“Bəşir Süleymanlının qəza zamanı aldığı xəsarətlərinin yerlərində, Anar Məmmədlinin isə gözlərində, mədəsində və ayaqlarında ağrılar yaranıb”
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDTM) fəaliyyət göstərə bilmir. Bu barədə mediaforum.az saytına açıqlama verən mərkəzin koordinatoru Samir Kazımlı bildirib ki, hakimiyyətin müstəqil QHT-lərə basqıları nəticəsində SMDTM fəaliyyətini dayandırmağa məcbur olub: “QHT qanunvericiliyinə edilən dəyişikliklərdən sonra təşkilatın fəaliyyət göstərməsi qeyri-mümkündür. SMDTM dövlət qeydiyyatına alınmayıb. Onunla tərəfdaş olan təşkilatların bank hesablarına isə həbs qoyulduğu üçün təşkilat xeyli müddətdir heç bir layihə həyata keçirə bilmir, donorlardan maliyyə almaq imkanları tam məhdudlaşdırılıb. Maliyyə olmadan təşkilatın ofisini və əməkdaşlarını saxlamaq mümkün deyil. Bu səbəbdən də SMDTM-lə əməkdaşlıq edən şəxslər başqa yerlərdə özlərinə iş taparaq orda işləməyə başlayıblar”.
Koordinator əlavə edib ki, ölkədə insan hüquqları sahəsində islahatlar aparılmasa, qanunlar liberallaşdırılmasa və müstəqil QHT-lərin fəaliyyətinə yaradılan məhdudiyyətlər aradan qaldırılmasa, SMDTM ölkədə keçirilən heç bir seçkinin müşahidəsini aparmayacaq: “Hazırkı vəziyyətdə təşkilatın fəaliyyətini davam etdirməsi üçün şərait yoxdur. Vəziyyət belə davam edəcəyi halda əsassız ittihamlarla həbs edilən Anar Məmmədli və Bəşir Süleymanlı azadlığa çıxandan sonra xaricdə təhsillərini davam etdirəcəklər. Həbsdən öncə onların belə bir istəkləri var idi. Anar Məmmədli təhsilini xaricdə davam etdirmək üçün konkret addımlar da atmışdı”.
Samir Kazımlı Anar Məmmədlinin və Bəşir Süleymanlının səhhətlərində problemlərin yarandığını da qeyd edib: “Bəşir Süleymanlı bir neçə il öncə ağır avtomobil qəzası keçirib və qəza zamanı aldığı ağır xəsarətlərin fəsadları hələ də qalmaqdadır. Son günlər havaların soyuması ilə əlaqədar Bəşir Süleymanlının qəza zamanı aldığı xəsarətlərinin yerlərində şiddətli ağrılar yaranıb. Anar Məmmədlinin isə gözlərində, mədəsində və ayaqlarında ağrılar yaranıb. Onların hər ikisinin ciddi müalicəyə ehtiyacı var”.