Ermənistanda Qarabağ müharibəsində həlak olanların üç günlük anımından sonra yenidən
etiraz aksiyaları
başlayıb. Müxalifət əvvəlkitək Baş nazirin istefasını tələb edir.
Müxalifət dekabrın 22-ni
“mübarizənin həlledici günü”
adlandırıb – Yerevanın əsas meydanında minlərlə adamın iştirakı ilə mitinq keçirilib. Aksiyada birləşmiş müxalif partiyaların liderləri, o cümlədən onların Baş nazirin vəzifəsinə yeganə namizədi Vazgen Manukyan çıxış edib. O, ordunu və polisi müxalifət hərəkatına qoşulmağa və Nikol Paşinyanın istefasına nail olmağa çağırıb. Təşkilatçılar etiraz aksiyalarının bundan belə sutka boyu davam edəcəyini bildiriblər.
Paşinyana qarşı təkcə paytaxt ayağa qalxmayıb. Baş nazirin ölkənin cənubundakı iri şəhərlərə getməyi planlaşdırdığını öyrənən yerli sakinlər dekabrın 21-də Yerevanı Qoris (Gorus) şəhəri ilə birləşdirən nəqliyyat
arteriyasını kəsib
. Paşinyan səfərini ləğv etməmək üçün qarşısı kəsilmiş yolların üzərindən vertolyotla uçmalı olub. Dekabrın 24-də səhər Paşinyana yenə getməyə mane olmaq istəyiblər – bu dəfə Yerevana. Fəallar Baş nazirin maşınının Nazirlər Kabineti ərazisindən çıxa bilməməsi üçün yolu kəsiblər. Kortej yenə də kütləni yara bilib, bu zaman polislə toqquşmalar baş verib, 69 adamın saxlanılması barədə məlumat yayılıb.
Yerevanda etirazın mərkəzi Respublika meydanı olub. Burda çadır şəhərciyi qurulub, qazonda Paşinyanın portreti ilə plakatlar var, onların üzərində bu sözlər yazılıb: “Xalq düşməni”. Meydanda xitabət kürsüsü qurulub, yanında isə soba və onlarla çəllək var, orda axşamlar isinmək üçün ocaq qalayırlar. Talvarların altında müxalifət tərəfdarlarına çay və qəhvə dəmləyib paylayırlar.
Dekabrın 23-də gecəyarısı Respublika meydanında yüzə yaxın adam olub, lakin sulu qar yağdığından onlar evlərinə dağılışmağa başlayıblar, səhərə yaxın 50-yə yaxın adam qalıb,- etiraz edənlərdən biri, yerevanlı Albert “Kavkazski uzel”in müxbirinə deyib.
Fəalın dediyinə görə, insanların isinə bilməsi üçün sobanı bura evdən o gətirib.
“Ya mən həbs olunanadək, ya da Baş nazir istefa verənədək sobanın meydanda qalacağını əhd etmişəm. Şəxsən mən Vazgen Manukyanın tərəfdarı deyiləm, lakin bircə şey bilirəm – Paşinyan istefa verməli və ölkəmlə xalqımı dinc buraxmalıdır. Bununla belə, əvvəlki elitadan kiminsə vəziyyətdən sui-istifadə edib hakimiyyətə gəlməsinə yol verməmək lazımdır. Nə Serj Sarkisyan, nə Robert Koçaryan, nə də Nikol Paşinyan ölkəyə rəhbərlik etməlidir. Odur ki, Vazgen Manukyan ən əlverişli namizəddir”, – Yerevan sakini qeyd edib.
Vazgen Manukyan – Milli-demokrat ittifaqının rəhbəridir. Erməni müxalifətinin bir hissəsi dekabrın 3-də onu öz namizədi elan edib.
Aksiya iştirakçıları hesab edirlər ki, Manukyanın hökumətdə və Müdafiə Nazirliyində liderlik təcrübəsi onun xeyrinədir.
Sabiq yol polisi əməkdaşı, təqaüdçü Robert Zakaryan “Kavkazski uzel”in müxbirinə deyib ki, o, müxalifətin bir aksiyasını belə buraxmır, lakin sağlamlığı meydanda gecələməyə imkan vermir.
“Biz qələbə çalanadək, Paşinyan istefaya gedənədək mən bura gələcəm. Ermənistana böhranlı vəziyyəti idarə vərdişləri olan yeni rəhbər lazımdır. Vazgen Manukyan ölkəni belə bir vəziyyətdən çıxara biləcək siyasətçidir. Onun müvafiq təcrübəsi var. 1990-cı illərdə biz Arsax müharibəsində (Dağlıq Qarabağ – “Kavkazski uzel”in düzəlişi) qalib gələ bildik, o zamansa bizim nə silahımız, nə də ordumuz vardı. Manukyan qələbə üçün hər şeyi təşkil edə bildi”, – təqaüdçü “Kavlazski uzel”ə bəyan edib.