin ixtisarı zamanı işdə saxlamağa üstünlüyü olan şəxslər kateqoriyasında şəhid ailələrinin üzvləri də var.