“Sizə son dərəcə məxfi məlumat çatdıracam”

Hərbi jurnalist Üzeyir Cəfərov Ramiz Mehdiyevə açıq məktub ünvanladı

Source:


Hərbi jurnalist Üzeyir Cəfərov Ramiz Mehdiyevə açıq məktub ünvanladı

Ehtiyatda olan polkovnik-leytenant, Azərbaycanın ilk zabit hərbi jurnalisti Üzeyir Cəfərov Prezidenti Administrasiyasının rəhbəri

Ramiz Mehdiyevə açıq məktub ünvanlayıb.

Məktubda avqustun 29-da Ramiz Mehdiyevin KİV rəhbərləri ilə keçirdiyi müşavirədən söz açılıb: “İnformasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məsələlərin müzakirəsinə həsr olunmuş həmin müşavirədə siz geniş məruzənizdə mənimlə bağlı da bəzi fikirlər, ciddi ittihamlar səsləndirmisiniz.

Sizə ünvanladığım bu Açıq Məktub da məhz tərəfinizdən mənim şərəf və ləyaqətimə toxunan məqamlara aydınlıq gətirilməsi məqsədiylə yazılmışdır. Müşavirə ilə bağlı sizə ünvanladığım cavabımda da qeyd etmişdim ki, mənimlə bağlı məlumat hazırlayan şəxs və ya şəxslər Azərbaycan ictimaiyyəti qarşısına çıxaraq ortalığa ya konkret faktlar qoymalıdırlar, ya da sizə yanlış və qərəzli məlumat hazırladıqlarına görə ən azından üzr istəməli, ya da tutduqları yüksək dövlət postuna layiq olmadıqlarına görə Prezident Adminstrasiyasından uzaqlaşdırılmalıdırlar”.

Hərbi jurnalist daha sonra yazır: “Xatırladım ki, sizə hazırladıqları məruzənin mətnində “bu gün də ayrı-ayrı “ekspertlər” Azərbaycan Silahlı Qüvvələrinin hərbi arsenalının say və texniki göstəricilərini mediada fəal müzakirə edir, KİV-lər ordunun ali komanda heyəti barədə şayiələr yayır, dövlətin hərbi sahədə siyasəti haqqında həqiqətə uyğun olmayan, qərəzli məlumatlar dərc edirlər. Məsələn, özünü “hərbi ekspert” kimi təqdim edən ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov … qərəzli, heç bir əsası olmayan iddialarla çıxış edir, silahlı qüvvələri, onun rəhbərliyini hədəfə götürür, müstəqillik dövründə milli ordu quruculuğu sahəsində görülmüş işləri gözdən salmağa çalışır və öz açıqlamaları ilə düşmənin maraqlarına xidmət edirlər” kimi çox ciddi ittihamlar göstərmişlər. Bunun nə vaxt və harada olması ilə bağlı isə bir dənə də olsun əlahəzrət fakt göstərməmişlər.

Mən dəqiq bilirəm ki, bunu hazırlayan şəxslər çox bağışlanılmaz kobud səhvə yol veriblər və bir daha bəyan edirəm, onlar bu hərəkətləri ilə birinci növbədə sizi aldadıb və ölkə ictimaiyyətinə həqiqətə uyğun olmayan yalan məlumatların çatdırılmasına uğursuz cəhd ediblər”.

Üzeyir Cəfərov məsələnin araşdırılması üçün Ramiz Mehdiyevlə görüşmək istədiyini də vurğulayıb: “Hörmətli Ramiz müəllim! Sizdən çox xahiş edirəm ki, məni qəbul edib, müşavirədə mənə yönəlik ciddi ittihamlarla bağlı sizə məlumat hazırlayan şəxslərin iştirakı ilə bu məsələni araşdırasınız. Onu da diqqətinizə çatdırmaq istərdim ki, yuxarıda səslənən ittihamlar əgər təsdiqini taparsa, elə Sizin qəbulunuzda barəmdə cinayət işinin açılmasına və hətta həbsə alınmağıma hazır olduğumu tam rəsmi olaraq bəyan edirəm.

