“Qanun deyir ki, belə şirkət ümumiyyətlə yoxdur. Bu o deməkdir ki, neft şirkətinin fəaliyyəti kökündən qanunsuzdur. Statusu yoxdur. Qanun onu deyir ki, Azərbaycanda belə şirkət qeydiyyatdan keçməyib”.
Hüquqşünas Əkrəm Həsənov iddia edir ki, hüquqi olaraq SOCAR adlı şirkət yoxdur. Onun sözlərinə görə, Mülki Məcəllənin 50.1-ci maddəsində hüquqi şəxsin öz təşkilati-hüquqi formasını göstərən adının olması tələb edilir. Lakin SOCAR-ın adında onun təşkilati-hüquqi forması göstərilməyib.
“Eyni zamanda eşidirik ki, Azərbaycan Dövlət Neft şirkəti. Və nə? Məhdud məsuliyyətli cəmiyyətdir, Səhmdar cəmiyyətidir? Nə? Adında bu yoxdur. Qanun da deyir ki, bu yoxdursa, belə hüquq subyekti, belə şəxs, belə şirkət yoxdur”.
SOCAR hüquqi olaraq yoxdursa, onun maliyyələşdirdiyi layihələr, imzaladığı müqavilələrin taleyi necə olacaq? Əgər şirkətin hüquqi əsassızlığı sübut olunarsa, o zaman Azərbaycanı nə gözləyir?
“Neft şirkətinin iştirak etdiyi bütün layihələrdir, müqavilələrdir, onların qüvvədə olması etibarlılığı dərhal sual altına düşəcək. Çünkü neft şirkətinin digər layihələrdə partnyorları biləcəklər ki, sən demə Neft şirkətində belə problem var. Ən sonda isə hansısa şirkətin təşkilatı hüquqi forması bəlli deyilsə, onun bütün öhdəliklərinə görə təsisçisi cavabdehdir. Bizdə də təsisçisi kimdir? Dövlətdir. Yəni bütün vurulan zərərlərə görə məsuliyyəti dövlət daşıyacaq”.
Əkrəm Həsənov hesab edir ki, bu sadəcə hüquqi bisavadlıqdır və şirkətin adında statusunun qeyd edilməsinin əhəmiyyətini belə izah edir:
“Dövlət Neft şirkətimizin beynəlxalq əlaqələri var. Müqavilələr bağlayır, sponsorluq edir. Sabah tutalım beynəlxalq aləmdə kimsə Neft şirkətini məhkəməyə verir. Aydın məsələdir ki, ona Azərbaycan məhkəmələri baxmayacaq. Çünkü Neft şirkətinin bağladığı müqavilələrdə bir qayda olaraq yazılır ki, Avropa məhkəmələrindən biri. Həmin məhkəmədə birinci növbədə müəyyənləşdirməlidir ki, bu Neft şirkəti kimdir? Qaldıracaqlar bütün sənədləri, görəcəklər ki, hüquqi forması yoxudur. Deyəcəklər ki, bəs sən kimsən? Birincisi, dünyada Azərbaycanın hüquq sistemi üçün pisdir. Hamı biləcək ki, bizdə qanun filan yoxdur. Və birdə mənim dediyim məsələ bütün dünyada belədir. Xaricdəki bütün şirkətlərin adına baxın, hamısında təşkilati hüquq forması var”.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 1992-ci ildə prezident fərmanı ilə ”Azərineft” Dövlət Konserninin və ”Azərnefkimya” İstehsalat Birliyininin bazasında yaradılıb. Şirkətin idarəetmə strukturu isə 1993-cü il fevralın 26-da imzalanan sərəncamla təsdiq olunub. 1994-cü ildə şirkətin strukturunun təkmilləşdirilməsi ilə bağlı növbəti sərəcam imzalanıb və onun tərkibində bir neçə birlik yaradılıb.
ARDNŞ-in (SOCAR) nizamnaməsi isə 2003-cü il yanvarın 24-də imzalanan sərəncamla təsdiq edilib.
Fəaliyyət göstərdiyi dövr ərzində SOCAR bir çox layihənin sponsoru olub və xarici şirkətlərlə əməkdaşlıq edib. Şirkət “Bakı 2015” Avropa oyunları, “Avro 2016” futbol çempionatı ilə yanaşı ayrı-ayrı vaxtlarda futbol komandalarından tutmuş musiqi festivallarına qədər bir çox tədbirə sponsorluq edib. Ancaq şirkət sponsorluq layihələri üçün nə qədər pul xərclədiyini icitmaiyyətə açıqlamır.