Aksiyalar zamanı ölən olmayıb, yaralılar var
Hazırda Siyəzəndə vəziyyət gərdindir. Yenidən qarşıdurma başlayıb. Rayon sakinləri polisin bağladığıı beton yolu açaraq binaları daşlayırlar. Şəhərdəki “Xalq Bank”ın binasının şüşələri sındırılıb. Yenidən rezin güllələr atılır.
Meydan TV-yə bu barədə məlumatı rayonda olan jurnalistlər verib. Məlumatda bildirilir ki, dövlət obyektləri, İcra Hakimiyyəti başçısının evi polis qüvvələri tərəfindən qorunur. Şəhərə giriş-çıxış nəzarətə götürülüb.
Gün ərzində baş verən hadisələr zamanı ölən olmayıb, hansısa qadının özünü məscidinün önündə yandırması ilə bağlı yayılan xəbərlər yalandır: “Amma xeyli sayda döyülənlər, yaralılar var. Bir neçə polis də xəsarət alıb. 30 yaxın adam polis şöbəsinə aparılıb, döyüldükdən sonra buraxılıb. 60-dan artıq etirazçının isə Bakıya aparıldığı bildirilir”.
Verilən məlumatda o da qeyd olunur ki, Siyəzənin icra başçısı ailəsi ilə birlikdə şəhəri tərk edib:
“Yanvarın 12-də bir qrup şəxs icra başçısının qəbuluna gedərək, ondan iş yerlərinin açılmasını istəmişdi. İcra başçısı isə deyib ki, o, Siyəzənə iş yeri açmağa yox, şəhəri yaşıllaşdırmağa gəlib. Bundan sonra narazılar aksiyaya qərar veriblər. Hazırda icra başçısının şəhərdə olmadığı deyilir”.