Şüurlu sürətdə özümə zabitlik kimi şərəfli bir peşəni seçdim. 25 ilə kimi bütün vəzifələrdə alnı-açıq, üzü ağ xidmət etdim. Baxmayaraq ki, dəfələrlə bəzi mənsəbpərəst və vəzifə hərisləri, əldən natəmiz şəxslər məni şərləmək istədilər, qondarma cinayət işləri açdılar, amma onlar öz çirkin məqsədlərinə nail ola bilmədilər. İndi isə onlar mənimlə bağlı guya ordu barədə həqiqətə uyğun olmayan məlumatlar yaymaqda ittiham etməkləri azmış kimi, hətta məni əclaf və yaramaz ermənilərə işləməkdə günahlandırmağa çalışırlar. Özü də bunu o adamlar etməyə çalışırlar ki, Sizin yaxın ətrafınızda lövbər salıb, Qarabağ savaşının ən ağır dönəmlərində xaincəsinə qorxaraq Azərbaycanı tərk etmiş, öz havadarlarının arxasında gizlənmişdilər. Ən dəhşətlisi isə odur ki, onlar mərhum eks-prezident Heydər Əliyevin dönəmində həyata keçirə bilmədikləri bəzi naqislikləri,saxtakarlıqları etimadından və etibarından sui-istifadə etdikləri hazırkı dövlət başçısı İlham Əliyevin vaxtında həyata keçirməyə çalışırlar. Çox əfsuslar olsun ki, onlar ölkə başçısına, Azərbaycan xalqına öz vicdanlı xidmətləri ilə nəyə qadir olduqlarını sübut etmək əvəzinə tamam başqa yol tutublar. Onsuz da çox tezliklə Sizə demək istədiyim və hələ haqqında danışmadığım çoxlu sayda məsələlər açılacaq və onda yalan, şər-böhtan yolu tutanlar çiyinlərində general rütbəsi daşımalarına baxmayaraq qanun qarşısında cavab verməli olacaqlar.

Tam məsuliyyətimlə bir daha bəyan edirəm ki, mənim tərəfimdən indiyə kimi bir dəfə də olsun hərbi və ya dövlət sirrini təşkil edən məlumatlar yayılmayıb və bunun olması belə mümkün deyil. Guya ali komanda heyəti barədə şayiələr yaymağıma gəlincə, nəyin şayiə olmasını da çox istərdim ki, sizin qəbulunuzda olarkən açıqlasınlar”.

Üzeyir Cəfərov məktubunda yaranan anlaşılmazlıqların haradan qaynaqlandığına da toxunub: “Sizin müavininiz vəzifəsində olan general-leytenant Vahid Əliyev ölkə başçısını xaincəsinə aldadaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında rabitə üzrə zabit vəzifəsində olarkən fərarilik etmiş, hazırda isə general-mayor rütbəsində olan Taptıqov Rövşən Ağagül oğlunu öz yanında xidmətə düzəltmişdir. Bu nonsensdir. Çox üzr istəyirəm, biabırçılıq və cinayət tərkibli əməldir. Bəlkə də siz bilmirsiniz, amma bu şəxs vaxtıykən təhsil aldığı Y.Andropov adına Hava Hücumundan Müdafiə Hərbi-Siyasi Məktəbindən olan çoxlu dostlarını və tanışlarını son bir il ərzində müdafiə naziri general-polkovnik Zakir Həsənova MN sistemində yüksək postlara təyin etdirmişdir. Bəlkə bu açıqlamalarım və digər sadaladığım acı həqiqətlərdir bu general rütbəsini daşıyan, sizə yalan məlumatlar verən şəxs(lər)i narahat edən?

Hörmətli Ramiz müəllim! Mən hər zaman dövlətimə, dövlətçiliyimə və onun Sılahlı Qüvvələrinə sadiq olmuşam. Erməni kimi zalım və məkrli düşmənlə üzbəüz müharibədə əlimdə avtomat silah əsgər və zabitlərimlə kişi kimi mərdi-mərdanə döyüş yolu keçmişəm. İndi isə mənim guya erməni dəyirmanına su tökmək kimi son dərəcə çirkin və mənfur bir ittıhamla günahlandırılmağım təkcə mənim şəxsimə deyil, bütün məni tanıyan hərbçi dostlarıma, ailə üzvlərimə və sayı on minlərlə olan Qarabağ savaşının iştrakçıları olan insanlar üçün həqarət və ağır təhqirdir. Məhz ona görə də, özümün və ailə üzvlərimin, yüz minlərlə məni tanıyan əsgər və zabitlərin şərəfini qorumaq üçün sizdən xahiş edirəm ki, bu məsələ tam şəkildə və hərtərəfli araşdırılsın və ortada olan narahatçılığa son qoyulsun. Sonda onu da qeyd etməyi vacib bilirəm ki, mənim Füzuli döyüş briqadasının komandir müavini kimi mərhum dövlət başçısı Heydər Əliyevə 1994-cü ilin mart ayında cəbhə bölgəsində şəxsən bütün Silahlı Qüvvələrin zabit və

generalları qarşısında etdiyim məruzə və onun söylədikləri dəyərli sözlər bu gün də PA-nın video arxivində saxlanılır. Heç olmasa, sizə yanlış və əssasız məlumat hazırlayan şəxslər o kadrlara baxıb utansaydılar, yaxşı olardı”.

Hərbi jurnalist R.Mehdiyevlə görüşərsə, məxfi məlumatlar da açıqlayacağını qeyd edib: “Qismət olarsa, sizə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə məruzə olunmaq üçün son dərəcə bəzi məxfi məlumatları, faktları da çatdıracam.

İnanmaq istərdim ki, yaxın vaxtlarda Siz uyğun bildiyiniz bir vaxtda məni qəbul edib, dinləyəcəksiniz. Ondan sonra isə qərar Sizin olacaq”.

Ana səhifəXəbərlər“Sizə son dərəcə məxfi məlumat çatdıracam”