Siyəzən sakinləri: Hansı əsrdə yaşayırıq ki, binada cəmi bir ayaqyolu olsun?

Üfunət iyindən burada heç kim yaşamaz, amma biz imkansızlıqdan dözüb yaşayırıq

Source: Specify Source


“Belə çıxır ki, bizi adam saymırlar”

“Həyatımızdan bezmişik, kasıblıq, səfalət bir yandan, digər yandan da uçuq-sökük, xəstəlik mənbəyi olan köhnə binada yaşayırıq. Yayda üfunətin, anti-sanitariyanın, bit-birənin əlindən burada yaşamaq olmur. Tualetin iyindən evin içində başımız çatlayır. Hər gün vedrə-vedrə su daşıyıb, ayaqyolunu yuyuram, amma heç bir faydası yoxdur ”.

Bu sözləri Meydan TV-yə Siyəzən Mənzil İstismar Sahəsinin balansında olan 1 saylı fəhlə yataqxanasında məskunlaşan Xuraman Nurməmmədova deyir. O, şikayət edir ki, yaşadıqları binanın problemləri saymaqla bitmir:

“Qarşıdan qış gəlir, amma illərdir bu binada qaz yoxdur. Elektrik enerjisi ilə də otaqları istimək bizə baha başa gəlir. İşığa verdiyim pula, ət alaram, balalarım yeyər. Gecələr süpürgəçi işləyirəm, aldığım qəpik-quruşu da işığa versəm, gərək acından ölək. Binanı təmir etmək, bura qaz xətti çəkmək istəmirlər. İmkanımız olsa, belə şəraitdə yaşamağı özümüzə rəva görmərik. Çox xahiş edirəm, bizə köməklik etsinlər”.

image_from_ios (4).jpg
“İmkanımız olsa, belə şəraitdə yaşamağı özümüzə rəva görmərik”

“Binada əvvəllər qaz olub, sonralar Siyəzən Mənzil İstismar Sahəsinin balansına verilən kimi gəlib, qazımızı kəsdilər. Yalandan da bəhanə gətirdilər ki, guya binaya qaz vermək təhlükəlidir. Dəfələrlə icra hakimiyyətinə müraciət etmişik, lakin heç bir nəticəsi olmayıb. Belə çıxır ki, bizi adam saymırlar. Burada körpə uşaqlarımız böyüyür, vəziyyət gündən-günə daha da pisləşir, anti-sanitariya baş alıb gedir. Bit-birə, xəstəlik mənbəyidir. Sabah mənim uşağım xəstələnsə, yaxın durub, 1 manat pul verən olmayacaq. Bütün bunlara dözmək olar, heç olmasa, qazımızı bərpa etsinlər”, – bina sakini Gülarə Nəzərova deyir.

Sakinlərin söylədiyinə görə, ikimərtəbəli binada on beş ailə yaşayır. Hər ailədə də 3-4 uşaq var. Binanın sanitar qovşağı bir olduğu üçün təmizliyə riayət etmək də çətinləşir:

“Hamamımız yoxdur, evdə su qızıdırıb, uşaqları vannada yuyundururuq. Kimin də qohum-əqrabası varsa, onun hamamına gedir. İndi siz təsəvvür edin, hərəsində ən azı 4 nəfər olan ailə hamı bir ayaqyoluna gedir. Çox ağır şəraitdə yaşayırıq, bina çox köhnədir, məcburiyyətdən burada qalırıq, kimin imkanı varsa, mənzilində orta şərait yaradıb. Hansı əsrdə yaşayırıq ki, böyük binanın bir ayaqyolu olsun? Üfunət iyindən burada heç kim yaşamaz, amma biz imkansızlıqdan dözüb yaşayırıq. Mənim evim yoxdur, kirayə qalırdım, ayda 70 manat pul verirdik. Yoldaşım vərəm xəstəsidir, mən də astma. Uşaqlarımızın dərdindən gəlib, bu xəstəlik mənbəyində, dözülməz şəraitdə yaşayırıq”, – Rəna Muxtarova deyir.

image_from_ios (6).jpg
“Bit-birə, xəstəlik mənbəyidir”

Sakinlər söyləyirlər ki, Siyəzən Rayon İcra Hakimiyyəti nümayəndələri binanı təmirə saxladıqlarını deyiblər, lakin sonradan heç bir xəbər-ətər çıxmayıb:

“Ancaq yalandan vədlər verirlər, neçə ildir gözləyirik, amma gəlib, maraqlanan yoxdur. Bu bina ilə icra hakimiyyətinin arası piyada 10 dəqiqəlik yoldur. Amma orada oturanlar zəhmət çəkib, bina ilə maraqlanmırlar. Qış gəlir, qazımız yoxdur, yenə soyuqdan qırılıb batacağıq. İcra hakimiyyətinə müraciət etmişik ki, binaya sayğac quraşdırsınlar, biz də işlətdiyimiz qazın pulunu verək. Ona da bəhanələri var ki, bura təhlükəli yerdir”.

Siyəzən Mənzil İstismar Sahəsinin müdiri Vidadi Muradov Meydan TV- yə bildirib ki, binada məskunlaşan vətəndaşlar kirayə müqaviləsi imzalamırlar:

“Vətəndaş müqavilə imzalasa, vergi ödəyicisi olacaq. Onlar da vergi ödəmək istəmirlər. Qeydiyyat olmayanda da qaz problem üçün müraciət edə bilmirlər. Həmin binada mənzillər vaxtilə vətəndaşlara sığınacaq məqsədilə verilib. Hazırkı sakinlər sui-istifadə edirlər, otaqları mənimsəmək istəyirlər. Anlamırlar ki, özbaşnalıq deyil, dövlətin balansında olan bir idarədir. Mənzillər vətəndaşlara müvəqqəti sığınacaq məqsədilə verilib. Şəraitini yaxşılaşdır, sonra get, başqa yerdə yaşa. Bu günə kimi heç kim həmin binadan çıxarılmayıb, incidilməyib. Kimisə də oradan çıxarmaq fikrimiz yoxdur. Sadəcə, insaflı olmaq lazımdır, binanın pis vəziyyətə düşməyinin birinci səbəbkarı onlardır. Siyəzən Rayon Gigiyena və Epidemiologiya Mərkəzi binanın yaxınlığındadır, orada mütəmadi olaraq dərmanlanma işləri aparılır.

image_from_ios (7).jpg
“Ancaq yalandan vədlər verirlər, neçə ildir gözləyirik, amma gəlib, maraqlanan yoxdur”

Binanın yenidən təmir-bərpa olması məsələsi aktualdır. Çünki tikintinin vəziyyəti acınacaqlı durumdadır. Büdcədən vəsait ayrıldıqdan sonra restavrasiya işlərinə başlanılacaq. Bu il, yaxud iki ildən sonra olacaq deyə bilmirəm, amma təmir işləri gözlənilir”.

Siyəzən Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin şöbə müdiri, baş memar Səxavət Novruzov Meydan TV-yə binada təmir-bərpa işlərinin nəzərdə tutulduğunu deyib:

“Təmir asan başa gələn məsələ deyil. Bunun üçün gərək vəsait ayrılsın. Hazırda çoxmənzilli binaların təmiri ilə məşğuluq. Yəqin ki, ora da gəlib, çatarıq”.

image_from_ios (10).jpg
“Üfunət iyindən burada heç kim yaşamaz, amma biz imkansızlıqdan dözüb yaşayırıq”
Ana səhifəBölgəSiyəzən sakinləri: Hansı əsrdə yaşayırıq ki, binada cəmi bir ayaqyolu olsun?