SOCAR-dakı qohumlar

”Neft sahəsində çalışanlar arasında baytar, müəllim, aqronom da var”

Source:
SOCAR
SOCAR


”Neft sahəsində çalışanlar arasında baytar, müəllim, aqronom da var”

Bir neçə gün əvvəl Neftçala Rayon Elektrik Şəbəkəsinin rəisi Vurğun Şirəliyev işdən çıxarılıb. Bundan sonra enerji və qaz sahəsində çalışan Şirəliyev qardaşlarından birinin fəaliyyətinin araşdırılmasına başlanılıb.

Vurğun Şirəliyev abonentlərə əsassız cərimə yazılmasında, dövlət vəsaitinin səmərəsiz xərclənməsində ittiham olunur. Bununla belə, onun işdən çıxarılmasına səbəb kimi narazı şəhid ailələrinin prezident İlham Əliyevə müraciəti göstərilir.

Vurğun Şirəliyev SOCAR-ın Kompleks Qazma İşləri Trestinin rəisi İsgəndər Şirəliyevin qardaşıdır. İsgəndər Şirəliyev idarə rəisi təyin ediləndən sonra yaxın qohumlarını SOCAR-da işə düzəltdiyi deyilir.

Meydan TV eyni yerdə çalışan qohumların siyahısını əldə edib:

– Trestin Logistik bölümünün baş mühəndisi İ.Şirəliyevin bacısının həyat yoldaşı Ramiz Ağayevdi.

R.Ağayev əmək fəaliyyətinə traktor sürücüsü kimi başlayıb.



Trestin ekologiya şöbəsinin rəisi Zaur Qarayev isə Şirəliyevin kürəkənidir.


– Trestin mərkəzi mühəndis xidmətinin rəisi Anar Məmmədov da yaxın qohumdur.


– Qazma Departamentinin rəis müavini İsa Məmmədov Şirəliyevin qardaşı qızının həyat yoldaşıdır.


– 2585 saylı özülün təhlükəsizlik texnikasının mühəndisi olan Elvin adlı şəxs isə rəisin qardaşının kürəkənidir.


– Loqistika bölümündə İstehsalat Xidmət Bazasının rəis müavini Anar adlı şəxs Şirəliyevin dayısı oğludur.


– Neft Daşları bölümündə platformada qazma rəisi Aslan Əhədov yaxın qohumu, mərkəzi mühəndis xidmətinin rəisi Anar Məmmədovun bibisi oğludur.


– Nəliyyatda mühəndis Elton Əhədov qazma rəisi Aslan Əhədovun qardaşıdır.


– Şirəliyevin qudası isə Əli Əmirov adına Neft -Qazçıxarma idarəsinin rəis müavini vəzifəsindədir.


– Şirəliyev tələbə yoldaşı, yaxın dostu Umavir Bədəllini Abşeron İstehsalat Bölümünün rəisi təyin edib. Onun oğlu Vüsal Bədəlli isə trestin baş metroloqudur.


– Umavir Bədəllinin qardaşı Bədirxan Bədəllı təhlükəsizlik şöbəsinin rəisi işləyir. Umavir Bədəllinin bacısı oğlu Anar trestdə texnoloqdur. Ramiz adlı şəxs İsgəndər Şirəlinin qohumudur, Ələt istehsalat bölümünün rəisidir.

– Qohumlardan biri, Mirələkbər Əliyev müşavir, İ.Şirəliyevin tələbə yoldaşı Hikmət Həsənov isə Loqistika bölümünün rəisidir.


– Trestin Qazma Departamentinin rəhbəri Əli İsayevin də Şirəliyevin tələbə yoldaşı olduğu bildirilir. Digər tələbə yoldaşı Fazil Ramazanov isə trestin baş mühəndisidir.


– İ.Şirəliyevin qızına məxsus şirkətin isə neftçiləri yeməklə təmin etdiyi bildirilir.

Şirkətin məsul şəxslərindən biri Meydan TV-yə deyib ki, İ.Şirəliyevin əmri ilə vəzifəyə təyin edilən qohumlarının əksəriyyəti neft sahəsi üzrə kadr deyil:

“Trestdə çalışan mühəndislər arasında rus dili müəllimi və ixtisasca baytar olanlar da var. İşdən çıxarılan Vurğun Şirəliyevin də trestə bölmələrin birinə rəis gətiriləcəyi xəbərləri səsləndirilir”.

Kompleks Qazma İşləri Trestinin rəhbəri İsgəndər Şirəliyevlə əlaqə saxlamaq mümkün olmadı. Trestdən isə bildirildi ki, onlar bu məsələdə heç bir qəbahət görmürlər:

“Bizdə belə bir siyahı yoxdur. Kim kimin qohumudur, məlumatsızıq. Əgər qohumdularsa belə, hər kəs qabiliyyətinə, peşəsinə görə seçilib. Burada qəbahət yoxdur”.

“Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun 7.1 maddəsində deyilir:

“Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər”.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Meydan TV-yə deyib ki, SOCAR-ın əksər idarə və müəssisələrində peşəkar mütəxəssislər deyil, rəisin qohumları işə götürülür:

“Məsələn, “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İsgəndərovla Neft Daşları NQÇİ-nin rəisi yaxın qohum, yeznə-qayındılar. Neftqaztikinti Trestinin rəisi də İsgəndərovun qudasıdır. Ümumiyyətlə, İsgəndərovun qohumlarının əksəriyyəti neft sahəsində çalışır. Bundan başqa, “Azəriqaz” İstehsalar Birliyinin Əkbər Hacıyevin müavini Ruslan Əliyevin xeyli qohumu qaz sahəsində işləyir. Məhz qohumluq əlaqələrinə görə neft sahəsində qeyri-peşəkarlıq var. Nəticədə hasilat azalır, qəzalar baş verir”.

M.Qəhrəmanlı da təsdiqləyir ki, bu sahədə qeyri-ixtisas sahibləri çoxdur:

“Neft sahəsində baytar, fizika müəllimi, aqronom ixtisaslı işçilər var. Qazma Trestinin kadrlar şöbəsinin rəisi ixtisasca müəllimdir. Qohumların arasında peşəkar işçi də ola bilər. Amma müşahidələr göstərir ki, qeyri-ixtisas sahibləri olan qohumların ucbatından peşəkarlar ayrı-seçkiliyə məruz qalırlar”.

Ana səhifəXəbərlərSOCAR-dakı qohumlar