SOCAR: 30 nəfər neftçi itkin düşüb (yenilənib)

Yanğından xilas olanlar Bakıya gətirilir

Source:


20.03. İtkin düşənlərin yaxınlarının yanında olan jurnalistlərin Meydan TV-yə bildirdiyinə görə, neftçilərdən birinin – Əli adlı şəxsin ölüm xəbəri gəlib, camaat çox pis vəziyyətdədir.


18.55. Haqqin.az Azərbaycan Dövlət Neft Şirkətindəki (SOCAR) mənbələrə istinadən xəbər verir ki, “Günəşli” yatağında baş verən yanğın nəticəsində 30 nəfər itkin düşüb. Hazırda 32 nəfər xilas edilib, 30 neftçinin isə axtarışı davam etdirilir.


Yanğından xilas olanlar Bakıya gətirilir


Günəşli yatağının 10-cu dərin dəniz özülündə baş verən yanğından

xilas olanlar hazırda Zığ limanına gətirilir. Bu barədə xilas olanlardan birinin – Bəxtiyar Zöhrab oğlu Ələkbərovun keçmiş iş yoldaşı, dostu Meydan TV-yə bildirib. Bəxtiyar Ələkbərovun 54 yaşı var, əslən İsmayıllı rayonundandır, platformada operator vəzifəsində çalışır.

Dostunun sözlərinə görə, Bəxtiyar Ələkbərov yanıq xəsarətləri alıb: “Özü ağlayırdı, danışa bilmirdi, ancaq onu deyə bildi ki, yoldaşlarım batdılar. Başqa platformada da qohumları işləyir. Bir də onlardan xəbərsiz olduğunu dedi. Yanındakı adamlardan öyrəndik ki, yanıb. Vəziyyətinin necə olduğunu gələndən sonra biləcəyik”.

Neftçilərin yaxınları Zığ limanı və  “Azneft” İB-də yaradılan qərargahla əlaqə yaradırlar. Onlara verilən məlumata görə, platformaya 2 xilasedici gəmi yaxınlaşıb, onların birinin içərisində 38, digərində 26 nəfər olub. Külək 38 nəfərin olduğu gəmini aşırıb. Bu zaman 2 nəfər platformadakı dəmir sütunlara dırmaşaraq xilas ola bilib. 4 nəfər yaralanıb, 1 nəfərin meyidi isə sudan çıxarılıb. Qalanlarının taleyi haqda məlumat yoxdur. 26 nəfərin olduğu gəmini isə külək dəmir dayaqlara çırpdığından xilas ola biliblər. Yalnız 2 nəfər ürək tutmasından dünyasını dəyişib.

Xilas olunanlar arasında qardaşının olduğunu deyən Elşən adlı şəxs də Meydan TV-yə onun yaralandığını söyləyib: “Hələ ətraflı məlumatımız yoxdur, ona görə də kimliyi haqqında bildirmək istəmirəm. Gəlsin, xəstəxanaya yerləşdirək, sonra danışarıq”.

Xəsarət alanların yaxınları xilasedicilərdən məlumat alırmışlar. Lakin 2 saata yaxındır ki, həmin şəxslərin telefonu da sönüb: “Elşad adlı xilasedicinin telefonu vasitəsilə xəbər ala bilirdik. Artıq onlara zəng çatmır. Ola bilsin telefonun enerjisi bitib. Hələ gəmi çatmayıb, ona görə də yaralıların hansı vəziyyətdə olduğunu bilmirik” – deyə Elşən bildirib.

Azərbaycan Dövlət Neft Şirkətindən deyilənlərə münasibət öyrənmək mümkün olmayıb.

“Azneft” İB-də yaradılan qərargahdan isə APA-ya bildirilib ki, yanğın baş verən platformada qalan işçilər sağ-salamatdırlar.

Həmçinin qərargahdan yaxınlarının taleyi ilə maraqlanan şəxslərdən birinə bildirilib ki, Neft Daşlarında batan 3 nəfərdən birinin meyidi tapılıb. Həmin şəxsin adı Bəhramdır.

Ana səhifəXəbərlərSOCAR: 30 nəfər neftçi itkin düşüb (yenilənib)