Dekabrın 15-də Nərimanov adına NQÇİ-nin estakadasının uçması nəticəsində 9 nəfər itkin düşüb, 1 nəfərin cəsədi tapılıb. Oxşar hadisə ötən il dekabrın 4-də baş verib. Həmin vaxt dənizdə baş verən faciə 32 nəfərin həyatına son qoyur.
Neftçilər niyə qəzaya uğrayır? Meydan TV bu sualla Bakı sakinlərinə müraciət edib.
-Bunun əsas səbəbi o ola bilər ki, aidiyyətli olan orqanlar, təşkilatlar işə düzgün yanaşmırlar. Məsələn, orada nəyinsə vaxtı keçibsə, vaxtında nəzarət olunmalıdır. Nəzarətçi kimdirsə, deməli, o, yerində deyil. Necə ki, indiki ölkədə əksəriyyət elədir. Bu, məmur özbaşınalığıdır.
-Nə bilim, yəqin ki, təhlükəsizlik düzgün təmin olunmur. Mən belə düşünürəm.
– Texniki təhlükəsizlik qaydaları pozulur. Köhnə avadanlıqdır, vaxtında yoxlamırlar, xəbərdarlıq etmirlər. Görünən dağa nə bələdçi?
– Çünki onların müdafiəsi tam təmin edilməyib. Deyildi ki, onların köşkü dağılıb. Həmin o köşk yaxşı təmir olunsaydı, yaxşı müdafiə olunsaydılar, belə olmazdı. Yəni onların həyat şəraitinə yetəri qədər diqqət ayrılmır.
– Səbəbi təbii hadisələrdir. Heç kimin iradəsindən asılı olmayan təbii hadisələr. Ölüm də Allahın qəzasıdır da, gəlib. Allah rəhmət etsin.
-Mənə elə gəlir ki, Azərbaycanda sırf bu işlə məşğul olanlar işçilərin taleyinə çox da məhsuliyyətlə yanaşmırlar. Məsələn, sosial şəbəkələrdə də baxırsan ki, SOCAR-ın binasının qiymətini vurğulayırlar. Amma işçilərin təhlükəsizliyini təmin etmək üçün ən adi qaydalara riayət olunmur. Halbuki, əslində əsas işi görən onlardır. Yəni bütün mahiyyət bundan ibarətdir. Azərbaycanda məmurlar, hökumətin bəzi nümayəndələri, işçilərin həyatına, sadə xalqın şəxsi həyatına çox hörmətsiz yanaşırlar. Səbəb bundan ibarətdir.
-Səbəb çox şey ola bilər. Ola bilsin ki, texniki baxımdan düzgün nəzarət olunmur. Yəni, burada səhlənkarlıq daha çox ola bilər. Amma qəzadır, baş verib. Dənizdirsə, normal haldır.
– Böyük ehtimalla düzgün tədbirlər görülməyib. Çünki keçən dəfə bildik ki, külək nəticəsində, estakadanın aşması nəticəsində olmuşdu. Bu il də təkrar hadisə oldu. Yəqin ki, düzgün təhlükəsizlik tədbirləri görünməyib.
– Çünki onlara yaxşı qiymət verilmir. Keçən il də bu hadisə baş verdi, bu il də. Adamın onlara yazığı gəlir. Hamısı ailəsiz qaldı, başlı başına qaldı.
– Mən nə bilim, ay xanım? Onu deyə bilmərəm.
– Bizlik deyil.
-Səhlənkarlıq, səhlənkarlıq, yenə səhlənkarlıq…